Yazar
Elçin Qurbanov
Bütün yazılar
kse
5746
11 Nov 2014 | 11:16

Ev mülkiyyəti və vətənpərvərlik


Bəzən iqtisadiyyatın inkişafının nəticələri kimi hesab etdiyimiz əməli işlərin cəmiyyətə heç də yaxşı tövhələri olmur. Yəni inkişafın vəhşiləşmiş həddini müşahidə etməli oluruq. Sonda isə fərdə məxsus ən dəyərli keyfiyyətləri itiririk.

Bu gün ölkəmizdə çox böyük sürətlə tikinti işləri görülür. Bu işlərin görülməsi zamanı isə insanların mülkiyyətinə qarşı zor işlətmə hallarına yol verilir. Əgər bir quş yuvasının uçurdulması nə qədər anti-insani keyfiyyətləri özündə ehtiva edirsə,görün bir ailənin yuvasının dağıdılması hansı günaha və insanlığa zidd əxlaqa əsaslanır. Bunu adi qiymətləndirmək ona görə olmaz ki, bu yolla insanlarda ciddi şəkildə vətənpərvərlik hissləri məhv edilir. Məsələn, hər bir insanın yaşadığı evin tarixi, energetik yaddaşı və xatirələri onun sakinləri üçün mənəvi bağlılıq yaradır. Bu hisslər nostalji effektli yaddaş kimi də insan təxəyyülündə canlanır. Bəzən xatirələr o qədər əziz və sevimli olur ki, onu hər zaman xatırlamaq üçün ciddi ehtiyac yaranır. Həmin hisslər insan mənəviyyatının formalaşmasında əvəzsiz tövhələrə malikdir.

Hər hansı maraqların naminə böyük bir aləm qədər zəngin olan insan varlığının bütün düşüncələrini zədələyərək onu ən incə və müqəddəs duyğulardan məhrum etməyin nə demək olduğunu təsəvvür etmək o qədər də çətin deyil. Elə, obaya, anaya, ataya, vətənə bağlılıq da elə evə və yurda bağlılıqdan başlanır. Evinə bağlı olmayan insan onu qorumaz, evini qorumaq istəməyən insan vətənini qorumaz. Bu hisslər bir-biri ilə sıx bağlıdırlar və onun formalaşması iradədən asılı olmayaraq şüuraltı formada gedir.

Sizcə, insan resursları öz keyfiyyətini itirdikdən sonra cəmiyyət necə sağlam ola bilər? Mən isə belə qeyd edirəm -cəhənnəm olsun şəhərlərin gözəlliyi , əgər məqsəd gözəl şəhərdirsə daha yeni müasir şəhər salınsın, insanların mənəvi bağlılığını sarsıdan inkişaf xərabətdir.

 Uşaqlığınızı keçirdiyiniz, hər küncündə xatirələr yaşadığınız ata və yaxud baba yurdunuzu viran qoyduğunuz halda unutmayın ki, keçmişinizi və ən incə duyğularınızı viran qoyursunuz. Müqəddəs heç bir şey qalmadığı halda isə insan nəyə və kimə gərəkdir- onu deyə bilmərəm.

 Pulla belə hisslərin alınması daha geniş formada elə vətən torpağını da satmağa hazır olması kimi keyfiyyətləri əlaqələndirir. Odur ki, əziz həmvətənlər , yenə də yaxşı yaxşı düşünmək gərəkdir. Bu tendensiyaya son qoymaq lazımdır. Evinə yuvasına bağlı insanların iradəsinə qarşı zor tətbiq etməyi ən ağır cinayət kimi qanunvericilikdə təsbit etmək vacibdir. Əks təqdirdə onsuz da mənəvi cəhətdən deqrodasiya edən cəmiyyət ruhən ölü və cansız bir kütlə görüntüsündən başqa bir şey deyil. Sevgini,etibarı və inamı aradan qaldırmayın ki, onsuz da mənasız olan həyat bütün rənglərini tamam itirərək sizin üçün ağ qara ekrana çevrilməsin. Özünüzə qarşı heç olmazsa mərhəmətli olun. And olsun ki, aşındığımız kimi, bəlalarla baş- başa qalacağıq.

Link kopyalandı!
Son xəbərlər