Milli Şuranın vahid namizədi ətrafında yaranmış yersiz ikitirəlik və Rüstəm İbrahimbəyovun elə siyasətə qoşulduğu kimi Rusiya vətəndaşlığından imtina etməkdə də gecikməsi gerçəkdən könül bulandırmağa başlayıb. Daha mən demirəm ki, Milli Şuranın daxilində bu cür ziddiyyətlərə geniş meydan verilməsi boynuna almasa da nəinki müxalifətdən, hətta öz kölgəsindən belə qorxan hakimiyyətə rəqiblərini qaralamaq üçün göydəndüşmə fürsət vermiş olub. Ancaq mən bu dəfə Rüstəm İbrahimbəyovun siyasətdə təsadüfi adam olması barədə mətbuata yaşına, statusuna yaraşmayan açıqlamalarda bulunan bir zamanların məhşur personası, indilərdə isə ANS-dəki “Qulp” verilişində ara-sıra lağlağı,yüngül açıqlamalarıyla mövcudluğunu xatırladan Nizami Süleymanova cavab vermək üçün klaviaturanın canına düşmüşəm.
Əvvəla, kimsə deyə bilər sən kimsən ki, o boyda akademiki yüngüllükdə ittiham edirsən. Mən bu cür düşünənlərə bu müqəddəs Ramazan günlərində Allahdan şəfa diləyib bildirmək istəyirəm ki, akademiki Nizami Süleymanov olan millətin günü elə bu vəziyyətdə olar. Əlbəttə, onun elmdə bu pilləyə necə yüksəlməsini təftiş etmək fikrində deyiləm və əslində heç mənmiçün onun bioqrafiyasını saf-çürük etmək maraqlı da deyil. Sadəcə adam 68 yaşında hakimiyyətə yarınmaq üçün elə əzilib-büzülür ki, heyrətlənməyə bilmirsən. Burasıyla da işim yox, tanıyanlar onun xarakterini və nədən çay gəlməmiş çırmanmasını bilməmiş deyillər, zirək oxucular da həmçinin...
Bəli, mən də ölməz Nizaminin “usta bir pinəçi olsa da insan, yaxşıdı yarımçıq papaqçılıqdan” sözlərini tez-tez rəhmətlə xatırlayır, bəzən kimlərəsə xatırladıram. Mən Nizami Süleymanova yarımçıq akademik demək fikrindən uzağam, ən azından ilin-günün bu vədəsində onunla məhkəmədə dartışacaq halım yoxdur. Sadəcə Nizaminin bu sözlərini xatırlatmağı lazım bilirəm ki, elə o da nə siyasətçi ola bildi, nə ictimai xadim, nə alim. Lilli suyu süzmək üçün bir “Bulaq” aparatı icad elədi, fıs çıxdı, benzinə girişdi, çox keçməmiş sürücülər akademikin kəşfindən “feyziyab” oldular. Xülasə, sözümün canı odur ki, başqalarının bostanına daş atanda gərək bostanının daş-qalaq ediləcəyini də unutmayasan. Rüstəm İbrahimbəyovun ölkəni idarə edəcək keyfiyyətlərə sahib olmadığını iddia edən akademikdən görəsən soruşan olubmu ki, bəs 20 il öncə sən təsadüfi adam ola-ola nədən sinəni qabağa verib özündə Azərbaycanı idarə edəcək güc gördün?
Onun bir tərəfdən hakimiyyəti ikiəlli dəstəklədiyini deməsi, ardından da müxalifətdaxili inamsızlıqdan qayğılanması, bu azmış kimi Müsavatın da ehtiyat namizəd ideyasını canı dildən dəstəkləməsi çox gülməlidir. Adamı heyrət götürür ki, bu akademik əlində neçə qarpız tutmağa çalışır?
Amma məncə Rüstəm İbrahimbəyov haqqında nə qədər tənqidi fikirlər söylənilsə də azdır. Adama deyərlər ki, bilmirdinmi sən siyasətlə məşğul olmadıqca siyasət sənin özünlə məşğul olacaq, bu cür dilə-dişə düşəcəksən? Nizami Süleymanov deyir ki, mənim alim dostlarım Rüstəm müəllimin 74 yaşında sinəsini qabağa verməsinə çox anormal baxırlar. Bəli, şəxsən mən də bu yaşda adamın belə bir ağır, məsuliyyətli yükün altına girməsinə çox anormal baxıram. Ancaq gəlin görək normal olan nəyimiz var? Anormallığı şübhə doğurmayan cəmiyyətin, hakimiyyətin, eləcə də müxalifətin mövcudluğu şəraitində normal bir şey axtarmağın özü elə anormallıq deyilmi?