Hər il müxtəlif ölkələrdə insanlar 1 apreli gülüş günü kimi qeyd edir. Bu gün üçün zarafatlar hazırlayanda heç 1 aprelin hansı səbəbdən "Gülüş günü" kimi qeyd olunması haqqında düşünmüsünüzmu?
Moderator.az xəbər portalı "Cosmopolitan"a istinadən "1 aprel Gülüş günü"nün yaranma tarixi barədə məlumatları təqdim edir.
1 aprel beynəlxalq bayram kimi qeyd edilməsə də bir çox ölkələrdə bu günü əylənmək, zarafat etmək və bir-birini aldatmaqla keçirirlər. Bəzi ölkələrdə 1 aprel " Gülüş günü" bəzilərində isə "Axmaqlar günü" adlanır. Amma bayramın necə yarandığını söyləmək çox çətindir. 1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsilə bağlı müxtəlif fərziyələr var.
1 aprelin gülüş gününə çevrilməsində sivilizasiyanın beşiyi olan Qədim Romanın nə kimi rolu var?
Bəziləri bayramın yaranmasını Qədim Roma ilə əlaqələndirirlər. Lakin burda aprelin əvvəllərində deyil, fevralın ortasında "Axmaqlar bayramı" qeyd edilirdi.
"Gülüş günü"nün vətəni Avropa, yoxsa, Asiyadır?
Digərləri iddia edirlər ki, bu bayram Hindistanda yaranıb. Amma burada da əsasən, 31 martı "gülüş günü" kimi qeyd edirlər. Başqa fərziyəyə görə isə 1 aprelin kökləri orta əsrlər Avropa karvanlarında nümayiş etdirilən küçə tamaşalarına (balaqan) gedib çıxır.
Yeni il bayramı "Gülüş günü"nü "Axmaqlar günü" ilə əvəzlədi?
Bir-birilə zarafat etmə adətini yeni illə əlaqələndirənlər də var. 16-cı əsrin ikinci yarısına qədər Avropada yeni il hazırlıqları martın sonunda başlayırdı, aprelin 1-də isə yeni il qarşılanırdı. Daha sonra Fransa kralının fərmanı ilə Yeni il rəsmi olaraq 1 yanvarda qeyd edilməyə başladı. Amma çoxları ənənələrə sadiq qalaraq 1 apreli bayram kimi qeyd etməyə davam edirdi. Köhnə adətləri yox etmək məqsədilə 1 apreldə bayram keçirənləri "1 aprel axmaqları" adlandırmağa və ələ salmağa başladılar.
1 aprel "Gülüş günü"nün vətəni Rusiyadırmı?
Rusiyada isə bu gün tam başqa əlamətdar hadisə ilə əlaqədardır. Bir dəfə Peterburq əhalisi səhər tezdən yanğından xəbər verən həyəcan siqnalının səsinə yuxudan oyanmışdı. Amma yanğın siqnalı yalandan verilmişdi və həmin gün 1 aprelə təsadüf etmişdi. Bundan sonra Rusiyada 1 aprel günü zarafat günü kimi qəbul edilmişdir.
1 aprel Azərbaycanda necə qeyd olunmağa başladı?
1 apreli gülüş günü kimi qeyd etmək Azərbaycana SSRİ-dən xatirə qalıb. Hazırda dünya əhalisinin 70 faizi 1 apreli gülüş günü kimi qeyd edir, dost-tanışla zarafatlaşır.
Könlümüzü xoş tutmaq, əhval-ruhiyyəmizi yüksəltmək, mənfi enerjidən azad olmaq üçün gülüş ən yaxşı vasitədir. Gülüş günündə yeni zarafatlar fikirləşin və gülməli vəziyyətlər yaradın. Sizi aldadanda da qətiyyən inciməyin, eyni əhval-ruhiyyə ilə cavab verməyə hazır olun. Özü də gülüş insanın ömrünü uzadır...