Bizi sosial şəbəkələrdən izləyin:
Müntəzəm fiziki aktivlik bioloji yaşı etibarlı şəkildə azaldır, lakin ən nəzərəçarpacaq təsir məşqə erkən başlayanlar və dözümlü olanlarda müşahidə olunur. Alimlər insanlar və heyvanlar üzərində aparılmış onlarla araşdırmanın təhlili nəticəsində belə qənaətə gəliblər.
Elmi icmal "Aging" jurnalında dərc olunub.
Nəticələr göstərib ki, fiziki aktivlik "epigenetik saat"ı - orqanizmin əsl bioloji yaşını təyin edən molekulyar mexanizmləri ləngidir. Xüsusilə nəzərəçarpan dəyişikliklər qanda və skelet əzələlərində müşahidə olunur; aktiv insanlarda bu orqanlarda hüceyrə strukturlarının "cavanlaşması" görünür.
Alimlər bildirirlər ki, məşqlərin təsiri müxtəlif insanlarda və heyvanlarda fərqli ola bilər. Bu, fiziki hazırlığın ilkin səviyyəsindən, fərdi xüsusiyyətlərdən və konkret orqanların işindən asılıdır. Məsələn, dözümlü siçanlarda qocalma prosesi təkcə əzələlərdə deyil, həm də ürək, qaraciyər və piy toxumasında ləngiyib.
Müəlliflər qeyd edirlər ki, idmanı qocalığa qarşı universal vasitə hesab etmək olmaz, lakin toplanmış məlumatlar onu aktiv uzunömürlülüyü təmin etməyin ən əlçatan və effektiv üsullarından biri kimi nəzərdən keçirməyə imkan verir. Gələcəkdə alimlərin qarşısında bu təsirin molekulyar mexanizmlərini aşkar etmək və fərdi məşq proqramları hazırlamaq vəzifəsi dayanır. /Oxu.az/