Görünən dağın bələdçiliyi - İlham İsmayılın DTK - MTN gündəliyi
Maraqlı
6518
06 Apr 2016 | 09:26

Görünən dağın bələdçiliyi - İlham İsmayılın DTK - MTN gündəliyi

Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayır. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi öz arşınıyla ölçərək maraqlı bir tablo yaradır...

Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. Xatırladaq ki, cəbhədəki son gərginlikdən dolayı təqdimatı bir neçə gün ertələməli olduq. Bundan sonra davamlı olaraq kitabın bölmələrini təqdim edəcəyik...


Hər bir qəbirdaşının altnda bütöv bir Ümumdünya  tarixi basdırılıb
 Henrix Heyne   
                             



Komsomol  həyatının  yaddaqalan günləri az olmadı, yeri  gəldikcə  yazımda xatırlanacaq, amma  məqsədim bu deyil. Hər gün Bərdədən 10 km məsafədə olan kəndimizə gedib gəlir, aldığım 130  rubl  maaşın yarısı elə yol puluna gedirdi. Üç aydan bir az  çox  idi ki, işləyirdim, bir gün rayon icraiyyə  komitəsinin sədri  Sabir Quliyevin  kabinetinə  gedib hansısa sənədi ona təqdim etdim. Kabinetdə hal-əhval  tutduq, işimdə  möhkəm  olmağımı  tapşırdı  və  perspektivdə  partiyanın üzvü  olmağın  vacibliyini, komsomol, partiya  xəttilə  inkişaf  edəcəyimi  tövsiyyə etdi. Bu  vaxt  içəriyə orta yaşlı  bir kişi girdi, Sabir müəllim mənimlə xudahafizləşib,  gələn adamı qarşıladı. Gələn  mənə baxıb: -Sabir müəllim, bu cavan oğlan kimdi, indiyədək heç görməmişəm. Sabir müəllim kimliyimi  deyəndən sonra o mənə baxıb: Sənin hündür boyun, universitet təhsilin var, komsomolda işləyirsən, sən əsl bizim kadrsan. Ardınca da: KQB ”“ də işləmək istəməzsən? Mən Sabir müəllimin üzünə baxanda o,  Səyyaf  Zeynalovun  KQB işçisi olduğunu, Ağdamda  işlədiyini  dedi. Qapıdan  çıxanda Zeynalov: - fikirləş, səninlə görüşəcəyəm. Kabinetdən çıxıb iş yerimə tərəf gedir, amma fikrim indicə mənə edilən təklifin yanındaydı. KQB  barədə bir az  xof, bir az  romantika, bir az da xoş olmayan  təsəvvürüm  vardı  və  nə  edəcəyimi, nə  cavab verəcəyimi  bilmirdim. Elə  bilirdim ki, razılıq  versəm,   sabahdan işə çıxacağam. Beləcə, fikirli - fikirli evə gəldim. Anama  vəziyyəti  danışdım. Çox  sakit qarşıladı və  pilləkənlərdə  oturub qayğı  dolu  baxışlarla  bir  müddət  əlindəki  çubuqla  yeri cıza - cıza nəsə fikirləşir, hərdən  dərindən  köks  ötürürdü. Nəhayət, ayağa  qalxıb: “olar  yaxşı, olmaz lap yaxşı”. 
                                               *****
Anam bəy qızı  idi, babam  Nüsrət bəy Temirxanbəyov  Agdərənin İmarət Qərvənd  kəndinin  bəyi  olub. Babamın  babası Temirxan bəyə “çinli Temirxan bəy”  deyərmişlər. Kolanı  bəylərindən olan ulu babam Temirxan bəy  Rusiya ”“ İran müharibəsində  xüsusi  şücaət  göstərdiyinə   görə  ona  rütbə  verirlər. Nənəm Nisə xanım deyirdi  ki, Xurşudbanu  Natəvanın  atasının  göstərişiylə  Ağdərənin İmarət  Qərvənd  kəndi  və  ətrafında 70 desyatin torpaq Temirxan bəyə verilibmiş. Temirxan  bəyin iki oğlu olur. Paşa bəy, Əli bəy. Paşa bəy  babam  Nüsrət bəyin  atası, Əli bəy isə  nənəm  Nisə  xanımın atasıdı. Babamla  nənəm  əmioğlu - əmiqızı  olublar. Nənəmin atası Əli bəy Port-Artur  müharibəsinin  iştirakçısı, zabit rütbəsində  geri dönən bəy olub. Elə bu şücaətinə görə də Vəzirovlardan qız alanda  tərəddüd olmayıb, Güllü  xanım Vəzirova  Əli bəy Temirxanbəyova  verilib.
   
Əli  bəyin üç oğlu, Azadxan, Muradxan, kiçik oğlu Temirxan, qızları Nisə, Zəriş, Şirin. Nisə  xanım  nənəmdi. Ağlım kəsəndən nənəmə ətrafdakıların Nisə xanım deyə müraciət  etdiklərini  eşitmişdim. Paşa bəyin isə üç qızı və bir oğlu babam Nüsrət bəy Temirxanbəyov olur. Babamın ilk övladı-qızı, anam Firəngiz, oğlanları Paşa, Kamal, Valeh, Qəzənfər ”“ yəni mənim dayılarım olub. Sovet hakimiyyəti gələndə, kollektivləşmə  başlayanda, babama  münasibət  pisləşir. Babam  bur  müddət qaçaq  kimi  yaşayır,  sonra  başqa  bir  tayfayla  qan davası  da  düşür. Babamı axtarırlar, amma  tapa  bilmirlər. Sovet  hakimiyyəti  babamı  tərksilah  etmək üçün  bütün  ailəni  həbs  edib Agdərə  zindanına  salır. O  vaxt  anamın  13  yaşı varmış. Bir aydan  çox  zindanda  saxlayırlar nənəmgili. Bir  gün  gəlib deyirlər ki, bəy  tutuldu, azadsınız, amma  kənddə  yaşaya  bilməzsiniz. Nənəmgili İmarət Qərvənddən  sürgün  edirlər. Anam  danışardı  ki, iki  arabaya  yorğan  döşək, bəzi əşyalar  götürməyə  icazə  veriblər. Arabanı  sürən  ermənilər olub. Tapşırıblar ki, bu  ailəni  Yevlax  dəmiryol  vağzalına  aparıb  düşürün, ordan  hara  istəyirlər getsinlər, bircə  geriyə  dönməsinlər. 1934-cü  ilin  yayında  nənəm  Nisə xanım, anası  Güllü  xanım, 5 övladı, iki  bacısı  iki  araba  yüklə  sürgün  edilirlər. Kəndimiz  Sarıcalının  yanından  keçəndə  kəndin  adamlarından  Sarı Hüseyn arabaya  baxıb  nənəmi  tanıyır. Anam  deyirdi  ki, Hüseyin  cavan  oglan idi, gəlib nənəmgilin  kəndinin  yanındkı  meşədən  qışa  odun  hazırlığından  ötrü babamdan  icazə  alandan  sonra  ağac  kəsib  odun  aparırmış. Nənəm o vaxtlar meşədə  azan  bir  qız  uşağını - Tellini  evində  saxlayırmış, biəndə  ki, Hüseyn subaydı, deyir  gəl  bu  qızı  verim  sənə, yetim qızdı, evlən  onunla. Hüseyn razı olur, Tellini  özü  ilə  aparır. Sonralar  Hüseyn  dayı, Telli  xala  kimi  tanıyacağımız kəndimizin  adamları. Mən universitetdə oxuyanda Telli xalanın qohumlarının tapıldığını eşitdik. Göyçənin  Zod  kəndindən  gəlmişdilər  və  Xanlar  rayonunda məskunlaşmışdılar. Həmin  Hüseyn  kişinin  evi  yolun  kənarındadı. Arabada nənəmi  görüb, arabanı  saxlatdırır, soruşur  ki, Nisə  xanım, bu  nə  köçdü  belə? Nənəm  Nüsrət  bəyin  tutulduğunu, onları  da  sürgün  elədiklərini  deyir. Hava çox  istiymiş. Dağdan  enən  erməni  arabaçılar  da  lap  təngnəfəs olubmuşlar...

Hüseyn  kişi  arabaçılara  deyir: Ya  Yevlaxa  apardınız, ya  burda düşürdünüz, nə fərqi  var, qayıdanda  deyin  ki, Yevlaxda  düşürdük. Birtəhər  erməni  arabıçıları razı  salırlar. Nənəmgil  kəndə  düşürlər. Bir  gündən  sonra  nənəm  deyir  ki, el-elə sığar,  ev - evə  sığmaz,  kənddə  ev  satan  olmaz?  Anam  danışırdı  ki, dedilər kolxozun   sədri   köçüb   gedir,  evini  də  satır. Nənəm  deyir  ki, evi  alıram  və  iki qızıl  onluğa  (bəy arvadının ehtiyyatı həmişə olub)  evi, həyəti  alır.   Elə  həmin  il -1934- cü  ildə  babam  Nüsrət  bəyi  34  yaşında  Sovet  hakimiyyəti  güllələyib.
 
Güllü  xanım  iki  qızının  və  nəvəsi,  anamın   ərə  verilməsini  vacib sayır. Güllü xanım deyərmiş:  Ərlik  qızlardı , dünyanın  da  pis  vaxtıdı, bəy  qızlarına  sataşarlar, biabır olarıq, ağlı başında olan biriləri  ortaya  çıxanda  qızları  vermək lazımdı. Atam  bəyliyi  tanıyan, hörmət  edən  kişi olub. Böyük  qardaşlarını  elçi göndərib, anamla  1936 ”“cı ildə evlənmişdi. Sürgün  olmuş, hökumətin  gözündə  hələ  də  düşmən olan bir bəy qızı ilə evlənmək də o vaxtlar  hər kişinin işi deyildi. Dayım Paşa  İkinci  Dünya  Müharibəsindən 1945-ci   ildə  qayıdanda  onun  görüşünə gələn nənəmin baldızı oğlanları, yəni anamın bibisi oğlanları nənəmə deyirlər ki, hamımız  Goranboyun  Xanqərvənd  kəndinə  yığışmışıq, sən  də  gəl  köçək ora. Nənəm  razılaşır  və  qohumlarının  yanına  köçür. Köçəndə  evini, həyətini  anama verib  gedir. Nənəmin anası Güllü xanım artıq  rəhmətə  getmiş, bacıları  Zəriş, Şirin  də  ərə  getmişdilər. O ev, o həyət mənim dünyaya  göz  açıb, boya ”“başa çatdığım  ata, ana  yurdumdu.  Anamın  qayğılanmasını  çox sonralar  dərk etdim. NKVD qorxusu, bu ad gələndə keçmişin faciə dolu günlərini anamın xatırlaması və qayğılanması təbii idi. Sovet hökümətinin  qorxusu hələ yaddaşlarda idi və anam neçə illər keçsə də  həmişə  deyirdi: “çuğul hələ ölməyib”. Balalarına, qardaşlarına görə hər şeyin yenidən çözülməsindən çəkinirmiş. Hərçənd illər keçmiş, Stalindən sonra ölkədə yumşalma dövrü başlamışdı. Babamın güllələnməsindən 30 il sonra Kamal dayımı respublikanın ən böyük kolxozlarından birinə  - Goranboyun  Xanqərvənd  kəndinə, Lenin  adına  kolxoza  sədr  təyin etmişdilər  və  dayım  10 il  bu  vəzifədə  işləmişdi, sonra da başqa  vəzifələrdə. Kiçik dayım Valeh Paşayev Leninqradda elmi işini müdafiə edib kənd təsərrüfatı elmləri namizədi adını almış və respublikanın elmi-tədqiqat əkinçilik institutunda şöbə müdiri, partkom vəzifələrində çalışmışdı. Bir məsələni vurğulamaq istəyirəm. Dayılarım  Paşayev (babaları Paşa bəyin adı ilə) soyadını daşısalar da, anamın  soyadı vəfat  edənədək  pasportda  Temirxanbəyova qaldı. Anamı  əvvəllər Sovet höküməti  kolxoza  üzv kimi qəbul etmədi, illər keçəndən sonra  yumşalma baş versə də,  anam özü istəmədi.
                                                        *******
Qaranlıq  düşmüşdü, yaz  axşamında  evə  adətən  gec  girər, həyət-bacada  bir işlər  görərdik.  Bu vaxt  həyətimizə maşın gəldi, böyük bacımın yoldaşı Məzahir müəllimin  sürücüsü  idi.  Məzahir  müəllim  Tərtər rayon  icraiyyə  komitəsinin sədri  vəzifəsində  işləyirdi.  Sürücü   yaxınlaşıb: -Məzahir müəllim dedi ki, sabah Ağdama,  KQB ”“yə  getsin, amma  bu  barədə  heç  kimə bir  kəlmə  də danışmasın. Bir  anlığa  özümü  vacib, maraqlı  bir adam kimi hiss etdim. Sirr saxlamaq! Bu  zəruri   məziyyət   sonra   həyatıma   hakim   kəsildi, amma  onun  ilk duyğusunu  həmin  yaz  axşamı   kənddə,  evimizin  pilləkənləri  qarşısında yaşadım. Səyyaf   Zeynalov qohumluğumuzu  öyrənib  və  Məzahir müəllimə zəng vurub  məsələni  ona  söyləyibmiş... 
     
Səhəri  Ağdama  getdim. DTK-nın   rayon   bölməsinə  yaxınlaşdım,  qapıçı  məni Zeynalovun,  o  da  öz  növbəsində  rəisin  yanına  apardı. Rəis  Əvəz  Quliyevin  ilk sualı  rus  dilini  necə  bilməyim  oldu. Sonra  söhbət  rus  dilində  aparıldı. Rəis nəticədən  razı  qaldığını, amma  çalışmamın  vacibliyini  deyib, tərcümeyi- halımı  rus  dilində  yazıb  Zeynalova  verməyimi  tapşırdı. Avtobioqrafiyamı  rus  dilində yazıb  təhvil  verdim, bir  az da həyəcanlıydım  ki,  qrammatik  səhvlərim olsa  nə deyəcəklər?  Yazdıqlarıma  baxıb, yaxşı yol  dedilər və özləri əlaqə saxlayacaqlarını deyib, xudahafizləşəndə  bir  daha  tapşırdılar ki, bu  barədə  heç  kimə bir kəlmə də  danışmayım. Ağdamdan  qayıdanda  fikirləşirdim  ki, yəqin  bir neçə  günə  işə başlayacam. Təxminən  iki  ay  keçmişdi, öz-özümə  bu  qənaətə  gəlirdim ki, yaddan  çıxmışam,  bu  da  bir iş idi,  maraqlandılar  və  hər şey bitdi. İyun  ayı idi, səhər  iş  otağıma  yenicə  girmişdim  ki, zəng  gəldi, KQB-dən  Zeynalov idi, tapşırdı  ki, Ağdama  gəlim. Məlumat  üçün  bildirim ki, DTK  Ağdam  rayon bölməsi  Ağdamdan  başqa  Ağcabədi, Bərdə, Tərtər  rayonları  ərazisində  xidməti funksiyanı  həyata  keçirirdi. Bu  zəngdən  sonra  məndə  yenidən  yaxşı əhval  və sevinc  dolu  ümid  yarandı. Ağdamda  rəis  qəbul  edib söylədi  ki, hamını yoxladıq, cavablar  müsbətdi,  qaldı sağlamlığın, sonra  da əlavə etdi :Bir xəstəliyin - filan yoxdu ki?  Yox  cavabımdan  sonra  sağ olan dayılarım, əmilərim, bacılarımın  yoıdaşları  barədə  də  yazılı  informasiya  alıb, çağıracaqlarını  deyib yola  saldılar  və  həmişəki  kimi  heç  kimə  heç  nə  danışmamağımı  xatırlatdılar.
  
Bölmədən  çıxandan  sonra  anlayırdım ki,  məsələ  düşündüyüm  kimi  sadə deyil. Ailəmiz, yaxın  qohumlar  yoxlanılır, özüm  yoxlanıram, mənə  nəzarət olunur.Yoxlama  mexanizmlərin  necə  olduğunu  bilmirdim  və  yalnız  işə  qəbul olandan  sonra  bu  prosesin necə  həyata  keçirildiyini  öyrəndim, daha  doğrusu öyrətdilər. Sadə  görünən  isə rayon  bölməsindəki  iş  otaqları, işçi  sayının  az olması, başqa  idarələrin  iş  otaqlarından  xüsusi  bir  fərqin  olmaması  idi. Amma, bundan  sonra  hər şey  görünən  sadəlikdən  mürəkkəbliyə  doğru  inkişaf etməyə başladı.
Avqust  ayında  Zeynalov  məni  yenə  Ağdama  çağırıb  DTK-nın  poliklinikasına göndəriş  vərəqəsi  verdi. Bakıya  gəlib  poliklinikada  həkim  komissiyasından keçdim. Hər  bir yoxlamadan  sağlam  çıxdım, dişlərimdən  başqa. Komissiya  bir neçə xəstə dişimin olduğunu, müalicəyə  ehtiyac  olduğunu  söyləyib, müalicədən sonra  gəlməyimi  bildirdi. Bu  faktı  yada  salmaya  bilərdim. Yazmaqda  məqsədim odur ki, KQB-də, xüsusi  xidmət orqanlarında  həqiqi hərbi  xidmətə  qəbul olunananlara ciddi yanaşma vardı. Bəlkə də deyə bilərdilər ki, komissiyadan səni keçiririk, amma  get dişlərini müalicə  et. Xeyr. Xüsusi  xidmət orqanında münasibətlər çox  ciddi, prinsipial, professionallıqla  qurulmalıdı. Burda  ilkin münasibət  həm  də  xarakter  formalaşdırır, bu  isə  keyfiyyətli  xidmətin başlanğıcıdı, zabitin  gələcək  işinə  prinsipial  yanaşma  tərzidi, burda  “qanunun yanından  keçmə “  anlayışı  olmamalıdı, çünki  bu  cür  yanaşma  əvvəl  bir  nəfərin  işini, sonra  bütöv  bir qurumu, nəhayət  adından  göründüyü  kimi dövlətin  təhlükəsizliyini  təhlükəyə  sala bilər. Yaxın  tariximizdə  biz  bu  vəziyyətin  şahidi  olmuşuq.
Tez bir zamanda  dişlərimin  müalicəsi  başa  çatdı  və  təkrar  komissiyadan  ugurla keçdim. KQB-nin  yoxlamaları  isə  davam  edirdi. Orta  məktəbdə  ədəbiyyat müəlliməmizlə, direktorla  barəmdə  söhbət  etdiklərini  bir  neçə  gündən  sonra eşitdim. Universitet müəllimlərimlə, dekan  Tofiq Rüstəmovla  söhbətlərini də sonralar öyrəndim, qiymət  cədvəlimə qədər baxmışdılar. Bir gün Zeynalov  iş yerimə  gəlib bir sənəd  verdi, ordakı  suallar və  tezislər əsasında avtoreferat yazmalı  olduğumu  söylədi. Bir ay vaxtım  olduğunu  deyib  getdi. Sənəddə  xeyli suallar vardı, avtobioqrafik  suallarla  yanaşı, dostluq  və  dostlarım haqqında, hobbi, maraq  dairəsi, ədəbiyyat, sevdiyim  yazıçı, bəstəkar  haqqında , musiqiyə, hətta  heyvanlara  münasibət barədə   suallar   qoyulmuşdu.  Azərbaycan   dilində   referatı   hazırlayıb,  Leninqradda   təhsil  almış  qohumum Cavanşir müəllimin  yanına gedib   bir  yerdə  tərcümə  etdik. Maraqlı   avtoreferat  alınmışdı, yəni  oxunaqlı idi, suallar  nə  qədər  rəsmi olsa da, cavablarda   bədii  detallar, hətta  romantika vardı.
  
Bərdədə  işləməyimin bir ili tamam oldu. Kommunist  Partiyasına  üzv  olmağım vacib  şərtlərdən  idi. Ərizə  ilə  müraciət  etdim. Partiyaya  qəbul  edənlərlə  bir binada  oturduğum, hər  gün   görüşdüyüm   adamlar   heç   bir   bürokratiyaya  yol   vermədən  məni   üzvlüyə   namizəd   kimi   KP-na  qəbul  etdilər. Ağdama gedib məlumat verdim.Yadımdadı, rəis Əvəz Quliyev Bakıya zəng edib hazırladığı kadrın, yəni  mənim  artıq  partiyaya  qəbul   olunduğumu  dedi  və  əlavə  etdi ki, ”gəlin  bu  məsələni uzatmayaq, bu  oğlanı  ya  birbaşa  işə  götürün, ya  da məktəbə  oxumağa  göndərin, bizim  də  adımızı  o  qara  siyahıdan çıxarın". Telefonu  yerinə  qoyub - yəqin  avqustda  səni  oxumağa  göndərəcəklər-dedi. Hələ  yoxlamaların   bitmədiyini, hərəkətlərimə  diqqət  etməyimi  tövsiyyə etdi. May  ayı  gəldi, məzuniyyətə  çıxdım  və  Moskvada  komsomolun  Mərkəzi Komitəsinin  “Yoloçka”  istirahət  mərkəzinə   getdim.  Kaş  getməyəydim.  Bu, ömrümün ən  kədərli,  heç vaxt  yaddan  çıxmayan, həmişə  əzabla xatırlayacağım  məzuniyyətim   oldu.  Anam məni   qapıya   qədər   yola   salıb, üzümdən öpdü...

Ardı var...
Link kopyalandı!
Son xəbərlər