Fiziklər zamana meydan oxuyur: iki əks kvant zaman oxu aşkar edilib
Maraqlı
1067
02 Mar 2025 | 23:18

Fiziklər zamana meydan oxuyur: iki əks kvant zaman oxu aşkar edilib" - elmi təqdiqat

"Fiziklərin yeni işi zamanın mikrodünyada necə "iki yerə bölündüyünü" izah edir..."
 
Əgər bir fincan su aşsa, maye yerə tökülər və yenidən qaba qayıtmaz. Hər bir su molekulunun geriyə doğru dəqiq hərəkət etdiyini təsəvvür edə bilmirik, bu, zamanın geriyə axması demək olardı, bu isə məlum olduğu qədər mümkün deyil. Su ya tökülüb, ya da yox, amma əgər tökülbsə, onu geri qaytarmaq mümkün deyil.
 
 Moderator.az xəbər verir ki, bu barədə "securitylab.ru" nəşrində dərc edilən məqalədə deyilir.
 
Beləliklə, zaman qavrayışımız assimetrikdir. Biz gələcəyi yox, yalnız keçmişi xatırlayırıq və tökülən su öz-özünə fincana yığılmır, eynilə atılmış oxun yayına geri qayıtmadığı kimi. Gündəlik həyatda "zaman oxu" yalnız bir istiqamətdə-irəliyə doğru hərəkət edir.
 
"Biz bilirik ki, bu, təcrübəmizin bir hissəsidir", - İngiltərədəki Surrey Universitetinin nəzəri fiziklərindən Andrea Rokko qeyd edir. Lakin bu assimetriyanın mənşəyi tam aydın deyil. Fiziki dünyanı təsvir edən əksər riyazi modellər zamanın irəli və geri hərəkətini fərqləndirmir, hər iki imkan tənliklər baxımından eyni hüquqludur.
 
Bundan əlavə, dəyişikliklər olmadıqda, zaman anlayışı illüziya kimi görünür. Təsəvvür edin ki, içində su olan fincan kosmosda, tam təcrid olunmuş bir konteynerin içindədir. Bu obyekt dəyişməz qalacaq- onu beş il əvvəl də, beş min il sonra da araşdırsanız, eyni vəziyyətdə olacaq. Belə olan halda, qapalı sistem daxilində zaman oxunun istiqamətini necə müəyyən etmək olar? Təcrid olunmuş sistemlərdə zaman simmetrik hesab olunur və yalnız xarici mühitin təsiri altında, məsələn, su buxarlanarsa və ya fincan aşarsa, bu simmetriya pozulur.
 
Lakin tam qapalı sistemlər mövcud deyil: hətta fincan suyu təcrid olunsa belə, molekullar mikroskopik təsirlər səbəbindən xaotik şəkildə hərəkət edəcək. Bu təsadüfi dəyişikliklər zaman simmetriyasını poza bilər və bir növ "kosmik taymer" yarada bilər. Bəs bu fərq haradan yaranır və mövcud fiziki modellər zamanı nə dərəcədə düzgün təsvir edir?
 
Bu suallar uzun müddətdir müzakirə olunur və alimlər onları fərqli yollarla həll etməyə çalışıb. Lakin Rokko və onun həmkarları problemin riyazi əsaslarını yenidən nəzərdən keçirərək, zaman assimetriyasına yeni bir izah verib. Onların "Scientific Reports" jurnalında dərc olunan tədqiqatı açıq kvant sistemlərində tək deyil, iki əks istiqamətli zaman oxunun mövcud olduğunu irəli sürür.
 
Təsəvvür edin ki, bir fincan su bıçağın tiyəsinin üstündə balanslaşdırılır: o, istənilən istiqamətdə aşaraq, fərqli zaman oxlarını formalaşdıra bilər. Lakin fincan hansı tərəfə aşırsa-aşsın, nəticə eynidir- su tökülür. Riyazi baxımdan hər iki variant simmetriyanı qoruyur. "Biz elə bir Kainatda yaşayırıq ki, burada zaman yalnız irəli doğru axır", - Rokko izah edir. "Lakin hərəkət tənlikləri Kainatın əks istiqamətdə inkişaf edə biləcəyini də nəzərdə tutur".
 
Beləliklə, iki zaman oxu açıq kvant sistemlərində spontan olaraq meydana çıxır, onlar xarici mühit tərəfindən müəyyən olunmur. Bu isə ənənəvi baxışa ziddir, çünki bu baxışa görə, zaman istiqamətini xarici mühit müəyyənləşdirir. Araşdırma zamanın təbiəti ilə bağlı yeni suallar ortaya qoyur.
 
İtaliyanın Milli Tədqiqat Şurasından nəzəri fizik Mikel Kampizi bu işi cəsarətli hesab edir, lakin qeyd edir ki, bu yanaşma zaman oxunun mənşəyini subyektiv edir. Onun fikrincə, bu effekt kvant mexanikasının interpretasiyasından asılı olan təqribi modellərin nəticəsidir. Əgər sistemi daha qlobal şəkildə nəzərdən keçirsək, onu daha böyük, təcrid olunmuş bir quruluşun hissəsi kimi qəbul edə bilərik, burada isə zaman assimetriyası ümumiyyətlə meydana çıxmır.
 
Fizik Ceyms Kresser də razılaşır ki, kvant dünyası hələ də sirrlərlə doludur. O, vurğulayır ki, Rokkonun işi dissipasiyalı prosesləri (məsələn, suyun buxarlanması) təsvir edən tənliklərin vaxt baxımından geri çevrilməz olduğu fikrinə meydan oxuyur.
 
Tökülən su kvant mexanikası və termodinamikadakı dekoherensiya hadisəsini xatırladır- bu, sistemin informasiyanı itirməsi deməkdir. Burada bu, su molekullarının fincandakı dəqiq yerləşməsi barədə informasiyadır. Belə proseslər geriyədönməz hesab olunur, çünki ilkin vəziyyət nəticəyə təsir etmir.
 
Lakin ABŞ Milli Standartlar və Texnologiyalar İnstitutunun fiziki Nikol Yunqer-Halpörn izah edir ki, bu interpretasiya da bizim gözləntilərimizdən asılıdır. Əgər biz iki filmi görsək- birində su tökülür, digərində isə geriyə axıb fincana yığılır, biz ikinci variantı qeyri-mümkün hesab edərik. Bu zaman assimetriyası hissini yaradır, lakin bəlkə də, bu sadəcə, bir illüziyadır.
 
Nəticə etibarilə, bəlkə də, zaman sadəcə beynimizin hadisələri sıralamaq üçün yaratdığı bir "konstruksiya"dır, - Kresser təklif edir. Lakin hadisələrin özü bu konstruksiyadan asılı deyil. Biz sadəcə bir zaman modelindən digərinə keçirik.
 
Əgər belədirsə, zamanın təbiəti ilə bağlı suallar əbədi cavabsız qala bilər və bu, onları, əslində, zamandan kənar edir. "Biz zamanla ayrılmaz şəkildə bağlıyıq- bu, mövcudluğumuzun əsas hissəsidir və ondan yaxa qurtara bilmərik", - Kresser qeyd edir.
Link kopyalandı!
Son xəbərlər