Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayır. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi öz arşınıyla ölçərək maraqlı bir tablo yaradır...
Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. Xatırladaq ki, cəbhədəki son gərginlikdən dolayı təqdimatı bir neçə gün ertələməli olduq. Bundan sonra davamlı olaraq kitabın bölmələrini təqdim edəcəyik...
...Anam hər dəfə məni Bakıya yola salanda, ya vacib bir işin arxasınca gedəndə, bir uzaq yerə səfər edəndə məndən əvvəl darvazadan çıxıb yola baxar, qarşıma ilk kimin çıxmasına fikir verər, əgər yolda ugursuz bir adam olsa əli ilə işarə edərdi ki, geri qayıt, yox münasib birini görsəydi, yenə əli ilə çağırardı ki, gəl. Anam adətinə xilaf çıxmadı, bu dəfə də missiyasını yerinə yetirdi, məni hifz etdi, amma özünü yox. Qayıtmağıma bir həftə qalmışdı. İstirahət mərkəzinə mayın 22-də qardaşımdan teleqram gəldi. ”Anan ağır vəziyyətdədi, təcili gəl” Axşamtərəfi idi. Əşyalarımı yığışdırıb, aeroporta gəldim. Bakıya heç bir reysə bilet yox idi, teleqramı göstərdim, xeyri olmadı. Tbilisiyə bilet olduğunu öyrənib gecə reysinə bilet aldım. Uçuşboyu Allaha yalvarırdım ki, bircə anamı sağ görə bilim, həm də onun həyatda olmadığını da fikirləşəndə göz yaşlarımı saxlaya bilmirdim. Tbilisidə düşüb bir taksiylə Gəncəyə gəldim. Gürcü sürücü Gəncəyə qədər gedə biləcəyini söyləmişdi. Gəncədən də bir taksiyə əyləşib kəndimizə gəldim, kəndə yaxınlaşdıqca həyəcan məni boğurdu, yol kənarında anamın dayısı və bibisi oğulları İslam dayıyla Fərrux dayını görüb maşını saxlatdım. Maşına minib kədərlə üzümə baxdılar, o an yəqin etdim ki, anam artıq həyatda yoxdu. İslam dayı dedi ki, orda adamlar var, özünü sakit apar, sən daha yekə kişisən. Elə bu sözə bənd idim. Maşının qabaq hissəsindən arxaya çönüb hönkürə-hönkürə: axı niyə orda adamlar var, niyə orda adamlar var-deyirdim. Maşın həyətimizə girdi, bacılarım, qardaşım başıma yığışdılar...
Anamı son mənzilə yola sala bilmədiyim mən yaşadıqca əbədi əzabımdı. Bu mənim qismətimmiş. Atam da, anam da 62 yaşında bu dünyadan köç etdilər. Qardaşım da 60 yaşında dünyaya vida edib. Sonralar söhbət düşəndə övladlarımın da yanında deyirdim ki, ailəmizdə 62-ni o yana keçən yoxdu, yəqin mən də 62-dən artıq yaşamayacağam. Bir gün oğlum Cavidan həyəcan və sevinclə gəlib boynumu qucaqladı: ata, səni təbrik edirəm, sən çox yaşayacaqsan. Soruşdum: - hardan bildin? Cavidan: -Dilşad bibimin (böyük bacımın) 63 yaşı oldu, deməli sən də çox yaşayacaqsan. Güldüm, sən demə uşaq ürəyinə salıbmış ki, əgər ailəmizdə bu yaşda dünyadan köçürlərsə, onda atam da 62 yaşında öləcək. Bu sətirləri yazanda 57 yaşım var, necə olacağını Allah bilir...
Qırx mərasimini verəndən sonra hər kəs evinə getdi. Bacılarım hərdən kəndə yanıma gəlir, məni tək qalmağa qoymurdular. Hələ də dəqiq bilinmirdi ki, məni oxumağa göndərəcəklər, ya yox. İyul ayında məni Bakıya kadrlar şöbəsinə çağırdılar. Kadrda mənim işimi hazırlayan Fərəcov soyadlı əməkdaş DTK-nın kadr üzrə müavini Xalıkov Əbdül Süleymanoviçlə görüşəcəyimizi və qərar veriləcəyini nəzərimə çatdırdı. Günortadan sonra general-mayor Xalıkov məni və Fərəcovu qəbul etdi. Avtobioqrafiyama, işimə aid suallar verdi, sonra avtoreferatıma baxıb: - “Çox gözəl referat yazmısan, çox xoşuma gəldi, amma səhvlərin də var”. Fikirləşdim ki, yəqin qrammatik səhvlərimi deyir. General eynəyini taxıb: - “bax burda yazırsan ki, çox sevdiyin bəstəkar Üzeyirbəy Hacıbəyovdu. Yadında saxla, sən Üzeyirbəy deyə bilməzsən, Üzeyir Hacıbəyov deyə bilərsən. Üzeyirbəyi Niyazi, Fikrət Əmirov deyə bilər, sən yox.” Bəy sözünə hələ də “sovet prizmasından” baxılırdı, xeyli zaman keçsə də ... Sonra bir neçə tarixi dəqiqləşdirmələr də aparıb dedi: ”Azərbaycan DTK səni Minsk şəhərinə, SSRİ DTK-nın bir illik Ali Kursuna göndərməyi qərara alıb. Bilməlisən ki, sən DTK-ya qəbul olandan sonra əmrə tabe hərbçi olacaqsan, harda desələr orda da xidmət keçəcəksən. Sən lazım gəlsə soyuq Sibirdə, lazım gəlsə isti Afrikada xidmət edəcəksən. Yəqin Fərəcov səni təlimatlandırıb.” Sonra əlimi sıxıb, uğurlar arzuladı və nə vaxt yola düşəcəyimi xəbər verəcəklərini dedi. Təxminən avqustun ikinci yarısında Minskə gedəcəyim bəlli oldu.
1982-ci il avqust ayında iş yoldaşlarımla, qohumlarımla, doğmalarımla xudahafizləşdim. Dostlar yenə də məni qatarla yola salırdılar, bu dəfə Bərdədən Bakıya. Bakıda DTK kadrlar şöbəsində göndəriş sənədlərini və təyyarə biletlərini verəndə məlum oldu ki, Azərbaycandan 6 nəfər Minsk Ali Kursuna göndərilir. Yoldaşlarım yaşda məndən böyük idilər. Beş azərbaycanlı, bir nəfər Şamaxıdan olan erməni Minskə yola düşdük.
Minsk.
”Molodost moya, Belorusiya”
Minsk aeroportuna gecə saat 2-də endik. Hava Bakının istisindən fərqli olaraq sərin idi, hətta üşüdük. Baqajımızı alıb, taksilərə mindik. Taksiyə minib Byaduli 2 ünvanına, ”Mir” kinoteatrının yanına gedəcəyimizi deyəndə sürücü gülüb: ”KQB-şniki da?” - soruşdu. Cavab vermədik. Sürücü daha heç nə soruşmadı və düz hərbi hissənin kiçik bir nəzarət buraxılış məntəqəsinin qarşısında saxlayıb: - bu da Sizin Byaduli 2 - dedi. Sonralar bu Byaduli 2 ünvanı barədə çox adamlardan yarızarafat, yarıciddi sözlər, eyhamlar, hətta lətifə belə eşidəcəkdik.
Qapını döydük, hərbi formada olan bir gizir qapını açıb, sanki bizi çoxdan gözləyirmiş kimi, sənədlərimizə baxıb, sonra masanın üstündəki siyahı ilə tutuşdurub, üçüncü mərtəbəyə qalxmamızı, növbətçinin bizə otaqlarımızı göstərəcəyini dedi. Artıq hər kəsin otağı məlum idi, yataq ləvazimatını alıb hər kəs otağına çəkildi. Növbətçi saat 8-də oyanmağı tapşırıb getdi. Hər otaqda 4 çarpayı vardı, sahibləri iki gün ərzində gələcəkdilər. İlk təəssürat cansıxıcı idi. Buraxılış qapısından içəri keçdiyim andan artıq sərbəstliyimin əlimdə olmayacağı, azadlığın məhdudlaşacağını, istədiyin zaman girdiyimiz qapıdan bayıra çıxa bilməyəcəyimi düşünür və psixoloji diskomfort yaşayırdım. Narahat fikirlərlə, tez-tez oyanmaqla sabahı açdım.
Minskdə gözəl qızlar çoxdu, sonra sevərsiniz. Amma, çöldə də elə sevin ki, məktəbi bitirəndə qapının ağzında hamilə qızlar sıralanıb göz yaşları tökməsinlər...
İki gün ərzində demək olar ki, Uzaq Şərqdən Brestə qədər, Orta Asiyadan Baltikyanı ölkələrdən, Güney Qafqazdan göndərilənlər hamısı gəlib çıxdı. Şəhərə buraxılmırdıq. Burda məlum oldu ki, Minskə gəlmək hələ Ali Kursa qəbul olmaq demək deyilmiş. Biz testdən keçməli idik .Test günü gəlib çatdı. Hamını böyük bir zala topladılar. 200 ”“ dən çox sual, şəkilli testlər və s. və s. suallar, tapşırıqlar verildi və elan edildi ki, bəlli bir zaman sürəsində cavablandırmalar bitməlidir. Daha çox məntiqə hesablanmış bu test imtahanı bitdi və iki gündən sonra testin nəticələri elan olunanda məlum oldu ki, bir özbək, bir rus testdən keçə bilməyib. Onları geri göndərdilər. Ali Kursa qəbul oldum. Səhərisi gün hərbi ”“ səhra paltarları verdilər, həm də dərzilər çağrıldı, hər kəsin bədən ölçüsünə uyğun zabit paltarı, plaş, şinel sifarişi verildi. Sentyabrın 1-də dərs başladı. Akt zalında Ali Kursun rəisi general- mayor İvan Leopoldoviç Lısakovski çıxış edib bizi təbrik edəndən sonra daxili qayda-qanundan, onlara sözsüz əməl edilməsindən danışdı. Sonra zarafatla bizə bəzi məsləhətlər də verdi. General: ”Bir neçə gün karantində olacaqsınız, şəhərə çıxa bilməyəcəksiniz, tələsib mətbəxdə, kitabxanada işləyən qadın personalına aşiq olmayın. Şəhərə çıxacaqsınız, Minskdə gözəl qızlar çoxdu, sonra sevərsiniz. Amma, çöldə də elə sevin ki, məktəbi bitirəndə qapının ağzında hamilə qızlar sıralanıb göz yaşları tökməsinlər. Subaylara burda evlənməyi qadağan edə bilmərik. Amma, yaxşı olar ki, subaylar da bir az səbrli olsunlar”. Səbrli olası subaylardan biri də mən idim.
Dərslər başladı. Yeni peşəmin sözün həqiqi mənasında sirlərinə hər gün yiyələnir, hərbi nizam ”“intizam prinsipləri həyatımın ayrılmaz hissəsi olurdu. Bazar günündən başqa hər gün səhər saat 7-də qalxır, 10 dəqiqə sonra həyətdə sıraya düzlənir, yaxınlıqdakı şəhər parkında 3 km qaçır, 30 dəqiqə səhər gimnastikasıyla məşğul olur, yenə qaçışla məktəbə dönür, duş qəbul edir, səhər yeməyindən sonra mühazirələr başlayırdı. Saat 14. 00 ”“ də dərs bitir, nahar edir, saat 5-in yarısınadək sərbəst olurduq(bu 2 saat ərzində şəhərə də çxa bilirdik).Saat 16.30 da yenidən sıraya düzülür, hamı yoxlanır, 25 nəfərlik qrupa aid sinif otağına gedir, “sekretçik” deyilən iki kursant, məxfi kitabxanadan lazım olan ədəbiyyatı və hər fənnə aid dəftərlərimizi gətirir, 3 saat verilən tapşırıqları yerinə yetirirdik. 20.00 da şam yeməyi və yenə iki saat ”“yəni 22.30 dək sərbəst olur,şəhərə çıxa bilirdik. 22.30 da yenidən sıraya düzülür,yoxlama aparılır, 23.00 da “otboy” komandası ilə ,yatağa uzanmaq əmri verilirdi. Şənbə günləri sərbəstlik 17.00 -dan 23.30 dək olurdu .11 ay əsasən bu kazarma rejimilə yaşadıq, təbii istisna olan günlərim də az olmadı.
Xüsusi xidmət orqanlarının əsas prinsipi məxfilikdir. Öyrəndiklərimiz də indiyədək eşitmədiklərimiz, bilmədiklərimiz idi...
Ardı var...