Təbiətin ən dözümlü canlısı haqqında maraqlı faktlar
Maraqlı
953
25 Oct 2025 | 08:00

Təbiətin ən dözümlü canlısı haqqında maraqlı faktlar

Eşşək çox vaxt “adi yük heyvanı” kimi tanınsa da, onun xüsusiyyətləri elm və təbiət baxımından son dərəcə maraqlıdır.
 
Bu heyvan həm gücü, həm yaddaşı, həm də özünümühafizə instinkti ilə digər ev heyvanlarından kəskin şəkildə fərqlənir.
 
Zooloqların fikrincə, eşşək əhliləşdirilmiş heyvanlar içərisində özünüqoruma instinktini itirməmiş nadir növlərdəndir. Məsələn, at sahibinin istəyi naminə öz gücündən artıq yükü dartmağa çalışır, hətta özünü tükəndirə bilər. Eşşək isə yükün ağırlığını hiss edərək tərpənməməyə qərar verir – bu, onun inadından yox, təbiətin ona bəxş etdiyi ağıldandır.
 
Eşşəklərin yaddaşı da güclüdür. Onlar bir dəfə getdikləri uzun marşrutu illər sonra belə səhvsiz təkrarlaya bilirlər. Qədim zamanlarda məhz bu səbəbdən dəvə karvanlarının önündə eşşək gedərdi.
 
Bu heyvan aclığa və susuzluğa son dərəcə dözümlüdür, tikanlı bitkilərlə qidalanır, əlavə qayğıya ehtiyac duymur. Həm də mükəmməl mühafizəçidir — qoyun və keçiləri çaqqal, tülkü kimi yırtıcılardan qorumaqda fərqlənir.
 
Eşşəklərin fiziki gücü də heyranedicidir. Onlar fasiləsiz 8–10 saat işləyə bilir, öz çəkilərinin 100 faizinə qədər yük apara bilirlər. Maraqlıdır ki, heç bir eşşək çox işləməkdən ölməyib — çünki o, yorulanda dayanır. 
 
Eşşəklərin mənfi xüsusiyyətləri də var:
 
1. Tərsdir, inadkardır.
 
2. Tozluq görən kimi yıxılıb "ağnayır".
 
3. İnsana lazım olanda suya girmir.
 
Əvvəlcə bir zooloji məlumat:
 
Bu davranışları isə yanlış anlaşılır. Məsələn, “tozda ağnamaq” əslində təbii bir dezinfeksiya üsuludur: toz dəridəki nəmi alır, mikrobları məhv edir. Suya girməməsi isə qorxaq olması ilə yox, üzə bilmədiyini bilməsi ilə bağlıdır.
 
Tədqiqatçılar qeyd edirlər ki, eşşəklər özlərinə hörmət edən canlılardır — buna görə də sirk və ya yarış meydanlarında istifadə olunmur, amma atlara nisbətən iki dəfə çox yaşayırlar.
 
Eşşəyin parlaq gözləri, ağ muncuqlu dişləri və az su ilə kifayətlənməsi onun təbiətin ən maraqlı canlılarından biri olduğunu göstərir. /Musavat.com/
 
Link kopyalandı!
Son xəbərlər