Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə qardaşın bacısına qarşı törətdiyi dəhşətli cinayətə hüquqi qiymət verilib.
Moderator.az xəbər verir ki, Mahir Məmmədov Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
“Salon məsələsi” qanlı mübahisəyə çevrildi
İstintaq materiallarından məlum olur ki, hadisə 2024-cü ilin dekabrında paytaxtın Xətai rayonunda baş verib. Mahir Məmmədov bacısı Aygün Məmmədovanın işlədiyi marketə getsə də, onu iş yerində tapa bilməyib. Bacısı ilə telefon əlaqəsi saxlayan qardaş onun gözəllik salonunda olduğunu öyrənib və ünvanı tələb edib. Aygünü avtomobillə götürən Mahir Məmmədov yolda və evin qarşısında ona “icazəsiz salona getməsi” ilə bağlı irad bildirib.
Lakin mübahisə bununla bitməyib. İstintaqa görə, o, evə qalxaraq mətbəxdən bıçaq götürüb və yenidən aşağı düşərək bacısının yanına qayıdıb. Daha sonra Zığ yolu ərazisində, yaşayış binasının arxa hissəsində mübahisə yenidən alovlanıb və hadisə qanlı sonluqla nəticələnib. Mahir Məmmədov bacısına çoxsaylı bıçaq zərbələri endirib. Zərbələr döş qəfəsi, qarın boşluğu və digər həyati vacib orqanları əhatə edib. Zərərçəkmiş şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və yalnız həkimlərin vaxtında müdaxiləsi nəticəsində həyatı xilas edilib. Rəsmi sənədlərdə göstərilir ki, zərərçəkmişin ürək kisəsində qan toplanması, ağciyər və mədə travmaları, dalağın çıxarılması ilə nəticələnən ağır zədələr, onurğa beyninin zədələnməsi və aşağı ətrafların iflici kimi ağır nəticələr qeydə alınıb. Hadisədən sonra Mahir Məmmədov bacısının öldüyünü zənn edərək hərəkətlərini dayandırıb.
Məhkəmədə ifadə verən Mahir Məmmədov özünü qismən təqsirli bildiyini deyib. O iddia edib ki, məqsədi bacısını öldürmək yox, sadəcə qorxutmaq olub: “Bıçağı maşının qabağına qoymuşdum ki, qorxsun. Sonrasını xatırlamıram... Bir də gördüm ki, yerdə uzanıb".
Təqsirləndirilən şəxs hadisə zamanı “emosional partlayış” yaşadığını və zərbələrin sayını xatırlamadığını bildirib. O, eyni zamanda etiraf edib ki, bıçaqla vurulan şəxsin ölmə ehtimalını anlayıb.
Zərərçəkmişin hüquqi varisi – anası məhkəmədə çıxış edərək təqsirləndirilən şəxslə barışdığını və şikayətçi olmadığını deyib. O bildirib ki, qızı uzun müddət xəstəxanada qalıb, daha sonra ev şəraitində müalicə olunub. Lakin bu amil məhkəmənin qərarına təsir etməyib. Çünki ittiham irəli sürülən maddə ictimai təhlükəli ağır cinayətlər kateqoriyasına aiddir və belə hallarda barışıq məsuliyyəti aradan qaldırmır.
Hadisə şahidləri bildiriblər ki, qadın qışqıraraq kömək istəyib və qardaşı tərəfindən bıçaqlandığını deyib. Hadisə yerinə qısa müddətdə polis və təcili tibbi yardım briqadası gəlib. Şahidlərin sözlərinə görə, təqsirləndirilən şəxs hadisə yerində olub və törətdiyi əməli etiraf edib. Məhkəmənin hökmü ilə Mahir Məmmədov xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinərək 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. /Musavat.com/