Sellofan torbaları niyə qadağan edə bilmirik?
Azərbaycanda son illər ən çox müzakirəyə səbəb olan qərarlardan biri də sellofan torbaların marketdə pullu olmasıdır. Əslində bu, ekologiyaya fayda vermək məqsədilə həyata keçirilsə də, hələ tam məqsədinə çatmayıb.
Polietilen paketlərin və plastik qabların istehsalı təxminən 35 il əvvəl başlanıb. Amma Azərbaycanda bu, SSSRİ-nın dağılmasından sonra insanların məişətinə daxil olub. O vaxtlar ekoloji və maddi baxımdan daha sərfəli olan kağız və parça torbalar, şüşə qablar istifadə olunurdu. İndi isə tərəvəzdən tutmuş, kitaba, paltara qədər hər şeyi polietilen torbalarda və plastik qablarda alırıq. Mağazalarda təklif edilən məhsulların demək olar ki, 99%-i polietilen və plastik qablaşdırmadadır. İndi bir çoxumuz sellofan torbaların olmadığı bir həyat düşünə bilmirik.
Əksər inkişaf etmiş ölkələr artıq sellofan torbalardan istifadənin azaldılması istiqamətində xeyli yol qət ediblər. Azərbaycanda isə qanunvericiliyə dəyişiklik edilsə də, məsələ tam həllini tapmayıb. Belə ki, ölkəmizdə iyulun 1-dən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, istifadəsi qadağan olunub. Ölkə ərazisində polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalına son qoyulub. Qanunvericiliyin tələblərinə riayət olunmamasına görə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur. Bu cür hərəkətlərə görə inzibati xətanın predmeti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə edilir.
Bəs imtina edən ölkələr hansılardır? Yunanıstan polietilen torbalardan 75 faiz imtina edib, 2025-dək bu hədəf 95 faizədək planlanıb. Hazırda dünyanın 60-dan çox ölkəsində plastik torbalardan istifadə qaydaları mövcuddur. Son illərdə Tayvan, Kolumbiya, Mozambik və Cənubi Afrikada da plastik torbalar ödənişli satılır.
Ümumiyyətlə, dünyada ilk dəfə 2002-ci ildə Banqladeşdə tətbiq edilən bu qadağa ən sərt Keniyada hökm sürür. Bu ölkədə 2017-ci ildə qüvvəyə minən qanuna görə, plastik torbalardan istifadə edən, istehsal edən və ya satanları 4 ilə qədər həbs və ya 38 min dollara qədər cərimə gözləyir. Plastik torbalardan istifadəni qadağan edən ölkələrin təxminən yarısı Afrikadadır.
Qadağa tətbiq edilən ölkələrdən olan Danimarka və Finlandiyada adambaşına illik sellofan istifadəsi 4 ədəddir. Sözügedən qadağa İrlandiyada 2002-ci ildə bu rəqəm 328 ədəd olarkən tətbiq edildi, amma hazırda adambaşına 18 ədədə qədər azalıb.
Araşdırmalar üzə çıxarıb ki, ərzaq məhsulları sellofan torbalarda öz keyfiyyətini itirir və tibbi baxımdan da bu, qəti qadağandır. Ticarət mərkəzlərində, marketlərdə istifadə olunan plastik torbalar torpaqda 80-90 il qalır, çürümək bilmir və olduqca böyük ziyan vurur. Ekologiyaya vurduğu zərərə görə onlardan gündəlik ticarətdə istifadə edilməsi tamamilə qadağan edilməlidir. Bu işin öhdəsindən gəlmək üçün mütləq dövlət səviyyəsində sellofan torbaların istehsalına qadağa qoyulmalıdır. Böyük cərimələr verilməlidir. Onun əvəzinə kağız torbalardan, müəyyən taxta məmulatlarından hazırlanmış qablaşdırıcı əşyalardan istifadə edilməsi məqsədəuyğundur. Sellofan torbalarda saxlanılan ərzaq məhsullarında müəyyən bakteriyaların əmələ gəlməsi, çürümə prosesi 1-in 1000-ə nisbətində daha çoxdur. Çürümə daha sürətli gedir. Bütün bunları nəzərə aldıqda görürük ki, insan orqanizminə ciddi mənfi təsir göstərir və qida məhsullarının daşınmasında, saxlanılmasında istifadəsi tibbi cəhətdən yolverilməzdir.
İnsan sağlamlığı ilə paralel olaraq, sellofan torbalardan istifadə və təbiətə hər il tonlarla zərərli tullantıların atılması çox ciddi problemdir. Onlardan istifadə dövlət səviyyəsində qadağan olunsa da hər hansı bir nəticə görünmür. Çünki bu, çox böyük biznes maraqları məsələsidir. Sovet dövründə belə idi ki, bütün plastik su qabları, polietilen torbalar yığılırdı və onları qəbul məntəqələri vardı. Əsasən də azyaşlı uşaqlar bununla məşğul olurdu. Onlar xərcliklərini valideynlərindən istəmirdilər, evdə nə tullantı, plastik su qabları, sellofanlar vardısa yığıb aparıb satırdılar və onlar təkrar emala cəlb olunurdu. Beləliklə, təbiətə tullanmırdı, indi isə artıq bu sərfəli deyil, çünki onların qəbulu üçün ödənilən vəsait baha başa gəlir. Bu səbəbdən də artıq qəbul məntəqələri yığışdırılıb. Yalnız yeni məhsul istehsalı aparılır və daha çox təbiətə tullantı axını yaranır.
Bu gün istifadəsi olduqca geniş yayılan sellefon torbaların ixtiraçısı İsveç alimi Sten Gustaf Thulindir. 2019-cu ildə BBC-yə müsahibə verən Sten Thulinin oğlu Raoul Thulin bu sözləri demişdi: “Atam plastik paketi ətraf mühiti qorumaq üçün hazırlamışdı. Bir dəfə istifadə edib atıldığını görsə, çox təəccüblənər”.
Və daha bir araşdırma. Amerikada aparılan ən son araşdırma ekoloq alimlərin böyük reaksiyasına səbəb olub. Araşdırma nəticəsində məlum oldu ki, hər il dünyada 500 milyard (qeyri-rəsmi məlumatlara görə - 1 trilyon) sellofan torba istehsal edilir. Dünyada hər 1 dəqiqədə isə 1 milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir. Alış-verişlərin ən başlıca yardımçısı hesab edilən bu torbaların təbiətə vurduğu zərərin miqyası hesaba gəlməyəcək qədər çoxdur.
Qlobal istiləşmənin bir səbəbi də polietilen torbalarla çirkləndirilmiş təbiət hesab edilir.
Cənubi Afrikada sellofan torbalara ironiya ilə “milli çiçək” adı verilib, çünki ölkənin hər yerində hər addımbaşı bu torbalar səpələnib. Banqladeşdə 1988 və 1998-ci illərdə baş verən dağıdıcı leysanın nəticələrinin ağır olmasının səbəbi məhz sellofan torbalarda görülür. Çünki ölkədəki bütün kanalizasiya xətlərinin qabağını bu torbalar kəsərək suyun sürətli axınını ləngidib. 1998-ci ildən bəri Banqladeşin paytaxtında polietilen torbalar qadağan edildi və alternativ variantlar istifadə edildi.
Dənizə atılmış sellofan torbaları delfin, balina, çanaqlı bağalar və bu kimi bir çox dəniz heyvanları yemək sanıb yeyirlər. Bu da onların həzm sistemlərinin pozulmasına gətirib çıxarır və ölümlərinə səbəb olur.
Bundan başqa, sellofan torbalar şəffaf olduqları üçün, bir binanın istixanasındakı bütün istiliyi əməcək qədər gücü var, bu istiliyi əmən polietilen torba isə yanğına səbəb ola bilir. Bu torbalar içərisində saxlanan bütün növ qidaların vitaminlərini də məhv etmə gücünə malikdir.
Musavat.com