Moskvanın rəhbərinin Brejnevə qarşı çıxması ona baha başa gəlib –Ötkəm Yeqoriçevin baltalanan karyerası
Maraqlı
1385
28 Mar 2021 | 14:51

Moskvanın rəhbərinin Brejnevə qarşı çıxması ona baha başa gəlib –Ötkəm Yeqoriçevin baltalanan karyerası

Moskvanın inkişafında onun böyük xidmətləri olub. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, onun gördüyü işlərin miqyası haqqında təsəvvür yaransın. Nikolay Yeqorıçev Moskva şəhər Partiya Komitəsinin 1962-1967-ci illərdə birinci katibi olduğu dövrdə 3 milyona yaxın moskvalı yeni mənzillərlə təmin edilib. Bu mövcud dövr üçün şəhərin əhalisinin sayına görə olduqca yüksək göstərici sayılıb. SSRİ paytaxtında turistlərin ən çox ziyarət etdiyi “Naməlum əsgər” abidəsi kompleksinin salınması da məhz Nikolay Yeqorıçevin adı ilə bağlıdır. O, SSRİ tarixində həm də Leonid İliç Brejnevin kürsüsünü “laxlatmaq” istəyən məmur kimi də yadda qalıb.
 
Nikolay Yeqorıçev 1920-ci ildə Moskva vilayətinin Kuntsevo rayonunda anadan olub. Orta təhsilini əla qiymətlərlə başa vurduqdan sonra Bauman adına Ali Texniki Məktəbə qəbul olunub. Müharibənin başlanması ilə o, təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanıb. Müharibə ərəfəsində iki dəfə yaralanıb. Nümunəvi xidmətinə və göstərdiyi qəhrəmanlıqlara görə orden və medallarla təltif olunub. Kiyevdən Berlinə qədər uzanan cəbhə yollarında sıravi Yeqorıçevə zabit rütbəsi də verilib.
 
Müharibə bitdikdən sonra Nikolay Yeqorıçev yarımçıq qalmış təhsilini davam etdirib və sonra elə təhsil aldığı Bauman adına Ali Texniki Məktəbdə komsomol təşkilatının katibi vəzifəsində işləməyə başlayıb. Daha sonra partiya orqanlarında çalışan Yeqorıçev 1956-cı ildə Moskvanın Bauman rayonunda birinci katib vəzifəsinə təyin edilib. 1960-cı ildə isə ona Mərkəzi Komitədə inspektor vəzifəsi təklif edilib.
Yüksək təşkilatçılıq bacarığı, mükəmməl nitq qabiliyyəti, iş məhsuldarlığı Yeqorıçevin karyerasında mühüm rol oynayıb. Mərkəzi Komitədə bir il işlədikdən sonra, 1961-ci ildə onu Moskva şəhər partiya komitəsinə ikinci katib vəzifəsinə təyin ediblər. 1962-ci ildə isə Kremldə bir aylıq müzakirələrdən sonra Yeqorıçev 12 namizəd arasından seçilərək Moskva şəhər partiya komitəsinin birinci katibi vəzifəsinə təyin olunub.
Bu təyinat zamanı Kreml məmurlarının bir çoxu Yeqorıçevi Brejnevin kadrı sayıb. Düzdür, Brejnevin onun təyinatında rolu olub, amma Yeqorıçev Leonid İliçi özünə himayədar kimi qəbul etməyib.
 
 
Xarakter baxımından Nikolay Yeqorıçev tənqid etməkdən çəkinməyən, bəzi hallarda sərt, öz işinə güvənən, mötəbər iclaslarda fikirlərini əsaslandırmağı bacaran, yaltaqlıqdan uzaq olan, yerli-yersiz tərif söyləməyi özünə sığışdırmayan fiqur kimi tanınıb. Elə bu xüsusiyyətləri də onun siyasi karyerasına kifayət qədər ciddi zərbələr vurub.
 
1964-cü ildə Nikita Xruşovun devrilməsində Yeqorıçevin də böyük rolu olub. Əvvəlcədən aprılan söhbətlərdə o, fəal iştirak edib, bir çox dövlət məmurlarının razılığını alıb, qabaqlayıcı tədbirlər həyata keçirib. Təbii ki, onun bu məsələdə fəallığı Brejnevi qane edib və gələcək baş katibin Yeqorıçevlə bağlı planları da olub.
 
Xruşovun devrilməsindən sonra Brejnev Kremldə öz mövqelərini möhkəmlətmək üçün bütün vasitələrə əl atıb. O cümlədən özünün ən güclü rəhbər olmasını sübut etmək üçün o, nüfuzlu partiya xadimlərini yüksək tribunalardan onu tərifləməsini təşkil edib. Bu məsələdə Brejnev cəmiyyətdə kifayət qədər nüfuza malik olan Yeqorıçevdən də istifadə etməyi qərara alıb. Yeqorıçev sonralar verdiyi müsahibələrinin birində məsələ ilə bağlı fikirlərini belə açıqlayıb:
 
“1966-cı ildə, partiyanın 23-cü qurultayı ərəfəsində Brejnev məni kabinetinə dəvət etmişdi. Ümumiyyətlə, görüşlərimiz tez-tez olurdu. Bu dəvət isə xüsusi məqsəd daşıyırdı. O, mənə “Kolya” deyə müraciət edirdi. 5-10 dəqiqəlik ümumi söhbətdən sonra o mətləbə keçdi:
- Kolya, artıq sənin Mərkəzi Komitəyə vəzifəyə gəlməyinin vaxtıdır. Partiya rəhbərliyində sənin öz yerin olmalıdır.
 
 
O, mənə qurultayda rəyasət heyətində oturmağı, qurultayın hesablama komissiyasına rəhbərlik etməyi təklif etdi, bildirdi ki, öz məruzəsindən sonra mən nitq söyləməliyəm. Mənim nitqimin nədən ibarət olacağını da üstüörtülü başa saldı. Beləliklə, qurultayda mən Brejnevdən sonra çıxış etməliydim, Brejnevin fəaliyyətini maksimum şişirtməliydim, yeni “əlçatmaz Brejnev” obrazını qurultay iştirakçılarına təqdim etməliydim.
 
Etika naminə mən bu təklifə fərqli cavab verdim:
- Leonid İliç, mənə Moskva rəhbərliyində də iş bəs edir. Moskvanın birinci katibi olmağı mən özümə ən yüksək vəzifə sayıram.
Qurultayda çıxış etdim, təbii ki, Brejnevin fəaliyyətini onun istədiyi kimi “tərənnüm” etmədim və Brejnevin timsalında yeni şəxsiyyət formalaşdırmadım. Bu hadisə Brejnevin xoşuna gəlmədi. Bir müddət sonra Brejnevə yaxın olan bir neçə şəxs (məmurlar) mənimlə görüşdülər. Söhbət əsnasında bildirdilər ki, ölkədə baş katibin avtoritetini qaldırmaq lazımdır və bu işə birinci Moskva başlamalıdır. Mən məsələyə “sizinlə razıyam, baş katibin avtoritetini qaldırmaq lazımdır, amma gördüyü işə görə, yalançı şişirtmələr Leonid İliçin avtoritetini daha aşağı sala bilər” deyə konkret fikrimi bildirdim. Dediklərimin hamısını Brejnevə çatdırmışdılar. Hətta onu da çatdırmışdılar ki, mənim kabinetində Brejnevin iri divar portreti də asılmayıb...”
 
Brejnevlə Yeqorıçevin daha bir mübahisəsi “Naməlum əsgər” abidəsi kompleksinin salınması ilə bağlı olub. Brejnev Yeqorıçevin komplekslə bağlı təklifini qəbul etsə də, məkan seçimində birinci katiblə razılaşmayıb. Brejnev kompleksin “Lenin dağları”nda salınmasını təklif edib. Yeqorıçev isə kompleksin Kreml divarları qarşısındakı “Aleksandr bağı”nda olmasını istəyib. Sonda Yeqorıçevin təklifi qəbul olunub, Brejnev məsələ ilə bağlı Siyasi Büronun iclasında keçirilən müzakirələrdə pərt vəziyyətdə qalıb.
 
1967-ci ildə birinci katiblə baş katibin arasında münasibətlər son həddə çatıb. Həmin ilin iyun ayında keçirilən Mərkəzi Komitənin plenumda Yeqorıçev SSRİ-nin hərbi müdafiəsi ilə bağlı məsələ qaldırıb. O, çıxışında bildirib:
 
“Mən belə düşünürəm ki, növbəti plenumu qapalı şəkildə keçirərək SSRİ-nin müdafiəsi məsələlərini müzakirə edək, partiyanın bu məsələdə rolunu müəyyənləşdirək. Məni Moskva hərbi hava hücumundan müdafiə dairəsinin hərbi şurasının üzvü kimi bu məsələ çox narahat edir. Belə düşünürəm ki, paytaxt Moskvanın hava hücumundan müdafiəsi lazımi qədər etibarlı vəziyyətdə deyil. Bu sahədə yeni texnologiyaların, qurğuların tətbiq edilməsini zəruri sayıram...”
 
 
Bu çıxış birbaşa Brejnevin, baş katibin “xokkey dostu”, müdafiə naziri Andrey Qreçkonun, Brejnevin daha yaxın bir dostu, həmin dövrdə Mərkəzi Komitənin hərbi sənaye sahəsinə cavabdehlik daşıyan katibi Dmitri Ustinovun fəaliyyətinə vurulan zərbə kimi qiymətləndirilib. Elə səhərisi gün Yeqorıçevə təzyiqlər başlayıb. O, müsahibələrində plenumda çıxışından sonrakı hadisələri belə xatırlayıb:
 
“Gecə ilə mənə qarşı planlar hazırlandı. Mən Dmitri Ustinovla qonşu idim. Əvvəlcə onun da adını plenumdakı məruzəmə salmışdım. Amma son məqamda adını çəkmədim. Səhərisi gün o, bütün işçilərini yığıb iclas keçirmişdi və səsinin tonunu qaldıraraq qışqırmışdı ki, biz Yeqorıçevi toz kimi itirəcəyik. Səhərisi gün Özbəkistan Kommunist Partiyasının birinci katibi Şərəf Rəşidovun bəyanatı səsləndi: “Moskvanın hava hücumundan müdafiəsi Daşkənddən başlayır və bu müdafiə etibarlı əllərdədir”. Açığını deyim ki, Rəşidov nə demək istədiyini mən anlaya bilmirdim. Bir sözlə, hər tərəfdən mənə qarşı təzyiqlər başlandı. Nəhayət, Brejnev məni yanına dəvət etdi, aramızdakı söhbət heç də xoşagələn olmadı:
 
- Yeqorıçev, bizim hərbçilər deyirlər ki, səndə hərbi məslələrlə bağlı bu qədər informasiyalar ola bilməz.
 
- Leonid İliç, nöqsanlarını gizlətmək üçün onlar hər şey deyə bilərlər və siz onları sorğu-suala çağıranda onlar şalvarlarını batırıblar, batırdıqlarını isə mənim cibimə tökməyə çalışırlar.
 
- Kolya, mübahisə vaxtı deyil. Biz səni Mərkəzi Komitə üzvlüyündən və vəzifəndən çıxarmağa məcburuq...”
 
 
Beləliklə, Nikolay Yeqorıçev birinci katib vəzifəsindən azad edilib, SSRİ kənd təssərrüfatı, traktor və maşınqayırma nazirinin müavini təyin olunub. 1970-1984-cü illərdə Yeqorıçev SSRİ-nin Danimarkada səfiri olub.
 
Nikolay Yeqorıçev 2005-ci ildə, 84 yaşında vəfat edib. O, Moskvada Troekurovsk qəbirstanlığında dəfn olunub.(musavat.com)
Link kopyalandı!
Son xəbərlər