"Magna Carta Libertatum" (orta əsr latın dilində "Böyük Azadlıqlar Xartiyası" deməkdir), adətən "Magna Carta" və bəzən "Magna Charta" ("Böyük Xartiya") olaraq adlandırılan bu sənəd 15 iyun 1215-ci ildə İngiltərə kralı Con tərəfindən Rannimededə Vindzor yaxınlığında qəbul edilmiş kral hüquqlar xartiyasıdır.
Kral və baronlar arasında razılaşdırılmış "Magna Carta" bəlkə də tarixdə ən çox müzakirə olunan hüquqi sənədlərdən biridir. Əksəriyyət bu xartiyanı müasir demokratiyanın, hüquqi dövlətin və insan hüquqlarının başlanğıcı kimi görsə də, onun həqiqi mahiyyəti, motivləri və təsiri daha mürəkkəb və çoxşaxəlidir.
"Magna Carta" həqiqətən azadlığın simvoludurmu, yoxsa dövrünün siyasi oyunlarının məhsuludur? Bu sənədin az bilinən sirləri hansılardır?
Qeyd edək ki, "Magna Carta" İngiltərə kralı John (Yerusəlimli Yəhya) ilə üsyançı baronlar arasında əldə olunan razılaşmanın nəticəsi olmuşdur. Kral John tarixdə ən uğursuz və qeyri-populyar monarxlardan biri kimi tanınır. O, Fransa ilə uğursuz müharibələr aparmış, Normandiyanı itirmiş, yüksək vergilər qoymuş və baronları təqib etmişdi. Ən əsası isə, Papa III Innocent ilə münaqişəyə girərək İngiltərəni Roma kilsəsinin lənətinə məruz qoymuşdu.
Baronlar onun mütləq hakimiyyətinə qarşı çıxaraq silahlı üsyan qaldırmış və onu "Magna Carta"nı qəbul etməyə məcbur etmişlər. Maraqlıdır ki, sənəd kralın səlahiyyətlərini məhdudlaşdırsa da, geniş əhali üçün birbaşa azadlıqlar təmin etmirdi. Bu, əsasən baronların və kilsə liderlərinin maraqlarını qorumaq üçün hazırlanmışdı.
Magna Carta ümumilikdə 63 maddədən ibarət idi və burada əsas prinsiplər bunlar idi:
- Kralın səlahiyyətlərinin məhdudlaşdırılması
- Hər kəsin (o cümlədən kralın) qanun qarşısında bərabər olması
- Məhkəmə proseslərinin qanuni və ədalətli aparılması (habeas corpus ideyasının əsası)
- Fövqəladə vergilərin yalnız baronların razılığı ilə toplanması
- İngiltərə kilsəsinin müstəqilliyi
Onu da bildirək ki, "Magna Carta" dərhal qüvvəyə minməmişdir. Belə ki, Papa III Innocent "Magna Carta"nı dərhal ləğv etmiş və kral John onu imzaladıqdan cəmi 3 ay sonra geri götürmüşdür. Təsadüfi deyil ki, bu, yeni vətəndaş müharibəsinə səbəb olmuşdur. Yalnız Johnun ölümündən sonra (1216-cı ildə) onun oğlu III Henri bəzi dəyişikliklərlə "Magna Carta"nı bərpa etmişdir.
Sizə "Magna Carta" ilə bağlı unikal və ictimaiyyət üçün az bilinən faktlardan bir neçəsini deyim.
Bu sənədin insan hüquqları baxımdan ciddi prinsipial dəyərə malik olduğu vurğulanır. Təbii ki, buna qarşı deyilik. Hətta ABŞ Konstitusiyasının əsaslandığı bəzi prinsiplər (məsələn, ədalətli məhkəmə prosesi və qanun qarşısında bərabərlik) "Magna Carta"nın ideyalarından götürülüb.
Lakin sözü gedən sənədi həddindən artıq şişirtmək də doğru deyil. Nə qədər təəccüblü də qarşılasanız, deməliyəm ki, "Magna Carta" heç vaxt “azadlıq” sənədi olmayıb! Bu sənədin çox hissəsi yalnız zadəganlar və kilsə liderlərinin hüquqlarını qorumağa yönəlib və sıravi insanlar üçün heç bir birbaşa azadlıq nəzərdə tutmayıb.
"Bəs, o zaman sənəd nəyə görə indi insan haqlarının başlanğıcı kimi təqdim olunur?" - deyə soruşa bilərsiniz. Əslində bunun səbəbini XVII əsrdə yaşamış hüquqşünasların "Magna Carta"nın bəzi bəndlərini sistematik şəkildə yanlış təfsir etməsində axtarmaq lazımdır. Məhz onlar adı çəkilən sənədi yeni hüquqi ideologiyaların əsasına çevirməyə çalışmışlar.
Təəssüf ki, "Magna Carta"ın orijinalı itmişdir və hazırda onun 4 nüsxəsi qalmaqdadır. İki nüsxə Britaniya kitabxanasında, biri Linkoln Katedralində, digəri isə Salisbury Katedralində saxlanılır. ABŞ-da isə "Magna Carta"nın 1297-ci ildə yenidən təsdiqlənmiş versiyası saxlanılır. Orada bu nüsxənin olması onu 1980-ci illərdə amerikalı iş adamı Ross Perotun satın alması və daha sonra 2007-ci ildə ABŞ Milli Arxivinə bağışlaması ilə bağlıdır.
Çox yerdə bu sənədin imzalanmasından bəhs olunur. Onu deyim ki, 1215-ci il tarixli həmin sənədin üzərində heç bir imza olmamışdır, həmçinin orada iştirak edən baronlar da öz möhürlərini ona əlavə etməmişlər.
Haqqında söhbət açdığımız sənəd haqda ictimaiyyətə məlum olmayan başqa bir məlumatı da bölüşüm. Belə ki, "Magna Carta"nın mətni ümumiyyətlə, paraqraflara bölünməmiş və maddələr nömrələnməmişdir. Məlumat üçün deyim ki, bu gün istifadə olunan nömrələmə sistemi ilk dəfə 1759-cu ildə hüquqşünas Sir William Blackstone tərəfindən tətbiq edilmişdir.
Çoxlarının düşdüyünün əksinə olaraq, qeyd edək ki, hazırda "Magna Carta"nın 60 maddəsi hüquqi qüvvəsini itiribdir. Bu gün onun bir neçə maddəsinin hüquqi qüvvəsi qalır. Məsələn, "Habeas corpus" (əsaslı sübut olmadan həbs edilməmək hüququ), "Məhkəmələrin ədalətli olması prinsipi" kimi.
Göründüyü kimi "Magna Carta"nın ideyaları müxtəlif dövrlərdə fərqli məqsədlər üçün istifadə olunub. XVII əsrdə Böyük Britaniya parlamenti onu kralın səlahiyyətlərini məhdudlaşdırmaq üçün əsas kimi qəbul etsə də, ABŞ-da bu sənəd yuxarıda da toxunduğumuz kimi hüquqi dövlət və vətəndaş azadlıqlarını müdafiə etmək üçün ilham mənbəyi kimi qəbul olunmuşdur.
Lakin hazırkı dövrdə "Magna Carta" yalnız simvolik əhəmiyyət daşıyır. Maraqlıdır ki, "Brexit" müzakirələri zamanı bəzi siyasətçilər onu Avropa İttifaqına qarşı Britaniyanın suverenliyini qorumağın hüquqi əsası kimi təqdim etmişdir.
Etiraf etmək lazımdır ki, hazırda "Magna Carta" hüquqi baxımdan zəif mənbə olsa da, siyasi və ideoloji baxımdan güclü bir ikonaya çevrilmişdir.
Beləliklə, o nəticəyə gələ bilərik ki, "Magna Carta" hüquqi inqilabın başlanğıcı hesab olunsa da, əslində o yalnız müəyyən bir qrup insanın hüquqlarını qorumaq üçün hazırlanmışdı. Lakin tarix boyu onun ideyaları təhrif edilərək bütün insan hüquqlarının və konstitusiya hüququnun əsasını təşkil edən bir sənəd kimi təqdim olunmuşdur.
"Bəs, bu, pis bir haldırmı?" deyə soruşulsa, şəxsən bir hüquqşunas kimi belə cavab verərdim ki, əslində yox- "Magna Carta"nın əsl tarixi məqsədləri nə olursa-olsun, qəbul etməliyik ki, onun simvolik təsiri demokratiya və hüquqi dövlət anlayışının formalaşmasına kömək etmişdir.
Yunis Xəlilov
Hüquqşünas