Utrext Universitetinin yeni araşdırması göstərib ki, yeniyetmələrdə internet asılılığı beynə zərər verir, amma bunun qarşısını almaq mümkündür.
Araşdırmalar təsdiqləyir ki, gənclərin sosial şəbəkələrdən asılılığı geniş yayılmış problemdir və beynin inkişafına ciddi təsir göstərə bilər. Lakin Utrext Universitetinin alimlərinin yeni kəşfi valideynlər üçün sadə, amma təsirli bir qaydanı üzə çıxarıb: bu qayda asılılığın qarşısını xeyli dərəcədə ala bilir.
Asılılıq özünüidarəyə ziyan vurur
Məsələ kifayət qədər geniş yayılıb. Kembric Universitetinin 2024-cü ildə keçirdiyi sorğuda 19 min gəncdən 57 faiz qız və 37 faiz oğlan özlərində “lentləri fasiləsiz sürüşdürmə” vərdişini etiraf ediblər. Daha da narahatedici məqam odur ki, beyin skanları göstərib: internet asılılığı yeniyetmələrdə özünüidarə, düşüncə çevikliyi, yaddaş və problemləri həll etmə bacarığına cavabdeh beyin sahələrinə zərər vura bilər.
Tənqidi yaş: 12 yaşa qədər
Valideyn nəzarəti əsas faktor sayılsa da, Utrext Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, bu nəzarətin effektivliyi onun tətbiq olunma vaxtından birbaşa asılıdır. Alimlər 315 yeniyetmə və onların valideynlərinin məlumatlarını təhlil edərək sosial şəbəkələrdən istifadəyə dair qaydalarla asılılıq səviyyəsi arasında əlaqəni araşdırıblar: risk yalnız o halda azalır ki, valideynlər məhdudiyyətləri uşaqlar 12 yaşına çatmamış tətbiq etsinlər.
Gecikmiş məhdudiyyətlər faydasız ola bilər
Tədqiqatçılar nəticəyə gəliblər ki, qaydalar problemin artıq mövcud olduğu hallarda yox, yalnız qarşısının alınmasında işləyir.
12-15 yaş arasında tətbiq olunan məhdudiyyətlər asılılıq səviyyəsinə ciddi təsir göstərməyib. 15 yaşdan sonra sosial şəbəkələrə nəzarəti gücləndirmək cəhdləri isə əksinə, asılılıq riskini artırıb. Bu, çox güman ki, müstəqillik ehtiyacının artması və qaydaları pozmaq istəyilə bağlıdır.
Beləliklə, problem artıq yaranıbsa, qaydaların təsiri məhduddur. Əsas qayda isə sadədir: məhdudiyyətlər zərərli vərdişlər formalaşmamışdan əvvəl yəni 12 yaşına qədər tətbiq olunmalıdır.