Açığını deyək, Tramp prezident seçiləndən sonra dünyada bir cür nigarançılıq yaşanırdısa, andiçmə mərasimindən sonra bu nigarançılığın daha həyəcanlı formata keçdiyini deyə bilərik. Səbəb: hamı nəsə gözləyir, gözləməkdə davam edir, amma konkret və ya ona yaxın mesaj yoxdur. Təbii, bir andiçmə mərasimində dünyanın bütün problemlərinə münasibət bildirmək çətindir. Əlbəttə, söhbət Amerika daxilinə hesablanmış siyasətdən yox, daha çox Rusiya-Ukrayna müharibəsinə, Yaxın Şərqdəki vəziyyətə, ayrıca Suriyaya, İrana yönəlik mövqedən gedir. Birincisi, hamının gözlədiyi Ukrayna müharibəsinə münasibətdə qeyri-müəyyənlik elementləri daha çoxdur və soyuqqanlı yanaşsaq bunu Trampın müəyyənləşdirdiyi qeyri-müəyyənlik kimi dəyərləndirmək olar. Yəni, ilk gündən hər şeyi açıb tökmək olmaz. Amma, Ukrayna cəmiyyəti andiçmədən sonra daha çox məyusluq içərisindədir. Zelenskinin inauqurasiyaya dəvət edilməməsi onsuz da ukraynalılarda xəyal qırıqlığı yaratmışdı, amma Ukrayna ilə əlaqədar ümidverici mesajların olmaması böyük nigarançılıq yaradıb. Rusiya mediasında isə hiss olunur ki, Kremldə Trampın Rusiya, Putin haqqında dediyi hər kəlməni göydə tutub analiz edir, maksimum çalışırlar ki, öz maraqlarına uyğun şərh etsinlər.
Tramp trapdan yıxılan Bayden olmadığını qılıncla rəqsi ilə nümayiş etdirdi. Rusiyaya istiqamətlənmiş mesajda sətiraltı olsa da, Rusiya üçün çətin olacağı mesajını verdi. “O, sövdələşməni bağlamalıdır. Düşünürəm ki, o, sövdələşməni bağlamamaqla Rusiyanı məhv edir.” Rusiya da vəziyyətin daha da gərgin ola biləcəyinin fərqində olduğundan Vladimir Putin də təbrik məktubu göndərməklə sanki vəziyyəti yumşaltmaq üçün preventiv addım atmış oldu. Seçkidəki qələbəsindən sonra Putinin Trampı təbrik etməməsini D.Peskov buna hələ ehtiyac duymadıqları ilə izah etmişdi. Trampın dediklərindən belə nəticə çıxarmaq olar ki, “sövdələşmənin”( bu müqavilə deyil, bəyannamə də deyil, “beş aşağı, beş yuxarı” prinsipi ilə hər iki tərəfin nəyisə itirməsi, nəyisə qazanması barədə razılığa gəlməsinə yaxın bir məsələdir) mahiyyəti barədə Putinə məlumatlar çatdırılıb və müsbət reaksiya da alınmayıb. Hər halda təbrik göstərir ki, Kremldə ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi son 10 yanvar sanksiyasının ardınca enerji sektoruna yönəlik daha sərt məhdudiyyətlərin tətbiq olunacağının fəlakət həddinə çatacağının fərqindədirlər.
Bəs, sövdələşməyə tərəflər hansı şərtlərlə gedirlər? Rusiya və Ukrayna danışıqlara hazır olduqlarını bildiriblər, lakin bunun üçün onların fərqli tələbləri var. Moskva ilk növbədə Ukraynanın neytral və bloklara qoşulmama statusuna nail olmaq, həmçinin Krımdan, Donbassdan, Xerson və Zaporojye vilayətlərindən rəsmi şəkildə imtina etməsini istəyir. Üstəlik, sanksiyaların ləğv edilməsi də tələblərin sırasındadır. Kiyev isə NATO-ya daxil olmaqla təhlükəsizlik zəmanəti almaqda israr edir və ərazilərin itirilməsini etiraf etməkdən imtina edir. Bir-birinin tam əksi olan bu mövqelərin orta-konsensus xətti varmı?
Belə vəziyyətdə Tramp ilk növbədə kiminlə görüşəcək? Putinlə, yoxsa Zelenski ilə? Məntiqlə ilk növbədə Ukrayna prezidenti ilə görüşüb onun mövqeyini dəqiqləşdirməlidir. Zelenskinin mövqeyini qeyd etdik. Təbii ki, Tramp da öz prinsipini deyəcək. Bir neçə variant haqqında müzakirələr aparılsa da, böyük ehtimalla Trampın Zelenskiyə, yəni Ukraynaya təklifi belə olacaq: Ukrayna Rusiyanın işğal etdiyi ərazilərin Rusiyanın nəzarətində qalacağını qəbul edir, amma rəsmən o yerləri Rusiyanın ərazisi kimi tanımır və heç vaxt bu torpaqları hərb yolu ilə qaytarmayacağı şərtinə razılıq verir. Eyni zamanda ən azı 10 il ərzində NATO üzvü olmayacağı öhdəliyini götürür. Zelenski bu şərtlə razı olmadığı halda ABŞ-nin hərtərəfli dəstəyindən məhrum olacağını bildirir.
Növbəti görüş Putinlə olur və şərtini Kreml liderinə də çatdırır. Putin razılaşmadığı halda Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqi və Ukraynaya silah və maliyyə yardımının artırılacağı bildirilir.
Əslində, bu şərt daha çox Rusiyanın maraqlarına uyğundur və Dmitri Qordonun təbiri ilə desək Putin “ 9 may Qələbə günündə Qırmızı meydanda alman faşistləri üzərində qələbə çalındığı kimi Ukrayna faşistləri üzərində Rusiyanın qələbə qazandığını” elan edəcək. Bununla da “Xüsusi hərbi əməliyyatın” öz məqsədinə, yəni “denatsifikasiyaya”, “demilitarizasiyaya” çatdığını, qarşıya qoyduğu vəzifənin yerinə yetirildiyini təntənəli şəkildə Rusiya xalqına və dünyaya çatdıracaq. Şər imperiyası istədiyinə çatmış olacaq.
ABŞ bəlkə də fikirləşir ki, Putindən sonra Ukrayna və dünya birləşib Rusiyanın işğal etdiyi ərazilərin tamını olmasa da, müəyyən hissəsini geri qaytara biləcək. Rusiya cəmiyyətinə hakim kəsilmiş imperiya təfəkkürü demək olar ki, bu variantı mümkünsüz edir və Putindən sonra II Putinin, III Putinin Rusiyaya başçılıq edib, yeni ambisiyalarla dünyaya meydan oxuyacağı istisna deyil.
Böyük Britaniya başda olmaqla Avropa İttifaqı ( Macarıstan, Slovakiya istisnadır) Trampın mövqeyi ilə razılaşacaqmı? Suallar çoxdur, yaşayarıq görərik.
P.S. Mirzə Cəlil yaxşı deyib: “Doğrudan da bu nigarançılıq yaman şeydir”
İlham İsmayıl