Təbiətin əsrarəngiz möcüzəsi Qaranohur gölündən REPORTAJ - FOTO/VİDEO
Maraqlı
2196
05 Aug 2023 | 18:06

Təbiətin əsrarəngiz möcüzəsi Qaranohur gölündən REPORTAJ - FOTO/VİDEO

Azərbaycanda bütün fəsillərdə öz gözəlliyi ilə seçilən təbiət incilərindən biri də İsmayıllı rayonundakı Qaranohur gölüdür. Göl İsmayıllı şəhərindən 8 km şimal-şərqdə yerləşir və dəniz səviyyəsindən 1520 m yüksəklikdədir. Dağların arasında, sıx meşələrin ortasında yerləşən Qaranohur gölü "Şahdağ" Milli Parkının ərazisindədir. Talıstan və Diyalı kəndlərinin yuxarı hissəsində Böyük Qafqazın baş suayrıcı silsiləsinə paralel uzanan məşhur Niyal dağının cənub yamacındadır.
 
Qaranohur gölünə getmək istəyənlər İsmayıllı şəhərinə çatmamış sağ istiqamətdə Talıstan kəndinə doğru yol görsənəcək. Kəndin içindən "Şahdağ" Milli Parkının girişinə qədərdir. Parka giriş ödənişlidir, 2 azn təşkil edir. Gölün yaxınlığına müəyyən məbləğ ödəyib yolsuzluq maşınları ilə də getmək mümkündür. Lakin piyada getmək yorucu olsa da, təbiətin gözəlliklərini görməyə dəyər. Avtomobillə gedənlər isə bu gözəllikləri görməkdən məhrum olacaq.
 
Onu da qeyd edim ki, avtomobil yolunu hər maşınla getmək mümkün deyil. Yollar çox eniş-yoxuşludur.
 
Ödəniş edib parka daxil olduqdan sonra iki marşrut başlayır. Marşrutlardan biri "Cavanşir Qalası" digəri isə "Qaranohur gölü" dür. Oranı ziyarət edən bəzi insanlar yolu qarışdırırlar. Bu səbəbdən yolu tanıyan şəxslərlə getmək daha məsləhətlidir. Çünki meşədə ayı və digər heyvanlar var.
 
Gölə qədər piyada yolu təxminən 5 km qədərdir. Yolu qət etmək ən azı 3 saat vaxt aparır. Yol boyu istiqamət göstərən nişanlarla müşaiyət edilir. Diqqətlə nişanlara fikir versəniz, yolu azmayacaqsınız.
 
İstirahət üçün yürüş olduqca maraqlı keçir. Dağ çayı, ağacların rəngli yarpaqları, meşə meyvələri səfərə rəngarənglik qatır. Bundan başqa, bəzi yerlərdə sərt yoxuşlar var, bu da gölə doğru qalxmağı azca çətinləşdirə bilər. Amma Qaranohur gölünü görəndən sonra insan bütün bu yorğunluğu unudur və görüntüdən zövq almamaq mümkün deyil.
 
Diqqətinizə çatdıraq ki, gölün yanında ictimai-iaşə obyekti yoxdur. Yürüş edənlər özləri ilə su və ərzaq götürməsi məsləhətdir. İstəyən insanlar gölün ətrafında çadır qurub qala da bilərlər. /Trend/
 
 
Link kopyalandı!
Son xəbərlər