ABŞ-ın Alabama ştatından olan Rudolf Martino dünyanın ən uzun saqqalına sahib kişi kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Rudolf 10 ildən çoxdur saqqalını uzatmağa başlayıb. Onun başındakı saçlar artıq formaya salınmışdı və o düşünürdü ki, üzündəki tükləri də uzadaraq yeni bir üslub yaradacaq. Bu üslub isə mədəniyyətdən ilhamlanaraq onun dünyaya öz həqiqi “mən”ini göstərməsinə imkan verəcək.
O bilmirdi ki, təxminən 10 il sonra dünyanın ən uzun təbii saqqalına sahib olan şəxs kimi “Ginnesin Rekordlar Kitabı”na namizəd olacaq. Onun saqqalı 1,06 metr uzunluğundadır.
Rudolfun saqqalı dünyanın ən alçaq boylu qadını, 62,8 sm boya sahib Cioti Amgenin boyundan 30 sm-dən çox uzundur.
Rudolf deyib ki, məqsədi sabit saç və saqqalla müasir bir obraz yaratmaq idi, bu obraz dünya arenasında təmiz və təqdimatlı görünsün:
“İndi buna nail olmuşam. Əvvəlcə saçlarım sadəcə formaya salınmışdı, amma illər ərzində mən müxtəlif mədəniyyətləri məsələn, Misir, Hindistan və müxtəlif dinləri diqqətlə öyrəndim ki, min illərdir mövcud olan bir obrazı yaradım və ora öz rəngimi əlavə edim. Saqqalımdakı hörüklər Hindistanın müqəddəs insanlarından, həmçinin öz üslubunu Hindistandan götürən yamaykalı rastafarianlardan ilhamlanıb”.
Rudolf hazırda Alabama ştatının Birminqem şəhərində yaşayır. O, 2015-ci ildə Kaliforniyadan köçüb, orada müğənni, rəqqas və ağır atlet kimi fəaliyyət göstərirdi. İndi isə o, peşəkar biliyard oyununa maraq göstərir və biliyard oyunçularının imicini daha sağlam bir obraz kimi dəyişməyi hədəfləyir.
Rudolf deyir ki, uzun saqqalına görə idmanla məşğul olarkən və ya biliyard oynayarkən hörüklərini yığmağa məcbur olur. Amma imkan olduqda öz üslubunu nümayiş etdirməyi sevir. Saçlarının gücünü, bütövlüyünü və görünüşünü qorumaq üçün onlara xüsusi qayğı göstərir.
O, saqqalını hər iki həftədən bir diqqətlə yuyur, baxmayaraq ki, saçların tam quruması iki-üç gün çəkə bilər. Bundan əlavə, ayda bir dəfə bərbərə gedərək saqqalına qulluq etdirir. Həmçinin gündə bir dəfə xüsusi nəmləndirici krem çəkir ki, tüklər hər zaman ən yaxşı formada görünsün.
Onun titulu “Ginnesin Rekordlar Kitabı”nda rəsmi şəkildə təsdiqlənəndə, Rudolf saç ustası ilə birlikdə kiçik bir şənlik keçirdi və bu nailiyyəti qəbul edərkən onların “çox xüsusi bir anı” bölüşdüklərini söylədi.
Rudolfun sözlərinə görə, ona müxtəlif cür yanaşırlar, bəziləri şübhə ilə, bəziləri isə rahatlıqla baxır:
“Dünyada çoxlu qərəzlər və xurafatlar var. Yaxınlarda Kaliforniyada The Crown Act 2019 adlı qanun layihəsi qəbul edildi, hansı ki, saçla bağlı ayrı-seçkiliyə qarşı mübarizə aparır, amma o, federal səviyyədə keçmədi. Heç kimin təbii saçına qarşı diskriminasiya olmamalıdır. Mən, afroamerikalı olaraq, saç üçün türban və örtüklə icazə verilən sərhədləri aşmışam. Buna görə də reaksiya bəzən çaşdırıcı olur və Alabama ştatının Birminqem şəhərində yaşadığım üçün bu, bəzən demək olar ki, küfr kimi qəbul edilir. Amma hər şeydən əvvəl saçlarım və saqqalım müxtəlif reaksiyalara səbəb olur, lakin bu mənim üçün yaxşıdır, mən öz üslubumu sevirəm!”.
Başqalarının reaksiyasına baxmayaraq, Rudolf deyir ki, o, saqqalını kəsməyi planlaşdırmır və bunu onun saç düzümlərinin ona güc verməsi ilə izah edir:
“Necə ki, bir ağacın kökləri, budaqları, yarpaqları və bəzi meyvələri olur, mənim də saçım onun kökləri, uzunluğu və gücü ilə rəmzdir. Dünyaya gətirdiyim meyvələr isə mənim yaradıcılığım, təcrübəmi bölüşməyim və dünyanı daha yaxşı, daha şirin və daha dözümlü bir yaşayış yeri etmək üçün göstərdiyim qayğımdır”.
(Lent.az)