Zənginliyin görk edilməsinin cəzası
Köşə
2650
26 Jun 2024 | 10:20

Zənginliyin görk edilməsinin cəzası

Tacikistanda təmtəraqlı toy və yas mərasimləri, ad günü və digər ziyafətlər təşkil edənlərin böyük məbləğdə cərimələnməsi ilə bağlı tətbiq edilən sanksiyalar regionda böyük marağa səbəb olub.
 
Belə bir qanun 2007-ci ildən varmış və bu günlərdə ona əlavə və düzəlişlər edilib, həm də cərimə məbləğləri artırılıb.
 
Təxminən o vaxtlarda Özbəkistanda da belə bir fərman verilmişdi ki, təmtəraqlı ziyafətlərdən imtina edilsin.
 
Bu, insanların “daha zəngin görünmək” yarışmasının, bəhsə girməsinin qarşısını almaq üçün düşünülmüşdü. Əslində bu, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə deyildi, zənginliyin görk edilməsinə qarşıydı.
 
Bu məsələ bizdə də aktual idi, həm də qat-qat artıq dərəcədə. Ancaq nədənsə biz vaxtında bu trendə qoşulmadıq.
 
Günü bu gün də yüz milyonlarla manat mənasız toy xərcləri üçün israf olunur. Varlı adamlar arasında əməlli-başlı yarışma, marafon gedir.
 
Bir imkanlı adam övladına təmtəraqlı toy edərək, ona bahalı cehiz verirsə, oğluna, kürəkəninə villa və lüks avtomobil bağışlayırsa, ondan bir həftə sonra toy edən varlı şəxs özündən əvvəlkinin “rekordlarını qırmaq” xətti tutur. O, əzizlərinə daha böyük villa bağışlayır, daha bahalı avtomobil bəxş edir, gəncləri İbiza, Maldiv kimi bahalı kurortlara toy səyahətinə göndərir, toy məclisinə ölkədən və xaricdə daha məşhur estrada “ulduz”ları dəvət edir və sair və ilaxır.
 
Beləcə, halal yolla qazanıldığı şübhə altında olan milyonlar havaya sovrulur. Alınan bahalı hədiyyələrin yenə bir dəyəri var, alınıb, qalır. Bu, itən-batan sərmayə deyil. Amma müvəqqəti, qısamüddətli dünya şöhrəti qazanmış bir “ulduz” üçün 1 milyon dollara yaxın pul xərcləməyə nə ehtiyac var?
 
Həmin “ulduz” hamının min dəfə eşitdiyi hitlərini toyda fonoqramla oxusa da, oxumasa da, məclis öz axarı ilə gedir. Bu sadəcə, quru şöhrət üçündür, qoy desinlər ki, filankəsin oğlunun toyunda filan “ulduz” oxuyub.
 
Sırf bu sözlər deyilsin deyə yüzlərlə istedadlı, savadlı, millətinə fayda verə biləcək yüzlərlə gəncin təhsil haqqı piarla şöhrət qazanmış müğənniyə verilir. 5-6 ildən sonra o müğənninin adı çəkiləndə tanıyan olmur, nanotexnologiyaları isə xeyriyyəçi sponsorlar hesabına dünyanın ən yüksək texniki universitetlərində təhsil almış yaponiyalı, koreyalı, sinqapurlu mütəxəssislər ixtira edir.
 
Ötən il Şəmkirdə bir iş adamı (pulunu Rusiyada qazanan biri) Türkiyədən övladının toyuna, necə deyərlər, bir ətək pul verərək, Mustafa Ceceli və Ebru Gündəşi gətirmişdi, bu gün xatırlayan varmı ki, o kimin toyu idi.
 
Artıq menyusu 400-500 manat olan toylar təşkil edilir. Masanın üzərində yüz cür naz-nemət olur və onların yarıdan çoxu elə masadaca qalır və geriyə, mətbəxə daşınır. İsrafçılıq!
 
Mərkəzi Asiya ölkələrində bu cür israfçılıqla ona görə mübarizə aparılır ki, bu cəmiyyətdəki təbəqələşmənin güzgüsünə çevirilir. Bir tərəfdə övladlarına yavan çörək qazanmaq istəyən, bundan ötrü Rusiyanın şəhərlərində küçə süpürən, inşaat sektorunda ən ağır işlərdə çalışan milyonlarla insan var, o tərəfdə ürəyi “quş südü” istəyən və buna yüz minlərlə dollar məsrəf edən bir ovuc oliqarx.
 
Belə təzadlar insanlara çox pis təsir edir. Sosial ədalətin olmadığı, vəhşi kapitalizmin qıcanan dişlərlə önünə çıxan hər şeyi parçaladığı bir durumda bir qrup insanın təmtaraqlı həyat tərzi sosial zümrələr arasında münaqişə yaradır, nifrətə səbəb olur.
 
Ona görə də bəzi ölkələrdə, o cümlədən Tacikistanda müxtəlif bayram və mərasimlərin keçirilməsi qaydalarını inzibati yollarla tənzimləyirlər ki, bəzilər qudurub əndazədən çıxmasın, xalqın yoxsul hissəsi də onlara baxaraq radikal ideyalara meyllənmsin.
 
SSRİ dövründə sosial zümrələr arasında fərq və uçurum bu dərəcədə dərin və geniş deyildi. Sovet rejimi vətəndaşların hamısını firavan edə bilmirdi, amma onun qayğısına qalırdı ki, nə heç kim acından ölməsin, nə də kimsə öz zənginliyi ilə başqalarının önündə lovğalanmasın.
 
Bu region yüksək rifah və intəhasız zənginlik içində yaşayan ölkələrin cəmiyyətindən çox fərqləndiyi üçün hələ bir müddət də varlılar öz sərvətləri ilə öyünəcək, maddi sıxıntı içində yaşayan yoxsullar isə onlara nifrət edəcəklər, amma nə vaxtsa hər şey adiləşəcək. Daha “filankəs övladına 400 min dollarlıq toy etdi” kimi xəbərlər manşet olmayacaq. Əksinə, bir çox zənginlər öz sadəlikləri, təvazökarlıqları ilə ad-san qazanacaqlar.
 
Bu, sonralar olacaq. İndilikdə isə harınlıq və qudurğanlıq edənləri inzibati qaydada cilovlamaq lazımdır. Onlar öz yaşam tərzləri ilə potensial təhlükədirlər.
 
Link kopyalandı!
Son xəbərlər