Yazar
Seymur Əliyev
Bütün yazılar
kse
4249
14 Nov 2014 | 11:20

İt dili və ya itdən dəyərsizlər...- FOTO

“Bədəninizin yanına ruh qoyun, ona ana dili əlavə edin, qarşınıza insan çıxar”.

Bu dəyərli sözlər məşhur türk mütəfəkkiri Gürbüz Azaka məxsusdur. Hansı ki, bu bir cümlədə ana dilinin hər bir fərd və xalq üçün önəmi bütün əzəməti və zəruriliyi ilə öz əksini tapıb. Doğrudan da, ana dili hər bir xalqın özünütəsdiqi və  özünəməxsusluğunun təcəssümüdür. Hər bir xalqın ana dilinə verdiyi önəm o xalqın anaya, vətənə və bayrağa olan sevgisi ilə düz mütənasibdir. Odur ki, bir xalqın bayraq və  vətən sevgisini müəyyənləşdirmək üçün onun ana dilinə olan münasibətini test etmək kifayətdir.

Lakin təəssüflər olsun ki, Azərbaycanın 20 ildən çoxdur ki, öz müstəqilliyinə qovuşmasına baxmayaraq, bu gün də ölkəmizdə ana dilinə lazımi hörmət və qayğı hiss edilmir. Sadəcə vətəndaşlar arasındakı ünsiyyətdə deyil, dövlət idarələri və müəssisələrdə, küçə və meydan adlarında da ana dilinə olan arzuedilməz münasibət özünü hiss etdirir.

Hazırda bir tək Sumqayıt şəhərində ana dilinə olan hörmətsizliyi əks etdirən yüzlərlə nümunə var ki, onlardan da bir çoxu sovet dönəmindən qala küçə adlarının, qəhrəman və ziyalılarının tanıtımına xidmət edən lövhələrin əcnəbi dildə olması ilə bağlıdır.   

Bu gün Sumqayıtda dənizkənarı parkla üzbəüz Səməd Vurğun küçəsində adıçəkilən məşhur Azərbaycan şairi ilə bağlı nəhəng bir lövhə yer alır ki,  bu lövhədə S.Vurğunun kimliyi vətəndaşlara rus dili və kiril əlifbası ilə təqdim olunur. Başqa sözlə desək, rus dili və kiril əlifbasından xəbərsiz olan bir insan üçün həmin lövhə S.Vurğunun kimliyi haqqında heç nə demir. Halbuki, müstəqillik əldə etdiyimiz gündən bugünə qədərki zamanı və ən əsası ana dilinin əhəmiyyətini nəzərə alaraq bu lövhənin 20 il bundan öncə dəyişdirilməsi zəruri idi. Lakin görünən odur ki, son 20 il ərzində 4-5 icra başçısı yola salan, hər qarışına, hər bir metrinə qədər satılan, qazanc mənbəyinə çevrilən şəhərdə nə Səməd Vurğunun şəxsiyyətinə, nə də ana dilinə hörmət bəsləyən bir məmur tapılmır. Görünən odur ki, bu ölkədə yalnız o məsələlərə diqqət yetirilir ki, ondan maddi qazanc əldə etmək, onun hesabına zəngin olmaq, sərvət və şöhrət sahibinə çevrilmək mümkün olsun. Görünən odur ki, bu ölkədə ana və  ana sevgisi ilə bağlı deyilənlər sadəcə pafos və nağıldır.

Və bu yerdə qeyri-ixtiyari olaraq Azərbaycanın unudulmaz şairi Bəxtiyar Vahabzadənin aşağıdakı şeiri yada düşür:

“Bir vaxt rusca idi bütün reklamlar,

Indi ingiliscə dürtülür gözə.

Itin də dilinə hörmətimiz var,

Təkcə öz dilimiz yaramır bizə”.

Bəli, təəssüflər olsun ki, müstəqillikdən öncəki və sonrakı bütün tariximiz ana dilimizdən başqa bütün dillərə, hətta it dilinə belə hörmət bəslədiyimizi sübut edir.  Əlbəttə, normalda bir xalqın digər xalqların dilinə hörmət bəsləməsi gözəl və təqdirəlayiqdir. Lakin bu, yalnız o halda təqdir edilə bilər ki, əcnəbi dilə olan bu hörmət ana dilinə hörmətsizlik fonunda meydana çıxmasın.

Şübhəsiz, hər bir xalqın, hətta itin belə dilinə hörmət etmək lazımdır və bu hörmət hər şeydən öncə həmin xalqın yüksək mədəniyyət və mənəviyyatına dəlalət edir. Fəqət unutmaq olmaz ki, it dilinə hörmətlə yanaşıb ana dilini gözardı edən kəs bir itdən daha dəyərsiz, daha önəmsizdir. Və öz dilinə it dili qədər dəyər verməyən xalqın sadəcə olaraq yaşam haqqı yoxdur.

 

Seymur Əliyev

e-mail: [email protected]

 

İt dili və ya itdən dəyərsizlər...- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/2485.jpg">
Link kopyalandı!
Son xəbərlər