Beynin “altıncı hissi”: yeni elmi baxış
Maraqlı
126
08:40, Bu gün

Beynin “altıncı hissi”: yeni elmi baxış

Beynin bədənlə əlaqəsini təmin edən interosepsiya sistemi ilə bağlı son araşdırmalar yüz illik elmi təsəvvürləri dəyişir.
 
XX əsrin əvvəlində britaniyalı neyrofizioloq Çarlz Şerrinhton interosepsiyanı daxili orqanlardan beyinə ötürülən zəif siqnallar toplusu kimi qiymətləndirmişdi. Lakin müasir tədqiqatlar bu sistemin çox daha geniş və kompleks məlumat axını yaratdığını göstərir.
 
Neyrobioloqların məlumatına görə, interosepsiya insanın gündəlik həyatda yaşadığı bir çox hisslərin əsasını təşkil edir. Ürək döyüntüsünün sürətlənməsi, sidik kisəsinin dolması və narahatlıq zamanı qarında yaranan gərginlik kimi duyğular birbaşa bu mexanizmlə bağlıdır. The New York Times yazır ki, Şerrinhton dövründə orqanlarla sinirlər arasındakı əlaqəni müşahidə etmək mümkün olmasa da, müasir texnologiyalar bu siqnalların bədənlə beyin arasında necə hərəkət etdiyini dəqiq şəkildə göstərir.
 
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, 2021-ci ildə Scripps Research mərkəzinin alimləri toxuma gərilməsini və təzyiqi hiss etməyə imkan verən “pyezo-reseptorlar”ı kəşf etdiklərinə görə Nobel mükafatına layiq görülüblər. Məhz bu reseptorlar siqnalları fasiləsiz olaraq beyinə ötürür, beyin isə nəfəsalma, qan təzyiqi, həzm və digər həyati prosesləri həmin axına uyğun şəkildə tənzimləyir. Hazırda alimlər bu siqnalların tam xəritəsini hazırlayaraq “interosepsiya atlası” yaratmağa çalışırlar. Məqsəd beynin qərarvermə mexanizmini daha dərindən anlamaqdır.
 
Tədqiqatlar göstərir ki, infeksiya və ya xəstəlik zamanı ilkin reaksiya verən də məhz beyindir. Alimlərin fikrincə, insan özünü xəstə hiss etdikdə bu hissi yaradan infeksiyanın özü deyil, beynin ona verdiyi reaksiyadır. Harvard Universitetinin neyrobioloqu Ketrin Dyulak bildirir ki, beyin infeksiya siqnalı aldıqda bədən temperaturunu qaldıra, yuxu ritmini dəyişə və iştahanı azalda bilər. Bu, orqanizmi qorumağa yönəlmiş adaptiv mexanizmdir. Beyin eyni zamanda öyrənmə prosesinə də təsir göstərir: bağırsaqlardan gələn müsbət siqnallar yeni qidanın faydalı olduğunu sübut edirsə, insan həmin qidaya qarşı daha çox maraq göstərir. Hətta sadəcə xəstə bir insanı görmək belə immun sisteminin aktivləşməsinə səbəb ola bilər.
 
Alimlər xəbərdarlıq edirlər ki, bəzən beyin interoseptiv siqnalları düzgün şərh etmir və bu, psixoloji pozuntuların yaranmasına yol aça bilər. Gələcək müalicə istiqamətləri arasında lazım olan siqnalların imitasiya edilməsi və beynin bu siqnalları düzgün tanıması üçün “yenidən proqramlaşdırılması” kimi yanaşmaların tətbiqi nəzərdən keçirilir.
 
Araşdırmalar interosepsiyanın bədənin görünməyən idarəetmə sistemi olduğunu göstərir. Bir əsr əvvəl sadə refleks sayılan bu mexanizm bu gün beynin ən mürəkkəb məlumat şəbəkələrindən biri kimi qiymətləndirilir və həm fiziki, həm də psixoloji sağlamlığın əsas açarlarından biri hesab olunur. 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər