Xuliqanlıqda təqsirləndirilən Mayıl Bəşirovun (ad-soyad şərtidir - red.) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində sonuncu iclasda qərar elan edilib, şikayət qismən təmin edilib.
Belə ki, Tərtər Rayon Məhkəməsinin hökmü apellyasiya şikayətinə və "Konstitusiya və Suverenlik İli" ilə bağlı amnistiya aktına əsasən 2 il 6 aylıq həbs qərarı dəyişdirilib və müttəhimə şərti cəza verilib.
Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalından azad olunub.
İttihama görə, hadisə 07 mart 2025-ci il tarixdə saat 21 radələrində Tərtər rayonunun Seydimli kəndi ərazisində çayxanada baş verib.
Belə ki, Mayıl Bəşirov sərxoş vəziyyətdə çayxanaya gələrək heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə qarşı açıq hörmətsizlik nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verib. O, yüksək səslə nalayiq ifadələr işlədərək insanların istirahət hüququnu pozub və ətrafdakılara qarşı aqressiv davranış sərgiləyib.
Hadisənin gedişində təqsirləndirilən şəxs zərərçəkmiş Sahib Hacıyevlə (ad-soyad şərtidir - red.) mübahisə edərək onunla əlbəyaxa olub. Bu zaman o, çayxananın daxilində yerləşən əşyalara da zərər vuraraq zərərçəkmiş Fərrux Kərimov (ad-soyad şərtidir - red.) tərəfindən icarə əsasında istifadə olunan obyektə məxsus 16 ədəd stəkanı və 4 ədəd çayniki qəsdən sındırıb.
Bununla kifayətlənməyən Mayıl çayxananın qarşısına çıxaraq yerdən götürdüyü ağac parçası ilə Sahibə məxsus VAZ-2107 markalı avtomobilin ön alın şüşəsini sındırıb.
Hadisələrin davamına o, Sahibin evinin qarşısına gedərək nalayiq ifadələr işlədib.
Zərərçəkmiş şəxs küçəyə çıxdıqdan sonra isə Mayıl özü ilə əvvəlcədən gətirdiyi, istintaqa dəqiq məlum olmayan əşya ilə onun üz nahiyəsinə qəsdən zərbə endirərək Sahibə xəsarət yetirib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin zədələr sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.
Hadisə nəticəsində o, Sahibə məxsus avtomobilə 60 manat, kafenin istifadəçisi olan Fərruxa isə 24 manat məbləğində maddi ziyan vurub.
Tərtər Rayon Məhkəməsinin hökmü ilə Mayıl Bəşirov törətdiyi əməldə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.