Diplomsuz baş nazirin
3595
26 Feb 2020 | 17:38

Diplomsuz baş nazirin "Kipr Fatehi"ndən "Keniya Fatehi"nədək uzun sürən yolçuluğu...

Siyasilərin yaradıcılığı - Bülənt Ecevit

Ötən əsrin 70-ci illərinin qovğalı Türkiyəsinin siyasi arenasında pillə-pillə önə keçən, gördüyü böyük işlərlə yadda qalan, öz ölkəsinin deyil, həm də türk dünyasının ən məşhur siyasi xadimləri sırasına adını yazan və unudulmaz şəxsiyyətlərdən birinə çevrilən Bülənt Ecevit. Daima xatırlanan partiya lideri, dövlət xadimi, baş nazir və... şair Mustafa Bülənt Ecevit. 
Baş nazir kimi onun fəaliyyəti Türkiyənin ən çətin siyasi dövrlərinə təsadüf edir. O zaman SSRİ və ABŞ kimi böyük güclərin rəqabəti fonunda dünyanı sarsıdan çəkişmələr NATO üzvü olan yeganə müsəlman ölkəsindən - Türkiyədən yan keçməmişdi.
Düşünülmüş şəkildə Türkiyəni sarsıtmağa xidmət edən ictimai-siyasi olaylara start verilir, müxtəlif xarici tribunalardan Türkiyə əleyhinə hərbi və iqtisadi təhdidlər eşidilməyə başlayırdı. Türk sosialistlərin ardınca radikal kürd siyasi toplumu da fəallaşaraq, gizli və açıq şəkildə SSRİ-nin dəstəyinə güvənərək Türkiyə daxilində təxribatlar törədirdi. Belə bir vaxtda meydana atılan, böyük siyasi iradə və qətiyyət göstərən Türkiyənin baş naziri Bülənt Ecevit Kipr türklərinin probleminin həlli yolu kimi hərbi müdaxilə variantını seçir, Yunanıstan ordusunun müdaxiləsinə son qoymaqla təhqirə, təzyiqə və qətliama məruz qalan soydaşlarının daha böyük faciə yaşamasının qarşısını alır. 
Ecevitin Kipr zəfəri yeni bir tarix yaradır. Millət ona ləqəb də tapır: “Quzey Kıbrıs fatehi”. Müasirləri onun siyasi uğurlarını heç zaman reklam etməyə çalışmadığını söyləyirlər.
Həmin uğurlardan biri də terrorçu PKK təşkilatının lideri Abdulla Öcalanın ələ keçirilib Türkiyəyə gətirilməsidir. Əməliyyat Ecevitin təşəbbüsü ilə həyata keçirilib. Bundan sonra Ecevit xalqından daha bir ləqəb alıb. Onu tək “Kipr fatehi” deyil, həm də “Keniya fatehi” adlandırmağa başlayıblar. Çünki Öcalanı Keniyadan tutub gətirmişdilər. 
Ecevitin daha bir ləqəbi var: “Qaraoğlan”. Bu ləqəbi baş nazir olduğu vaxt bir ağbirçək şikayətçinin xalq içində ona müraciətindən sonra qazanıb. Qadın onu nəzərdə tutaraq “Haradadır o qara oğlan?” demişdi. 
Türkiyənin 20 ünlü siyasi ismi sırasında yer alan Mustafa Bülənt Ecevit 1925-ci ilin 28 mayında İstanbulda ziyalı ailəsində doğulub. Atası kürd əsilli alim, hüquq professoru Əhməd Fəxri Ecevit, anası boşnak (islamı qəbul etmiş slavyan əsilli millət) soyundan olan rəssam Fatma Nazlıdır.
Bülənt Ecevit gənclik dövründən siyasi proseslərlə maraqlanıb, 1946-cı ildə ailə qurduğu sinif yoldaşı Rahşan Aral-Ecevitlə birlikdə müxtəlif ictimai-siyasi tədbirlərə qatılıb, təcrübəsini təkmilləşdirib, öz dünyagörüşünü artırmaq üçün əlindən gələni edib. Onun siyasi karyerasının başlanğıcı 1960-cı illərə təsadüf edir. Bülənt Ecevit öz müsahibələrində 1961-65-ci illərdə İsmət İnönünün qurduğu kabinetdə yer almasını ən böyük uğurlarından biri kimi dəyərləndirirdi. 

BAŞ NAZİRİN PAROLU: “AYİŞƏ TƏTİLƏ GETDİ”

Onun siyasi həyatının ən kritik dövrü uzun illərdir ki, Türkiyədə hekayə təki anılır, bu hekayənin şərti başlığı isə “Ayişə tətilə getdi” paroludur.  
ABŞ-da səfərdə olan Ecevit müttəfiq dövlətdən dəstək ala bilməyəcəyini yəqin etdikdən sonra Kipr adasına hərbi hücum barədə şifrəli mesaj göndərib. O, ABŞ-dan Vətəninə zəng edərək telefonda “Ayişə tətilə çıxdı” deyə işarə verib. Baş nazir Ecevitin bu xəbərdarlığı, həm də əmrindən  sonra “Atilla“ əməliyyatı başlanıb, 1974-cü ilin iyulunda Türkiyə ordusu sürətlə hücuma keçib, Kiprin şimalını – türk toplumu yaşayan hissəsini yunan ordusundan təmizləyib, kiprli türklərə qarşı baş alıb gedən soyqırımı dayandırılıb.

UZUN SÜRƏN YOLÇULUQ VƏ DİPLOMSUZ BAŞ NAZİR

Cümhuriyyət tarixində müxtəlif dövrlərdə, 1974-2002-ci illər aralığında beş dəfə baş nazir seçilən Bülənt Ecevit gəncliyində tərcüməçi kimi çalışıb. Gənc tərcüməçinin siyasi bacarığı tezliklə diqqəti cəlb edib və onu Londondakı diplomatik korpusda səfir katibi vəzifəsinə təyin ediblər. Sonra ölkəsinə qayıdan Ecevit aktiv siyasətə qoşulub və müxtəlif dövrlərdə Ankara, Zonquldağ və İstanbul dairələrindən millət vəkili seçilərək parlamentdə təmsil olunub. 
1970-ci illərdə Ecevit və tərəfdarları daha da fəallaşıb. 1972-80-ci illərdə o, Cümhuriyyət Xalq Partiyasının başqanı seçilib, lakin Ərbakanla birlikdə qurduğu kolisiya hökumətinin ömrü on ay çəkib, koalisiya 1974-cü ildə dağılıb. 
1980-ci ilin 12 iyul hərbi çevrilişindən sonra isə Ecevit ilk yada düşən siyasi rəqiblərdən biri olub. Ordu generalı Kənan Evren və Təhsin Şahinqayanın xüsusi diqqətində saxlanılan Bülənt Ecevit edam və həbsdən yaxa qurtara bilib. Kənan Evrenin digər bir əmri ilə onun silahdaşları tamamilə təcrid edilib, Ecevitin siyasi fəaliyyətinə isə 10 il müddətinə yasaq qoyulub. Lakin onun adını siyasətdən silmək mümkün olmayıb.
Yenidən meydana atılan, 1987-2004-cü illərdə aktiv siyasətə dönən Bülənt Ecevit Demokratik Sol Partiyasına rəhbərlik etməyə başlayıb. Qısa zaman ərzində Ecevit nazir, baş nazir müavini vəzifələrini tutaraq Süleyman Dəmirəlin komandasında yer alıb (1999-2000-ci illər). Ardınca Türkiyə prezidenti Əhməd Necdət Sezərin təklifi ilə 2000-2002-ci illərdə baş nazir postunu tutub. 
Bülənt Ecevit həm də diplomsuz, yəni ali təhsili olmayan siyasətçi kimi tanınır. Robert Kollecinin məzunu olan Bülənt Ecevit Ankarada ali təhsil almaq üçün hüquq fakültəsinə, sonra dil və tarix-coğrafiya fakültəsinə, ingilis filologiyası bölümünə imtahanlar versə də, nədənsə yekunda ali təhsil almaq fikrindən daşınıb. Və bu, onun siyasi karyerasında bir ciddi maneəyə çevrilib. Belə ki, məhz bu səbəbdən Bülənd Ecevit ürəyindən keçsə də, Türkiyə Cümhuriyyəti prezidentliyinə namizədliyini verə bilməyib. 

İKİ SUİ-QƏSD TƏHLÜKƏSİ

Baş nazir postunu tutduğu dövrlərdə iki dəfə ABŞ-da və Türkiyədə ona sui-qəsdə cəhd edilib, hər iki əməliyyat uğursuzluqla nəticələnib. Amerika səfəri zamanı Ecevitin başçılıq etdiyi nümayəndə heyətinə qəfil hücum olub. Xəsarət alan olsa da, ağır itki baş verməyib. ABŞ-ın Federal Təhlükəsizlik Bürosunun əməkdaşları yerindəcə əməliyyat keçirib qəsdə cəhd edəni yaxalayıblar. 
Türkiyədə də buna oxşar hadisə baş verib. Odlu və küt silahla baş nazirə hücum edən sui-qəsdçi zərbə endirməyə macal tapmamış zərərsizləşdirilib, həbs edilib. 
Çətin, qovğalı bir siyasi yol keçmiş, təhdidlərdən, qəsdlərdən qorxmayan, çəkinməyən, hər zaman öndə olmağa çalışan ünlü siyasət adamı Bülənt Ecevit 2006-cı ilin 5 noyabrında 81 yaşında Ankarada vəfat edib. “Kipr fatehi” xüsusi təntənə ilə dövlət məzarlığında dəfn olunub. Tezliklə bu unudulmaz Türkiyə siyasətçisinin xatirəsi əbədiləşdirilib və onun adı 2012-ci ildə Zonquldağ Universitetinə verilib. Hazırda bu təhsil ocağı Bülənt Ecevit Universiteti adlanır.

ŞAİR BÜLƏNT ECEVİT 

Onlarla siyasi məzmunlu kitabın, həmçinin Mustafa Kamal Atatürk haqqında iri bir kitabın müəllifi olan Bülənt Ecevitin ədəbi fəaliyyəti də təəccüb doğuracaq qədər geniş və məzmunludur. 
Onun sanskrit, benqal, ingilis dillərindən bədii tərcümələri var. Ecevit Taqorun, Ezra Poundun, Eliotun, Levisin əsərlərini orijinaldan türkcəyə çevirərək oxuculara çatdırıb. Eyni zamanda ədəbiyyat, sənət haqqında məqalələr yazıb. 
Bülənt Ecevitin ilk şeir kitabı isə 1976-cı ildə işıq üzü görüb. Kitab “Şeirlər” adlanıb. 
“İşığı daşdan oydum” adlı ikinci şeir kitabı 1978-ci ildə çap olunub.
1987-ci ildə “Əl-ələ böyütdük sevgini” adlı şeir kitabı ilə oxucuların görüşünə gəlib.
Ölümündən az əvvəl, 80 illik yubileyində, 2005-ci ildə o, bütün şeirlərini bir kitabda toplayaraq “Sabah bir şeylər olacaq” adı altında çap etdirib.

Özünü türk ədəbiyyatı ənənələrinə söykənən yenilikçi şair kimi görən və heç bir ədəbi məktəbə, romantik cərəyana aid olmadığını deyən şair Ecevit sadə tük dilində yazıb. O, xalq düşüncəsinin fəlsəfi qatını ehtiva edən qələm adamlarından biri sayılır.
Həvəskar yazar deyil, ciddi ədəbiyyat adamı kimi xatırlanan və şairliyin peşə olduğunu düşünməyən Bülənt Ecevitin üç şeirini təqdim edirik.

SABAH

bir şeylər olacaq sabah
duruşundan bəlli 
çöldəki atların
buludların köçməsindən bəlli
köstəbəklərin torpağı 
necə qazıdıqlarından bəlli
qarışqaların təlaşından bəlli
bir şey olacaq sabah
bəlkə də bir tumurcuq 
bəlkə də bir ağacın düşən yarpağı
bəlkə də bir körpənin doğuluşu
o qədər görməsək də uzağı
quşların uçuşundan bəlli
bir şeylər olacaq sabah
o biri gündən önəmsiz
sabahdan önəmli

KƏNDLİ QADINLAR

kəndli qadınlar
donu güllü qadınlar
torpaqdan doğulub torpağı yoğurandır onlar
nisyə canlarını nağd tutandır onlar.
kəndli qadınlar
donu güllü qadınlar
üzləri günəşdir onların – yanıq 
ayaqları torpaqdır onların – yarıq
gözəlliklərindən doymadan
tarlalarda solandılar
kəndli qadınlar
donu güllü qadınlar

MAĞARA

mağaranın divarında
daşdan heyvanlar oydum
kükrədilər qaranlıqda
nəğmələrlə ovutdum
qaranlıqdır mağara
daşdan işıq oydum
üşüyürdüm
bir də günəş qoydum
eşq oydum mağaranın divarına
oyduğum eşqdən
ağrıdı daşlar
yarıldı mağara

PROMETEY KƏNDDƏ

prometey indi kənddə
qayalara bağlı deyil
beton divarlar arasındadır
qartalların girə bilmədiyi bir səmtdə
özü özünü gəmirir

Oqtay QORÇU
Link kopyalandı!
Son xəbərlər