Lenin Mavzoleyinin sirləri: gizli otaq və supersarkofaq
Maraqlı
282
18 Feb 2025 | 23:58

Lenin Mavzoleyinin sirləri: gizli otaq və supersarkofaq

"100 il ərzində Lenin bir neçə sarkofaq dəyişib, 1973-cü ildə sarkofaqın şüşələri gülləkeçirməz materialla əvəzlənib, çünki Lenin həyatda olduğu kimi, ölümündən sonra da bir çox hücumlara məruz qalıb..."
 
2025-ci il fevralın 18-dən aprelin 14-dək aprel Vladimir İliç Lenin Mavzoleyinə giriş profilaktik işlərə görə bağlı olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "RBC Life" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, əslində bu cür işlər mütəmadi olaraq aparılır, lakin onların detalları adətən açıqlanmır. Güman edilir ki, mütəxəssislər dünya proletariatı liderinin mumiyalanmış cəsədinin vəziyyətini yaxşılaşdırır və hələ də uzun növbələrin yarandığı dəfn kompleksini təmir edir.
 
Nəşr Mavzoleyin tarixini xatırlayaraq Moskvanın mərkəzindəki bu daş türbənin sirlərindən bəhs etməyə qərar verib.
 
Leninin nəşinin taleyi ilə bağlı müzakirələr
 
Təəccüblüdür ki, Leninin cəsədi ilə nə ediləcəyi barədə mübahisələr onun ölümündən əvvəl başlayıb. 1923-cü ilin payızında ağır xəstə olan dünya proletariatının liderinin çox yaşamayacağı məlum olub. Buna görə də Siyasi Büro iclasında ilk dəfə Mixail Kalininin "xalqın mülkiyyəti" olan Leninin cəsədinin qorunub saxlanmasının vacibliyi barədə fikri səsləndirib. Əksəriyyət bu ideyaya qarşı okub, lakin İosif Stalin həmin vaxt onu dəstəkləyib. 1924-cü ildə, artıq Oktyabr İnqilabının liderinin ölümündən sonra, Leninin cəsədinin torpağa tapşırılmaması təşəbbüsünə gənc Sovet dövlətinin bəzi digər yüksək vəzifəli şəxsləri də qoşulub.
 
Leninin İlk taxta mavzoleyi
 
Ənənəvi dəfn mərasimi əvəzinə, Kreml divarları yanında, tribunaların yerində, bir türbə-monumentin tikilməsi qərara alınıb. Buradan, o cümlədən Lenin özü də daxil olmaqla, Sovet liderləri xalqa müraciət edib. Bu məkanda ümumilikdə üç mavzoley inşa edilib və onların hər birinin layihəsi Aleksey Şusevə həvalə olunub. Liderin vəfatından dərhal sonra komissiyanın göstərişi ilə o, dostları olan memarlarla birlikdə cəmi bir gün ərzində müvəqqəti taxta mavzoleyin layihəsini hazırlayıb və dərhal inşasına başlanılıb.
 
Tikinti -25°C şaxta şəraitində böyük tələskənliklə aparılıb. Donmuş torpaq bel və çəkiclərə tab gətirməyib, buna görə də bünövrənin qazılması üçün partlayıcı maddələrdən istifadə olunub. Tikintiyə cəmi üç gün ayrılıb, son fəhlələr Qırmızı meydanı tərk edəndə artıq dəfn mərasiminə gələn ilk əsgərlərin çəkmələrinin səsi daş döşəmədə əks-səda verib.
 
Türbə üçpilləli piramida formalı, üç metrlik taxta kub şəklində olub, fasadında isə "LENİN" sözü yer alıb. Divarlar qara və qırmızı zolaqlarla bəzədilib, tavan isə qıvrılmış materiallarla örtülərək ortasında oraç-çəkic rəmzi təsvir olunub. Layihənin əsas konsepsiyası indiki mavzoleyin strukturunu qoruyaraq, kütləvi insan axınının fasiləsiz hərəkətini təmin edən giriş və çıxış dəhlizlərini nəzərdə tutub.
 
Lakin adi vətəndaşlar ilk vaxtlar Leninin cəsədinə yaxın buraxılmayıb. Bu, mavzoleyin köhnə yeraltı kommunikasiyalar üzərində inşa edilməsi ilə bağlı şayiələrlə birlikdə, tabutun kanalizasiya borularından gələn sularla dolması barədə çoxsaylı lətifələrin yaranmasına səbəb olub.
 
Taxta mavzoley cəmi bir neçə ay davam gətirib. 1924-cü ilin ortalarında məzar ziyarətçilər üçün bağlanıb, çünki Vladimir Vorobyov və biokimyaçı Boris Zbarskinin unikal metodu əsasında Leninin bədəninin yenidən mumiyalanmasına qərar verilib. Həmin vaxt Şusevə daha monumental forma və tribunalarla fərqlənən yeni müvəqqəti mavzoleyin inşası tapşırılıb.
 
Daş mavzoleyin tikintisi
 
1929-cu ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsi Leninin daş mavzoleyi üçün beynəlxalq müsabiqə elan edib. Həm peşəkar memarlar, həm də qeyri-adi konsepsiya təklif edən həvəskarlar iştirak edib. Layihələr arasında nəhəng beşguşəli ulduz, şüşə göydələn və Yer kürəsi formasında dizaynlar olub. Seçilən 25 maraqlı layihə arasında Fyodor Şextelin nəhəng piramida layihəsi xüsusilə fərqlənib.
 
Lakin sonda Şusevin ilkin versiyasına qayıtmaq qərara alınıb və mavzoleyin daşdan inşa edilməsi tapşırılıb. Tikinti 1,5 il davam edin və 1930-cu ilin payızında tamamlanıb. Yeni mavzoley dəmir-beton konstruksiyalı, qranit və labrador daşı ilə üzlənmiş daha böyük bir quruluşa çevrilib.
 
Gizli otaq və "beşinci bucaq"
 
Şusev mavzoleyin dizaynında qəsdən asimmetriya tətbiq edərək, bir tərəfində "beşinci bucaq" adlanan qəribə bir niş əlavə edib. Bu element sonradan memarın masonlarla əlaqədə olması barədə iddialara və müxtəlif konspirasiya nəzəriyyələrinə səbəb olub. Əslində, bu detal mavzoleyin görünüşünü yumşaldır və tribunada çıxış edən natiqi vizual olaraq vurğulayır.
 
Mavzoleyin daxilində vestibül və on metrlik yas zalı yerləşir. Burada, zəif işıqlandırılmış küncdə, mis lövhəli bir qapının arxasında uzun və dar gizli bir otaq var. Burada 200-ə yaxın urna yerləşdirmək üçün nəzərdə tutulmuş dörd böyük niş mövcuddur. Lakin bu otaq heç vaxt istifadə olunmayıb və rəsmi sənədlərdə adı çəkilmir.
 
Bəzi tarixçilər bunun Stalinin şəxsi göstərişi ilə bağlandığını iddia edir. O, bəlkə də Leninin üzərində başqa şəxslərin dəfn edilməsini qəbul etməyib. Digər versiyaya görə, əlavə otağın açılması ziyarətçilərin axınını ciddi şəkildə çətinləşdirə bilərdi və siyasi baxımdan artıq heç bir əhəmiyyət daşımadığı üçün ondan imtina edilib.
 
Gülləkeçirməz sarkofaq
 
Ötən 100 il ərzində Lenin bir neçə sarkofaq dəyişib. İlk sarkofaq 1924-cü ildə memar Konstantin Melnikov tərəfindən hazırlanıb. Lakin onun şüşələri ziyarətçilərin üzlərini əks etdirib və lampalar çox qızıb.
 
1933-1944-cü illərdə yeni sarkofaq layihəsi üzərində iş aparılıb. Şüşə əksini aradan qaldırmaq üçün xüsusi bucaqlar hesablanın və yeni işıqlandırma sistemi tətbiq edilib. 1973-cü ildə isə sarkofaqın şüşələri gülləkeçirməz materialla əvəz olunub. Çünki Lenin, həyatda olduğu kimi, ölümündən sonra da bir çox hücumlara məruz qalıb.
Link kopyalandı!
Son xəbərlər