"Bu vərdişləri gündəlik həyatınıza daxil edərək artıq çəki almadan özünüzü əla hiss edə bilərsiniz..."
İtalyan aşpaz Paola Lovisetti Skamiqorn sağlamlığı möhkəmləndirmək və bədəni ideal formada saxlamaq üçün səkkiz əsas vərdişini bölüşüb.
Moderator.az xəbər verir ki, bu barədə "Styler" layihəsi məlumat verib.
Nəşr "The Mamma Mia Diet!" ("Mamma Mia! Pəhriz") kitabına istinadən italyanların özlərini formada saxlamasına kömək edən gündəlik vərdişlərini təqdim edib.
Kitabda təsvir olunan metodika italyanların qidalanma ənənələrinə əsaslanır və onların həyatı boyu enerjili və fəal qalmasına imkan yaradır.
1. Düşünülmüş alış-veriş
Düzgün tərtib edilmiş alış-veriş siyahısı impulsiv və lazımsız alış-verişdən qaçmağa, rasionu isə yalnız faydalı və qidalandırıcı məhsullarla doldurmağa kömək edir. Sağlam qidalanmanın əsası vitaminlər, minerallar və liflə zəngin təbii məhsullardır. Bu yanaşma immuniteti gücləndirir, diabet, ürək-damar xəstəlikləri və piylənmə riskini azaldır.
2. Mütəmadi qida qəbulu
Balanslı qidalanma gündə üç əsas yeməkdən (səhər yeməyi, nahar və şam) və iki yüngül qəlyanaltıdan ibarətdir. Səhər yeməyi xüsusilə vacibdir, çünki metabolizmi işə salır və gün ərzində enerji verir. Faydalı qəlyanaltılar arasında təzə meyvələr, qoz-fındıq və ya təbii yoqurt ola bilər.
3. Keyfiyyətli məhsulların seçimi
Sağlam qidalanmanın əsası təzə, mövsümi tərəvəz və meyvələr, tam taxıllar, paxlalılar və az yağlı zülal mənbələridir. Konservantlar, trans yağlar və rafinə olunmuş şəkər ehtiva edən emal olunmuş qidalardan uzaq durmaq vacibdir. Heyvan yağları əvəzinə ekstra zeytun yağı istifadə etmək məsləhətdir. Həftədə ən azı üç dəfə omega-3 baxımından zəngin balıq yemək, ətdən isə (toyuq daha məsləhətdir) həftədə iki dəfədən çox istifadə etməmək tövsiyə olunur.
4. Porsiyaların nəzarətdə saxlanılması
Həddindən artıq yeməkdən qaçmaq üçün kiçik boşqablardan istifadə etmək faydalıdır. Bu, vizual olaraq yeməyin kifayət qədər olduğunu hiss etməyə və artıq kalori qəbul etməməyə kömək edir.
5. Evdə yemək bişirmək
Evdə yemək hazırlamaq məhsulların keyfiyyətini nəzarətdə saxlamağa, zərərli əlavələrdən və artıq duz-şəkərdən qaçmağa imkan verir. Evdə hazırlanan yeməklər həmişə fastfud və ya mağazada satılan yarımfabrikatlardan daha faydalıdır.
6. Kifayət qədər su içmək
Gündə ən azı 2 litr su içmək lazımdır. Bu, su balansını qoruyur, metabolizmi sürətləndirir və ümumi sağlamlığı yaxşılaşdırır. Qazlı içkilər və paket şirələri yerinə təzə sıxılmış şirələr, bitki çayları və smuzilər içmək daha faydalıdır.
7. Yeməkdən zövq almaq
Yemək yalnız aclığı yatırtmaq üçün deyil, eyni zamanda sosial həyatın vacib bir hissəsidir. İtalyanlar ailə və dostlarla birlikdə yemək mədəniyyətinə xüsusi diqqət yetirir. Bu yanaşma stres səviyyəsini azaldır və qidanın daha yaxşı həzm olunmasına kömək edir.
8. Fiziki fəallıq
Sağlam həyat tərzi hərəkətsiz mümkün deyil. Optimal fiziki fəaliyyət həftədə ən azı 5 dəfə 30 dəqiqəlik orta intensivlikdə idmandan (məsələn, gəzinti) və 3 dəfə 45 dəqiqəlik daha intensiv məşqlərdən ibarətdir. Daimi idman qan dövranını yaxşılaşdırır, əzələ tonusunu qoruyur və uzunömürlülüyə töhfə verir.
Bu sadə, lakin effektiv vərdişləri tətbiq etməklə siz həm sağlamlığınızı möhkəmləndirə, həm də aktiv və balanslı həyat sürə bilərsiniz.