Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayır. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi öz arşınıyla ölçərək maraqlı bir tablo yaradır...
Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. Xatırladaq ki, cəbhədəki son gərginlikdən dolayı təqdimatı bir neçə gün ertələməli olduq. Bundan sonra davamlı olaraq kitabın bölmələrini təqdim edəcəyik...
Hər bir qəbirdaşının altnda bütöv bir Ümumdünya tarixi basdırılıb
Henrix Heyne
Komsomol həyatının yaddaqalan günləri az olmadı, yeri gəldikcə yazımda xatırlanacaq, amma məqsədim bu deyil. Hər gün Bərdədən 10 km məsafədə olan kəndimizə gedib gəlir, aldığım 130 rubl maaşın yarısı elə yol puluna gedirdi. Üç aydan bir az çox idi ki, işləyirdim, bir gün rayon icraiyyə komitəsinin sədri Sabir Quliyevin kabinetinə gedib hansısa sənədi ona təqdim etdim. Kabinetdə hal-əhval tutduq, işimdə möhkəm olmağımı tapşırdı və perspektivdə partiyanın üzvü olmağın vacibliyini, komsomol, partiya xəttilə inkişaf edəcəyimi tövsiyyə etdi. Bu vaxt içəriyə orta yaşlı bir kişi girdi, Sabir müəllim mənimlə xudahafizləşib, gələn adamı qarşıladı. Gələn mənə baxıb: -Sabir müəllim, bu cavan oğlan kimdi, indiyədək heç görməmişəm. Sabir müəllim kimliyimi deyəndən sonra o mənə baxıb: Sənin hündür boyun, universitet təhsilin var, komsomolda işləyirsən, sən əsl bizim kadrsan. Ardınca da: KQB ”“ də işləmək istəməzsən? Mən Sabir müəllimin üzünə baxanda o, Səyyaf Zeynalovun KQB işçisi olduğunu, Ağdamda işlədiyini dedi. Qapıdan çıxanda Zeynalov: - fikirləş, səninlə görüşəcəyəm. Kabinetdən çıxıb iş yerimə tərəf gedir, amma fikrim indicə mənə edilən təklifin yanındaydı. KQB barədə bir az xof, bir az romantika, bir az da xoş olmayan təsəvvürüm vardı və nə edəcəyimi, nə cavab verəcəyimi bilmirdim. Elə bilirdim ki, razılıq versəm, sabahdan işə çıxacağam. Beləcə, fikirli - fikirli evə gəldim. Anama vəziyyəti danışdım. Çox sakit qarşıladı və pilləkənlərdə oturub qayğı dolu baxışlarla bir müddət əlindəki çubuqla yeri cıza - cıza nəsə fikirləşir, hərdən dərindən köks ötürürdü. Nəhayət, ayağa qalxıb: “olar yaxşı, olmaz lap yaxşı”.
*****
Anam bəy qızı idi, babam Nüsrət bəy Temirxanbəyov Agdərənin İmarət Qərvənd kəndinin bəyi olub. Babamın babası Temirxan bəyə “çinli Temirxan bəy” deyərmişlər. Kolanı bəylərindən olan ulu babam Temirxan bəy Rusiya ”“ İran müharibəsində xüsusi şücaət göstərdiyinə görə ona rütbə verirlər. Nənəm Nisə xanım deyirdi ki, Xurşudbanu Natəvanın atasının göstərişiylə Ağdərənin İmarət Qərvənd kəndi və ətrafında 70 desyatin torpaq Temirxan bəyə verilibmiş. Temirxan bəyin iki oğlu olur. Paşa bəy, Əli bəy. Paşa bəy babam Nüsrət bəyin atası, Əli bəy isə nənəm Nisə xanımın atasıdı. Babamla nənəm əmioğlu - əmiqızı olublar. Nənəmin atası Əli bəy Port-Artur müharibəsinin iştirakçısı, zabit rütbəsində geri dönən bəy olub. Elə bu şücaətinə görə də Vəzirovlardan qız alanda tərəddüd olmayıb, Güllü xanım Vəzirova Əli bəy Temirxanbəyova verilib.
Əli bəyin üç oğlu, Azadxan, Muradxan, kiçik oğlu Temirxan, qızları Nisə, Zəriş, Şirin. Nisə xanım nənəmdi. Ağlım kəsəndən nənəmə ətrafdakıların Nisə xanım deyə müraciət etdiklərini eşitmişdim. Paşa bəyin isə üç qızı və bir oğlu babam Nüsrət bəy Temirxanbəyov olur. Babamın ilk övladı-qızı, anam Firəngiz, oğlanları Paşa, Kamal, Valeh, Qəzənfər ”“ yəni mənim dayılarım olub. Sovet hakimiyyəti gələndə, kollektivləşmə başlayanda, babama münasibət pisləşir. Babam bur müddət qaçaq kimi yaşayır, sonra başqa bir tayfayla qan davası da düşür. Babamı axtarırlar, amma tapa bilmirlər. Sovet hakimiyyəti babamı tərksilah etmək üçün bütün ailəni həbs edib Agdərə zindanına salır. O vaxt anamın 13 yaşı varmış. Bir aydan çox zindanda saxlayırlar nənəmgili. Bir gün gəlib deyirlər ki, bəy tutuldu, azadsınız, amma kənddə yaşaya bilməzsiniz. Nənəmgili İmarət Qərvənddən sürgün edirlər. Anam danışardı ki, iki arabaya yorğan döşək, bəzi əşyalar götürməyə icazə veriblər. Arabanı sürən ermənilər olub. Tapşırıblar ki, bu ailəni Yevlax dəmiryol vağzalına aparıb düşürün, ordan hara istəyirlər getsinlər, bircə geriyə dönməsinlər. 1934-cü ilin yayında nənəm Nisə xanım, anası Güllü xanım, 5 övladı, iki bacısı iki araba yüklə sürgün edilirlər. Kəndimiz Sarıcalının yanından keçəndə kəndin adamlarından Sarı Hüseyn arabaya baxıb nənəmi tanıyır. Anam deyirdi ki, Hüseyin cavan oglan idi, gəlib nənəmgilin kəndinin yanındkı meşədən qışa odun hazırlığından ötrü babamdan icazə alandan sonra ağac kəsib odun aparırmış. Nənəm o vaxtlar meşədə azan bir qız uşağını - Tellini evində saxlayırmış, biəndə ki, Hüseyn subaydı, deyir gəl bu qızı verim sənə, yetim qızdı, evlən onunla. Hüseyn razı olur, Tellini özü ilə aparır. Sonralar Hüseyn dayı, Telli xala kimi tanıyacağımız kəndimizin adamları. Mən universitetdə oxuyanda Telli xalanın qohumlarının tapıldığını eşitdik. Göyçənin Zod kəndindən gəlmişdilər və Xanlar rayonunda məskunlaşmışdılar. Həmin Hüseyn kişinin evi yolun kənarındadı. Arabada nənəmi görüb, arabanı saxlatdırır, soruşur ki, Nisə xanım, bu nə köçdü belə? Nənəm Nüsrət bəyin tutulduğunu, onları da sürgün elədiklərini deyir. Hava çox istiymiş. Dağdan enən erməni arabaçılar da lap təngnəfəs olubmuşlar...
Hüseyn kişi arabaçılara deyir: Ya Yevlaxa apardınız, ya burda düşürdünüz, nə fərqi var, qayıdanda deyin ki, Yevlaxda düşürdük. Birtəhər erməni arabıçıları razı salırlar. Nənəmgil kəndə düşürlər. Bir gündən sonra nənəm deyir ki, el-elə sığar, ev - evə sığmaz, kənddə ev satan olmaz? Anam danışırdı ki, dedilər kolxozun sədri köçüb gedir, evini də satır. Nənəm deyir ki, evi alıram və iki qızıl onluğa (bəy arvadının ehtiyyatı həmişə olub) evi, həyəti alır. Elə həmin il -1934- cü ildə babam Nüsrət bəyi 34 yaşında Sovet hakimiyyəti güllələyib.
Güllü xanım iki qızının və nəvəsi, anamın ərə verilməsini vacib sayır. Güllü xanım deyərmiş: Ərlik qızlardı , dünyanın da pis vaxtıdı, bəy qızlarına sataşarlar, biabır olarıq, ağlı başında olan biriləri ortaya çıxanda qızları vermək lazımdı. Atam bəyliyi tanıyan, hörmət edən kişi olub. Böyük qardaşlarını elçi göndərib, anamla 1936 ”“cı ildə evlənmişdi. Sürgün olmuş, hökumətin gözündə hələ də düşmən olan bir bəy qızı ilə evlənmək də o vaxtlar hər kişinin işi deyildi. Dayım Paşa İkinci Dünya Müharibəsindən 1945-ci ildə qayıdanda onun görüşünə gələn nənəmin baldızı oğlanları, yəni anamın bibisi oğlanları nənəmə deyirlər ki, hamımız Goranboyun Xanqərvənd kəndinə yığışmışıq, sən də gəl köçək ora. Nənəm razılaşır və qohumlarının yanına köçür. Köçəndə evini, həyətini anama verib gedir. Nənəmin anası Güllü xanım artıq rəhmətə getmiş, bacıları Zəriş, Şirin də ərə getmişdilər. O ev, o həyət mənim dünyaya göz açıb, boya ”“başa çatdığım ata, ana yurdumdu. Anamın qayğılanmasını çox sonralar dərk etdim. NKVD qorxusu, bu ad gələndə keçmişin faciə dolu günlərini anamın xatırlaması və qayğılanması təbii idi. Sovet hökümətinin qorxusu hələ yaddaşlarda idi və anam neçə illər keçsə də həmişə deyirdi: “çuğul hələ ölməyib”. Balalarına, qardaşlarına görə hər şeyin yenidən çözülməsindən çəkinirmiş. Hərçənd illər keçmiş, Stalindən sonra ölkədə yumşalma dövrü başlamışdı. Babamın güllələnməsindən 30 il sonra Kamal dayımı respublikanın ən böyük kolxozlarından birinə - Goranboyun Xanqərvənd kəndinə, Lenin adına kolxoza sədr təyin etmişdilər və dayım 10 il bu vəzifədə işləmişdi, sonra da başqa vəzifələrdə. Kiçik dayım Valeh Paşayev Leninqradda elmi işini müdafiə edib kənd təsərrüfatı elmləri namizədi adını almış və respublikanın elmi-tədqiqat əkinçilik institutunda şöbə müdiri, partkom vəzifələrində çalışmışdı. Bir məsələni vurğulamaq istəyirəm. Dayılarım Paşayev (babaları Paşa bəyin adı ilə) soyadını daşısalar da, anamın soyadı vəfat edənədək pasportda Temirxanbəyova qaldı. Anamı əvvəllər Sovet höküməti kolxoza üzv kimi qəbul etmədi, illər keçəndən sonra yumşalma baş versə də, anam özü istəmədi.
*******
Qaranlıq düşmüşdü, yaz axşamında evə adətən gec girər, həyət-bacada bir işlər görərdik. Bu vaxt həyətimizə maşın gəldi, böyük bacımın yoldaşı Məzahir müəllimin sürücüsü idi. Məzahir müəllim Tərtər rayon icraiyyə komitəsinin sədri vəzifəsində işləyirdi. Sürücü yaxınlaşıb: -Məzahir müəllim dedi ki, sabah Ağdama, KQB ”“yə getsin, amma bu barədə heç kimə bir kəlmə də danışmasın. Bir anlığa özümü vacib, maraqlı bir adam kimi hiss etdim. Sirr saxlamaq! Bu zəruri məziyyət sonra həyatıma hakim kəsildi, amma onun ilk duyğusunu həmin yaz axşamı kənddə, evimizin pilləkənləri qarşısında yaşadım. Səyyaf Zeynalov qohumluğumuzu öyrənib və Məzahir müəllimə zəng vurub məsələni ona söyləyibmiş...
Səhəri Ağdama getdim. DTK-nın rayon bölməsinə yaxınlaşdım, qapıçı məni Zeynalovun, o da öz növbəsində rəisin yanına apardı. Rəis Əvəz Quliyevin ilk sualı rus dilini necə bilməyim oldu. Sonra söhbət rus dilində aparıldı. Rəis nəticədən razı qaldığını, amma çalışmamın vacibliyini deyib, tərcümeyi- halımı rus dilində yazıb Zeynalova verməyimi tapşırdı. Avtobioqrafiyamı rus dilində yazıb təhvil verdim, bir az da həyəcanlıydım ki, qrammatik səhvlərim olsa nə deyəcəklər? Yazdıqlarıma baxıb, yaxşı yol dedilər və özləri əlaqə saxlayacaqlarını deyib, xudahafizləşəndə bir daha tapşırdılar ki, bu barədə heç kimə bir kəlmə də danışmayım. Ağdamdan qayıdanda fikirləşirdim ki, yəqin bir neçə günə işə başlayacam. Təxminən iki ay keçmişdi, öz-özümə bu qənaətə gəlirdim ki, yaddan çıxmışam, bu da bir iş idi, maraqlandılar və hər şey bitdi. İyun ayı idi, səhər iş otağıma yenicə girmişdim ki, zəng gəldi, KQB-dən Zeynalov idi, tapşırdı ki, Ağdama gəlim. Məlumat üçün bildirim ki, DTK Ağdam rayon bölməsi Ağdamdan başqa Ağcabədi, Bərdə, Tərtər rayonları ərazisində xidməti funksiyanı həyata keçirirdi. Bu zəngdən sonra məndə yenidən yaxşı əhval və sevinc dolu ümid yarandı. Ağdamda rəis qəbul edib söylədi ki, hamını yoxladıq, cavablar müsbətdi, qaldı sağlamlığın, sonra da əlavə etdi :Bir xəstəliyin - filan yoxdu ki? Yox cavabımdan sonra sağ olan dayılarım, əmilərim, bacılarımın yoıdaşları barədə də yazılı informasiya alıb, çağıracaqlarını deyib yola saldılar və həmişəki kimi heç kimə heç nə danışmamağımı xatırlatdılar.
Bölmədən çıxandan sonra anlayırdım ki, məsələ düşündüyüm kimi sadə deyil. Ailəmiz, yaxın qohumlar yoxlanılır, özüm yoxlanıram, mənə nəzarət olunur.Yoxlama mexanizmlərin necə olduğunu bilmirdim və yalnız işə qəbul olandan sonra bu prosesin necə həyata keçirildiyini öyrəndim, daha doğrusu öyrətdilər. Sadə görünən isə rayon bölməsindəki iş otaqları, işçi sayının az olması, başqa idarələrin iş otaqlarından xüsusi bir fərqin olmaması idi. Amma, bundan sonra hər şey görünən sadəlikdən mürəkkəbliyə doğru inkişaf etməyə başladı.
Avqust ayında Zeynalov məni yenə Ağdama çağırıb DTK-nın poliklinikasına göndəriş vərəqəsi verdi. Bakıya gəlib poliklinikada həkim komissiyasından keçdim. Hər bir yoxlamadan sağlam çıxdım, dişlərimdən başqa. Komissiya bir neçə xəstə dişimin olduğunu, müalicəyə ehtiyac olduğunu söyləyib, müalicədən sonra gəlməyimi bildirdi. Bu faktı yada salmaya bilərdim. Yazmaqda məqsədim odur ki, KQB-də, xüsusi xidmət orqanlarında həqiqi hərbi xidmətə qəbul olunananlara ciddi yanaşma vardı. Bəlkə də deyə bilərdilər ki, komissiyadan səni keçiririk, amma get dişlərini müalicə et. Xeyr. Xüsusi xidmət orqanında münasibətlər çox ciddi, prinsipial, professionallıqla qurulmalıdı. Burda ilkin münasibət həm də xarakter formalaşdırır, bu isə keyfiyyətli xidmətin başlanğıcıdı, zabitin gələcək işinə prinsipial yanaşma tərzidi, burda “qanunun yanından keçmə “ anlayışı olmamalıdı, çünki bu cür yanaşma əvvəl bir nəfərin işini, sonra bütöv bir qurumu, nəhayət adından göründüyü kimi dövlətin təhlükəsizliyini təhlükəyə sala bilər. Yaxın tariximizdə biz bu vəziyyətin şahidi olmuşuq.
Tez bir zamanda dişlərimin müalicəsi başa çatdı və təkrar komissiyadan ugurla keçdim. KQB-nin yoxlamaları isə davam edirdi. Orta məktəbdə ədəbiyyat müəlliməmizlə, direktorla barəmdə söhbət etdiklərini bir neçə gündən sonra eşitdim. Universitet müəllimlərimlə, dekan Tofiq Rüstəmovla söhbətlərini də sonralar öyrəndim, qiymət cədvəlimə qədər baxmışdılar. Bir gün Zeynalov iş yerimə gəlib bir sənəd verdi, ordakı suallar və tezislər əsasında avtoreferat yazmalı olduğumu söylədi. Bir ay vaxtım olduğunu deyib getdi. Sənəddə xeyli suallar vardı, avtobioqrafik suallarla yanaşı, dostluq və dostlarım haqqında, hobbi, maraq dairəsi, ədəbiyyat, sevdiyim yazıçı, bəstəkar haqqında , musiqiyə, hətta heyvanlara münasibət barədə suallar qoyulmuşdu. Azərbaycan dilində referatı hazırlayıb, Leninqradda təhsil almış qohumum Cavanşir müəllimin yanına gedib bir yerdə tərcümə etdik. Maraqlı avtoreferat alınmışdı, yəni oxunaqlı idi, suallar nə qədər rəsmi olsa da, cavablarda bədii detallar, hətta romantika vardı.
Bərdədə işləməyimin bir ili tamam oldu. Kommunist Partiyasına üzv olmağım vacib şərtlərdən idi. Ərizə ilə müraciət etdim. Partiyaya qəbul edənlərlə bir binada oturduğum, hər gün görüşdüyüm adamlar heç bir bürokratiyaya yol vermədən məni üzvlüyə namizəd kimi KP-na qəbul etdilər. Ağdama gedib məlumat verdim.Yadımdadı, rəis Əvəz Quliyev Bakıya zəng edib hazırladığı kadrın, yəni mənim artıq partiyaya qəbul olunduğumu dedi və əlavə etdi ki, ”gəlin bu məsələni uzatmayaq, bu oğlanı ya birbaşa işə götürün, ya da məktəbə oxumağa göndərin, bizim də adımızı o qara siyahıdan çıxarın". Telefonu yerinə qoyub - yəqin avqustda səni oxumağa göndərəcəklər-dedi. Hələ yoxlamaların bitmədiyini, hərəkətlərimə diqqət etməyimi tövsiyyə etdi. May ayı gəldi, məzuniyyətə çıxdım və Moskvada komsomolun Mərkəzi Komitəsinin “Yoloçka” istirahət mərkəzinə getdim. Kaş getməyəydim. Bu, ömrümün ən kədərli, heç vaxt yaddan çıxmayan, həmişə əzabla xatırlayacağım məzuniyyətim oldu. Anam məni qapıya qədər yola salıb, üzümdən öpdü...
Ardı var...