Maraqlı
7247
08 Apr 2016 | 01:25

"Elə sevin ki, qapının ağzında hamilə qızlar sıralanıb göz yaşları tökməsinlər"

 Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayır. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi öz arşınıyla ölçərək maraqlı bir tablo yaradır...

Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. Xatırladaq ki, cəbhədəki son gərginlikdən dolayı təqdimatı bir neçə gün ertələməli olduq. Bundan sonra davamlı olaraq kitabın bölmələrini təqdim edəcəyik...   

Əvvəlini bu linkdən oxumaq olar---moderator.az/news/130528.html


...Anam  hər  dəfə  məni  Bakıya  yola  salanda, ya  vacib  bir  işin  arxasınca gedəndə, bir uzaq yerə   səfər edəndə  məndən   əvvəl   darvazadan   çıxıb yola baxar, qarşıma  ilk kimin  çıxmasına  fikir verər,  əgər  yolda   ugursuz  bir adam olsa  əli  ilə  işarə  edərdi  ki, geri  qayıt, yox  münasib  birini  görsəydi,   yenə  əli  ilə çağırardı  ki, gəl. Anam  adətinə  xilaf  çıxmadı, bu  dəfə  də  missiyasını  yerinə yetirdi,  məni   hifz   etdi,  amma   özünü   yox.  Qayıtmağıma   bir  həftə qalmışdı. İstirahət  mərkəzinə  mayın  22-də  qardaşımdan  teleqram  gəldi. ”Anan ağır vəziyyətdədi,  təcili   gəl”  Axşamtərəfi idi.  Əşyalarımı   yığışdırıb, aeroporta gəldim.  Bakıya  heç   bir  reysə   bilet   yox idi,  teleqramı   göstərdim,  xeyri olmadı. Tbilisiyə  bilet  olduğunu  öyrənib  gecə  reysinə  bilet aldım.  Uçuşboyu    Allaha  yalvarırdım ki,  bircə  anamı  sağ  görə bilim, həm  də  onun  həyatda  olmadığını  da   fikirləşəndə   göz   yaşlarımı   saxlaya bilmirdim. Tbilisidə  düşüb  bir  taksiylə   Gəncəyə   gəldim. Gürcü  sürücü  Gəncəyə  qədər gedə biləcəyini söyləmişdi. Gəncədən də bir taksiyə əyləşib kəndimizə gəldim, kəndə yaxınlaşdıqca həyəcan məni boğurdu, yol kənarında anamın dayısı və bibisi oğulları İslam dayıyla Fərrux dayını görüb maşını saxlatdım. Maşına minib kədərlə  üzümə baxdılar, o  an  yəqin etdim  ki, anam artıq həyatda  yoxdu. İslam dayı  dedi ki, orda  adamlar  var,  özünü  sakit  apar, sən daha yekə  kişisən. Elə bu sözə bənd idim. Maşının qabaq hissəsindən arxaya çönüb hönkürə-hönkürə:  axı  niyə orda adamlar  var, niyə  orda  adamlar var-deyirdim.  Maşın   həyətimizə  girdi,  bacılarım,  qardaşım başıma yığışdılar... 

 Anamı son mənzilə yola sala bilmədiyim  mən  yaşadıqca əbədi əzabımdı.  Bu   mənim qismətimmiş. Atam da, anam da 62 yaşında bu dünyadan köç etdilər. Qardaşım da 60   yaşında   dünyaya  vida   edib.  Sonralar  söhbət   düşəndə   övladlarımın  da yanında deyirdim ki, ailəmizdə 62-ni o yana keçən yoxdu, yəqin mən də 62-dən artıq  yaşamayacağam. Bir gün  oğlum Cavidan  həyəcan və sevinclə gəlib boynumu  qucaqladı: ata, səni təbrik edirəm, sən çox yaşayacaqsan. Soruşdum: - hardan  bildin? Cavidan: -Dilşad bibimin (böyük bacımın)  63  yaşı  oldu, deməli  sən də çox  yaşayacaqsan. Güldüm, sən demə  uşaq  ürəyinə  salıbmış  ki, əgər  ailəmizdə  bu  yaşda  dünyadan  köçürlərsə, onda  atam  da  62  yaşında  öləcək. Bu sətirləri yazanda 57 yaşım var, necə  olacağını  Allah  bilir...
  
Qırx   mərasimini  verəndən   sonra  hər  kəs  evinə  getdi.  Bacılarım   hərdən kəndə yanıma  gəlir, məni  tək   qalmağa  qoymurdular.  Hələ  də  dəqiq   bilinmirdi  ki,  məni   oxumağa   göndərəcəklər, ya yox.  İyul   ayında   məni   Bakıya   kadrlar   şöbəsinə   çağırdılar.  Kadrda  mənim işimi   hazırlayan   Fərəcov   soyadlı  əməkdaş  DTK-nın   kadr üzrə müavini   Xalıkov Əbdül Süleymanoviçlə   görüşəcəyimizi   və   qərar  veriləcəyini   nəzərimə çatdırdı.  Günortadan   sonra   general-mayor   Xalıkov   məni   və   Fərəcovu   qəbul   etdi.  Avtobioqrafiyama, işimə   aid   suallar verdi,  sonra   avtoreferatıma baxıb: - “Çox   gözəl   referat   yazmısan,  çox   xoşuma gəldi, amma   səhvlərin   də var”.  Fikirləşdim ki,  yəqin   qrammatik   səhvlərimi  deyir.  General   eynəyini taxıb: - “bax   burda   yazırsan  ki,  çox   sevdiyin   bəstəkar   Üzeyirbəy Hacıbəyovdu.  Yadında   saxla, sən   Üzeyirbəy   deyə   bilməzsən,  Üzeyir   Hacıbəyov deyə bilərsən.  Üzeyirbəyi   Niyazi,  Fikrət Əmirov deyə   bilər,  sən   yox.” Bəy  sözünə  hələ  də  “sovet  prizmasından”  baxılırdı, xeyli  zaman  keçsə  də ...  Sonra   bir  neçə  tarixi dəqiqləşdirmələr də aparıb dedi: ”Azərbaycan  DTK    səni   Minsk şəhərinə, SSRİ DTK-nın   bir   illik  Ali  Kursuna   göndərməyi  qərara alıb. Bilməlisən  ki, sən  DTK-ya   qəbul  olandan  sonra   əmrə  tabe hərbçi  olacaqsan, harda desələr orda da xidmət  keçəcəksən. Sən  lazım  gəlsə  soyuq Sibirdə, lazım  gəlsə  isti  Afrikada  xidmət  edəcəksən. Yəqin  Fərəcov  səni təlimatlandırıb.” Sonra  əlimi  sıxıb, uğurlar  arzuladı  və  nə vaxt  yola  düşəcəyimi xəbər verəcəklərini  dedi. Təxminən  avqustun   ikinci   yarısında   Minskə   gedəcəyim bəlli  oldu.

1982-ci  il  avqust  ayında  iş  yoldaşlarımla,  qohumlarımla,  doğmalarımla xudahafizləşdim.  Dostlar   yenə   də məni qatarla yola  salırdılar, bu  dəfə Bərdədən Bakıya. Bakıda  DTK   kadrlar   şöbəsində  göndəriş   sənədlərini  və təyyarə   biletlərini   verəndə   məlum  oldu  ki,  Azərbaycandan 6  nəfər  Minsk Ali  Kursuna göndərilir. Yoldaşlarım  yaşda  məndən böyük   idilər.  Beş azərbaycanlı, bir   nəfər Şamaxıdan olan  erməni Minskə yola düşdük.

Minsk.
”Molodost moya, Belorusiya”   

 Minsk aeroportuna gecə saat 2-də endik. Hava Bakının istisindən fərqli olaraq sərin idi, hətta üşüdük. Baqajımızı alıb, taksilərə mindik. Taksiyə minib Byaduli  2 ünvanına, ”Mir” kinoteatrının yanına gedəcəyimizi  deyəndə sürücü gülüb: ”KQB-şniki da?” - soruşdu. Cavab vermədik. Sürücü daha heç nə soruşmadı və düz hərbi hissənin kiçik bir nəzarət buraxılış məntəqəsinin qarşısında saxlayıb: - bu da Sizin Byaduli 2 - dedi. Sonralar bu Byaduli 2 ünvanı barədə çox adamlardan yarızarafat, yarıciddi  sözlər, eyhamlar, hətta lətifə belə eşidəcəkdik.
Qapını döydük, hərbi formada olan bir gizir qapını açıb, sanki bizi çoxdan gözləyirmiş kimi, sənədlərimizə baxıb, sonra masanın üstündəki siyahı ilə tutuşdurub, üçüncü mərtəbəyə qalxmamızı, növbətçinin bizə otaqlarımızı göstərəcəyini dedi. Artıq hər kəsin otağı məlum idi, yataq ləvazimatını alıb hər kəs otağına çəkildi. Növbətçi saat 8-də oyanmağı tapşırıb getdi. Hər otaqda 4 çarpayı vardı, sahibləri iki gün ərzində gələcəkdilər. İlk təəssürat cansıxıcı  idi. Buraxılış qapısından içəri keçdiyim  andan artıq sərbəstliyimin əlimdə olmayacağı, azadlığın məhdudlaşacağını, istədiyin zaman girdiyimiz qapıdan bayıra çıxa bilməyəcəyimi düşünür və psixoloji diskomfort yaşayırdım. Narahat fikirlərlə, tez-tez oyanmaqla sabahı açdım. 
 
Minskdə gözəl qızlar çoxdu, sonra sevərsiniz. Amma, çöldə də elə sevin ki, məktəbi bitirəndə qapının ağzında  hamilə qızlar sıralanıb göz yaşları tökməsinlər...


İki gün ərzində  demək olar ki, Uzaq Şərqdən Brestə qədər, Orta Asiyadan Baltikyanı ölkələrdən, Güney Qafqazdan göndərilənlər  hamısı gəlib çıxdı. Şəhərə buraxılmırdıq. Burda məlum oldu ki, Minskə gəlmək hələ Ali Kursa qəbul olmaq demək deyilmiş. Biz testdən keçməli idik .Test günü gəlib çatdı. Hamını böyük bir zala topladılar. 200 ”“ dən çox sual, şəkilli testlər və s. və s. suallar, tapşırıqlar verildi və elan edildi ki, bəlli bir zaman sürəsində cavablandırmalar bitməlidir. Daha çox məntiqə hesablanmış bu test imtahanı bitdi və iki gündən sonra testin nəticələri elan olunanda məlum oldu ki, bir özbək, bir rus testdən keçə bilməyib. Onları geri göndərdilər. Ali Kursa qəbul oldum. Səhərisi gün hərbi ”“ səhra paltarları verdilər, həm də dərzilər çağrıldı, hər kəsin bədən ölçüsünə uyğun  zabit paltarı, plaş, şinel sifarişi verildi. Sentyabrın 1-də dərs başladı. Akt zalında  Ali Kursun rəisi general- mayor İvan Leopoldoviç Lısakovski çıxış edib bizi təbrik edəndən sonra daxili qayda-qanundan, onlara sözsüz əməl edilməsindən danışdı. Sonra zarafatla  bizə bəzi məsləhətlər də verdi. General: ”Bir neçə gün karantində olacaqsınız, şəhərə çıxa bilməyəcəksiniz, tələsib mətbəxdə, kitabxanada işləyən qadın personalına aşiq olmayın. Şəhərə çıxacaqsınız, Minskdə gözəl qızlar çoxdu, sonra sevərsiniz. Amma, çöldə də elə sevin ki, məktəbi bitirəndə qapının ağzında  hamilə qızlar sıralanıb göz yaşları tökməsinlər. Subaylara burda evlənməyi qadağan edə bilmərik. Amma, yaxşı olar ki, subaylar da bir az səbrli olsunlar”. Səbrli olası subaylardan biri də mən idim. 
Dərslər başladı. Yeni peşəmin sözün həqiqi mənasında sirlərinə hər gün yiyələnir, hərbi nizam ”“intizam prinsipləri həyatımın  ayrılmaz hissəsi olurdu. Bazar günündən başqa hər gün səhər saat 7-də qalxır, 10 dəqiqə sonra həyətdə sıraya düzlənir, yaxınlıqdakı şəhər parkında 3 km qaçır, 30 dəqiqə səhər gimnastikasıyla məşğul olur, yenə qaçışla məktəbə dönür, duş qəbul edir, səhər yeməyindən sonra mühazirələr başlayırdı. Saat 14. 00 ”“ də dərs bitir, nahar edir, saat 5-in yarısınadək sərbəst olurduq(bu 2 saat ərzində şəhərə də çxa bilirdik).Saat 16.30 da yenidən sıraya düzülür, hamı yoxlanır, 25 nəfərlik qrupa aid sinif otağına gedir, “sekretçik” deyilən iki kursant, məxfi kitabxanadan lazım olan ədəbiyyatı və hər fənnə aid dəftərlərimizi gətirir, 3 saat verilən tapşırıqları yerinə yetirirdik. 20.00 da şam yeməyi və yenə iki saat ”“yəni 22.30 dək sərbəst olur,şəhərə çıxa bilirdik. 22.30 da yenidən sıraya düzülür,yoxlama aparılır, 23.00 da  “otboy” komandası ilə ,yatağa uzanmaq əmri verilirdi. Şənbə günləri  sərbəstlik 17.00 -dan 23.30 dək olurdu .11 ay  əsasən  bu kazarma rejimilə yaşadıq, təbii istisna olan günlərim də az olmadı.
 Xüsusi xidmət orqanlarının əsas prinsipi məxfilikdir. Öyrəndiklərimiz də indiyədək eşitmədiklərimiz, bilmədiklərimiz idi...

Ardı var...
Link kopyalandı!
Son xəbərlər