Şıxovda ərli qadının kişi ilə gizli görüşü şantajla bitdi: “Görüntüləri ailənə göndərəcəm” – TƏFƏRRÜAT
Kriminal
611
16:20, Bu gün

Şıxovda ərli qadının kişi ilə gizli görüşü şantajla bitdi: “Görüntüləri ailənə göndərəcəm” – TƏFƏRRÜAT

Bakıda 1987-ci il təvəllüdlü Amil münasibətdə olduğu qadını çəkdiyi görüntülərlə şantaj edib.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, Sabirabad rayon sakini Amil Əminə (adlar şərti verilib – red.) ilə münasibətdə olub, həmin hərəkətləri kamera ilə çəkib.
 
Daha sonra qadına onunla yaxın münasibətdə olması barədə ərinə, oğluna və qardaşına məlumat verəcəyini, telefonundakı görüş videogörüntüsünü onlara göndərəcəyini deyib. Amil rüsvayedici məlumatları yayacağı hədəsi ilə qadından 10 min ABŞ dolları tələb edib. Əminə rüsvayçı məlumatların yayılmaması üçün tələb olunan pulu verib.
 
Bundan başqa, Amil qadını eyni hərəkətləri ilə şantaj edib, ayrı-ayrı vaxtlarda ümumilikdə ondan 18500 manat alıb.
 
Təqsirləndirilən şəxs saxlanılan zaman üzərinə baxış keçirilib. Ondan bir ədəd sellofana bükülmüş təmiz çəkisi 2,160 qram olan heroin aşkar edilib.
 
Amilin barəsində Cinayət Məcəlləsinin 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə), 182.2.4 (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) və 234.1-1-ci (külli miqdarda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.
 
Amil elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərib ki, Sabirabad rayonunun kəndində qeydiyyatdadır, amma Bakı şəhərində yaşayıb. O, zərərçəkmişi şantaj etmədiyini, ondan pul tələb eləmədiyini deyib.
 
Zərərçəkmiş Əminənin ifadəsinə görə, 2022-ci ilin iyul ayında xarici mobil telefon nömrəsindən özünü Aqil adıyla təqdim edən, sonradan əsl adının Amil olduğunu bildiyi şəxs votsapdan yazıb, onu tanıdığını bildirib: “Tanımadığım üçün onu qara siyahıya atdım. Amma həmin şəxs yenidən yazaraq görüşmək istədiyini və təkidlə məni tanıdığını bildirdi. O, təxminən 1 ay müddətində yazdı. Kim olduğunu öyrənmək üçün onunla görüşmək qərarına gəldim”.
 
Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin avqust ayının sonlarında Amillə Səbail rayonu Şıxov qəsəbəsində dənizkənarı istirahət mərkəzlərinin birində kabinetli otaqda görüşüb: “Görüşdən təxminən 1-2 saat sonra mənə zəng vurdu, pulunu götürdüyümü bildirdi. Dedi ki, su almağa düşəndə zaman guya avtomobilinin saxlanc yerində 10.000 dollar məbləğində pul olub, guya həmin pulu götürmüşəm. Hətta bildirdi ki, həmin pula görə dayanacaqda “parkovşiki” döyüb və polisə müraciət edib. Mənimlə telefonda danışan zaman polis siqnalı səsi qoydu, dedi ki, polis bölməsinə məndən şikayət etmək üçün gəlib.
 
Amilə bir daha bildirdim ki, onun pulunu götürməmişəm. Cavabda dedi ki, əgər 10.000 dollar verməsən, həyat yoldaşına zəng edəcəm, birlikdə Şıxov qəsəbəsində istirahət mərkəzində olduğumuzu deyəcəm. Əlavə elədi ki, görüşümüzü telefonla videoya çəkib. Ona həyat yoldaşımın mobil telefon nömrəsini bilmədiyini dedim. Qayıtdı ki, həyat yoldaşının, oğlunun və qardaşının mobil nömrələrini bilirəm, nömrələri mənə göndərdi. İstirahət mərkəzində olanda ayaqyoluna gedəndə mobil telefonum Amilin yanında qalıb və kodsuz olduğu üçün həmin nömrələri götürüb.
 
Sonradan başa düşdüm ki, Amil şərləmək üçün məni avtomobildə tək qoyaraq su almaq üçün düşüb və əvvəlcədən planlaşdırılmış şəkildə mənimlə görüşüb”.
 
Zərərçəkmiş şəxsin sözlərinə görə, ailəsinin dağılmasından və rüsvay olmasından qorxduğu üçün Amilə iki dəfəyə 10.000 dollar pul verib: “Dedim ki, 10.000 dollarım yoxdur, 5.000 verə bilərəm. Amma birdəfəlik məndən əl çək. O da razılaşdı. Başa düşdüm ki, 10.000 dolları almamış əl çəkməyəcək. Buna görə səhərisi bankdan 10.000 dollar kredit götürdüm və dedim ki, gəlib pulu götürsün.
 
Amil özü gəlmədi, bir nəfər yaşlı kişi göndərdi. O, məndən 5.000 dolları götürdü. Amilin nömrəsini qara siyahıya atdım və ondan da mənim mobil nömrəmi silməsini istədim. Amil də razılaşaraq məndən pul aldığı gün nömrəmi siləcəyinə söz verdi. Təxminən 10 gün sonra Amil yenidən xarici nömrə ilə votsapda yazaraq məndən əlavə 5.000 dollar pul istədi və verməyəcəyim halda barəmdə rüsvayedici məlumatları ailə üzvlərimə göndərəcəyi ilə hədələdi. Qorxduğum üçün bankdan götürdüyüm 10.000 dollardan qalan 5.000-i də göndərdiyi adam vasitəsi ilə ona yolladım”.
 
Zərərçəkmiş şəxsin ifadəsinə görə, növbəti günlərdə Amil yenidən pul tələb etdiyi üçün ödəmə terminalı vasitəsilə kart hesabına 2.000 manat, bundan bir neçə gün sonra isə 500 manat göndərib:
 
“Amil yenə söz verdi ki, nömrəmi siləcək, məni daha narahat etməyəcək. Təxminən 2 ay Amildən xəbər olmadı, sevindim ki, əlaqəmiz kəsildi. Noyabr ayının əvvəllərində yenidən mənə başqa nömrədən zəng etdi, hədə-qorxu gələrək 15.000 manat tələb etməyə başladı. Göndərdiyi kart hesabına ödəmə terminalı vasitəsilə 2500 manat, həmin gün axşam saat 19 radələrində isə 1000 manat köçürdüm. Beləliklə həmin dövrdə Amilə ümumilikdə 3500 manat məbləğində pul göndərdim.
 
Amil niyyətini davam etdirdi, mənə hədə-qorxu gəlməyə davam etdi. Barəmdə rüsvayedici məlumatları yaymaması üçün ona 1000 manat da əlavə verdim".
 
Əminə qeyd edib ki, daha sonra Amil tələb etdiyi 15.000 manatın qalan 10.000 manatını da istəyib: “İki dəfəyə Amilə ümumilikdə 3.000 manat pul göndərdim. Daha pulum olmadığı üçün Amildən bir gün vaxt istədin. Səhərisi ödəmə terminalı vasitəsilə onun kart hesabına 4.000 manat, sonra isə 2.000 manat pul köçürdüm. Amil söz verdi ki, daha məni narahat etməyəcək. Bir neçə aydan sonra yenidən başqa nömrədən zəng etdi, pul tələb etdi. Onun göndədiyi kart hesabına 5.000 manat, ardınca 4.000 manat köçürdüm.
 
Amil hədə-qorxu gələrək, barəmdə rüsvayedici məlumatları yayacağı ilə məni şantaj edib və ümumilikdə 42.000 manat məbləğində pulumu ələ keçirib”.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsinə görə Amilə Cinayət-Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilib.
 
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 6 il müddətə azadlıqdan məhrum edilib. Cəzanın ümumi rejimli müəssisədə çəkilməsi müəyyən olunub.
 
Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi və zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilib. Müdafiəçi təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilməsini istəyib.
 
Zərərçəkmiş şəxs isə şikayətində təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, ona ağır cəza verilməsini xahiş edeib. Şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılıb və heç biri təmin edilməyib.
 
Bundan sonra təqsirləndirilən şəxsin müdafiəçisi Ali Məhkəməyə müraciət edib. Çikayət təmin olunmayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər