Qabil Məmmədov vasitəsilə hədə-qorxu gələn sələmçi qadına hökm oxundu
Kriminal
260
13:52, Bu gün

Qabil Məmmədov vasitəsilə hədə-qorxu gələn sələmçi qadına hökm oxundu

Almaniyada yaşayan və özünü bloger kimi təqdim edən Qabil Məmmədov vasitəsi ilə zərərçəkmişlərə hədə-qorxu gəlməkdə, onların pulunu ələ keçirməkdə ittiham olunan Qönçə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Moderator.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin vəkili Şakir Ələsgərov çıxış edib. O, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
 
Qönçə Məmmədova son sözündə günahsız olduğunu bildirib. Deyib ki, 57 yaşı var, 2 ildir həbsdədir, barəsində ədalətli qərar qəbul edilməsini istəyir.
 
Bundan sonra hakimlər hökm elan edib, Qönçə Məmmədova 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, bundan əvvəlki iclasda çıxış edən prokuror Qönçə Məmmədovanın 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
 
Qönçə Məmmədova qanunsuz olaraq vətəndaşlara sələm verərək göstərdiyi xidmət qarşılığında müştərilərindən faiz alıb. O, 13 nəfərə 92 min 760 min manat pulu sələmə verib, hesabladığı faizlərlə birlikdə onlardan əlavə 51 min 675 manat pul alıb. Qadının bu və digər əməllərinin üstü müştərilərindən ikisini şantaj etdikdən sonra açılıb.
 
İstintaq materiallarında qeyd edilib ki, Q.Məmmədova ondan pul götürən Gülayə Quliyeva və Fəridə Fərzəliyevaya borclarından əlavə pul hesablayıb. Zərərçəkmiş şəxslər sələmçinin tələbləri ilə razılaşmadıqda isə şantaj olunublar. Təqsirləndirilən şəxs həmcinslərini şantaj etmək üçün maraqlı yola əl atıb. O, zərərçəkmişləri üçüncü şəxs vasitəsilə tanıdığı, hazırda Almaniyada yaşayan bloger Qabil Məmmədovla hədələyib.
 
Zərərçəkmiş xanımlar şikayətlərində yazıblar ki, Qönçə Məmmədova onlara yutub və digər sosial şəbəkələrdə Qabil vasitəsilə rüsvay edəcəyini, şərəf və ləyaqətlərini alçaldacağını deyib. Onlar razılaşmadıqda isə özlərinin və qohumlarının sosial şəbəkə hesablarından toplanmış şəkil və videolar Qabilə göndərilib.
 
Bundan sonra sövdələşməyə əsasən, Qabil özünün sosial şəbəkə üzərindən fəaliyyət göstərən kanalında G.Quliyevanın və xalası qızının şəkillərini paylaşıb, guya onların müxtəlif cinayətlərdə iştirak etdiklərini deyib, onlar haqda rüsvayedici ifadələr işlədib.
 
Sələmçi qadın digər zərərçəkmişi də eyni cür şantaj edib. Zərərçəkmiş F.Fərzəliyevanın şikayətinə görə, Qönçə Qabili xalası oğlu kimi təqdim edib. Deyib ki, əvvəl G.Quliyeva adlı müştəri də onun dediklərinə əməl etməyib, bu səbəbdən Qabil vasitəsilə rüsvay edilib. F.Fərzəliyeva Qabilin nalayiq sözlərindən qorxduğu üçün sələmçi qadınla razılaşmağa çalışıb. Lakin sonradan qanunsuz tələblərindən bezərək prokurorluğa şikayət etmək qərarına gəlib.
 
Cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılıb.
 
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qönçə Məmmədova özünü qismən təqsirli hesab edib. İlkin ifadəsində zərərçəkmişlərin ona olan borcunu qaytarmadıqlarını deyib. G.Quliyeva haqda məlumatları da Qabilə göndərib ki, bu yolla onlara təsir etsin. Dediyinə görə, daha əvvəl G.Quliyeva barədə polisə şikayət edib. O, Qabil Məmmədovun xalası oğlu olmadığını, onunla digər şəxsin vasitəsilə tanış olduğunu bildirib.
 
Bu işlə bağlı Qönçə Məmmədova ilə birgə Qabil Məmmədov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin ölkə hüdudlarından kənarda olduğu üçün ona ittiham elan edilməyib.
 
Blogerin Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə başlanmış cinayət işi ayrıca icraata götürülüb. Qönçə Məmmədovaya isə 182-ci maddə ilə yanaşı, 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə ittiham elan edilib.
 
 
Link kopyalandı!
Son xəbərlər