Maraqlı
315
02 Sep 2025 | 23:50

"Genlər qədim görüşləri xatırlayır: əcdadların sevgisi dillərimizə necə iz qoyub?" - Genetik araşdırma

"Elmi araşdırmalar göstərir ki, genetik qarışma ilə dillərin yaxınlığı arasında gizli bir əlaqə mövcuddur..."

Tarix kitablarında daha çox müharibələr, miqrasiyalar, imperiyalar və döyüşlərdən danışılır. Halbuki bəşəriyyəti hərəkətə gətirən ən güclü qüvvələrdən biri çox zaman sadə sevgi olub: müxtəlif tayfalardan, xalqlardan gələn insanlar bir-birinə aşiq olub ailə qurur, mədəni sərhədləri aşırdılar.

Moderator.az xəbər verir ki, bu barədə "moneytimes.ru" nəşri yazıb.

Nəşrin yazdığına göeə, indi alimlər sübut edib ki, bu qədim sevgilər təkcə genlərimizdə deyil, dillərimizin özündə də iz buraxıb.

Qlobal miqyaslı genetik araşdırma

İsveçrənin Sürix Universitetindən beynəlxalq alimlər qrupu 4700 nəfərin genetik məlumatlarını təhlil edib. Bu insanlar dünyanın 558 fərqli icmasına mənsub olub. Alimlər yalnız DNT kodlarını yoxlamayıb, onlar bu kodları nəhəng linqvistik məlumatlar bazaları ilə müqayisə edib.

Nəticədə 125 açıq iz - çoxdan unudulmuş etnik qarışıqların həm genetik, həm də dil sahəsində izləri aşkar olunub. Bu, sanki tarixdə gizli qalmış "məişət səviyyəli diplomatiyanın" - ailə bağlarının izlərini ortaya çıxarıb.

Minilliklərə davam gətirən sirli bağ

Ən maraqlı məqam araşdırmanın nəticələrində ortaya çıxıb. Məlum olub ki, qədimdə güclü genetik qarışma baş vermiş icmalarda dillər bir-birinə təəccüblü dərəcədə oxşar olub. Üstəlik, bu oxşarlıq coğrafi məsafələrdən, siyasi sərhədlərdən asılı olmayaraq mövcuddur.

Statistik hesablamalar göstərib ki, belə xalqlarda dil bənzərliklərinin üzə çıxma ehtimalı 4-9 faiz daha yüksəkdir. Yəni, eyni qitədə qonşu olmayan xalqlar belə, əgər vaxtilə genetik əlaqələri olubsa, dillərində də paralellər yaranıb.

Unutduğumuz irs: genlərdəki məhəbbət, dillərdəki yaddaş

Bu nəticə onu göstərir ki, əcdadlarımızın minillər əvvəlki görüşləri, evlilikləri və məhəbbətləri yoxa çıxmayıb. Onlar bir-birinə yalnız genlərini deyil, həm də sözlərini, qrammatikasını, nitqin ritmini və səslərini qataraq gələcəyə ötürüblər.

Məsələn, Avrasiya qitəsində türk dilləri ilə slavyan dilləri arasında müşahidə olunan bəzi paralellər və ya Orta Asiyada iran dilləri ilə monqol dilləri arasındakı səs oxşarlıqları bu mexanizmlə izah oluna bilər. Dil alimlərinin çox vaxt "borc alınma" dediyi bəzi sözlər əslində məhz həmin qədim nikahların mirası ola bilər.

Tarixi fərqli oxumaq

Bəşər tarixini yalnız imperiyaların və müharibələrin prizmasından oxumaq kifayət deyil. Əslində, tarix həm də sakitcə ötürülən ailə hekayələrindən, sərhədləri aşan sevgilərdən, dillərin bir-birinə yaxınlaşdığı qovuşmalardan ibarətdir.

Bu gün biz "genlər danışır" deyirik, amma əslində dillər də danışır. Onlar hələ də əcdadlarımızın min illər əvvəlki eşq macəralarını - kimin kimə ürək verdiyini, hansı tayfanın digər tayfaya qarışdığını, sevginin sərhəd tanımadığını bizə pıçıldayır. İndi isə elm bu pıçıltını daha aydın eşidir və göstərir ki, insanlıq tarixində ən dərin izləri çox zaman sevgi qoyub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər