Sosial şəbəkədə başlayan mübahisə qanlı olayla bitdi: “Əvvəl söydü, sonra bıçaqla hücum etdi” 
Kriminal
382
15:14, Bu gün

Sosial şəbəkədə başlayan mübahisə qanlı olayla bitdi: “Əvvəl söydü, sonra bıçaqla hücum etdi” 

İmişli rayonunda 2008-ci il təvəllüdlü Rəvan mübahisə zamanı tanışı Ruslanı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə 2024-cü il yanvarın 8-də rayon icra hakimiyyətinin inzibati binasının qarşısındakı Heydər Əliyev adına parkda baş verib.
 
Rəvan yanvarın 6-da Ruslanın onu nalayiq ifadələrlə təhqir etdiyinə görə votsap vasitəsi ilə onun tanışı Ramilə mesaj yazıb. Ruslanı bıçaqla vuracağı, əks halda özünü təhqir olunmuş hesab edəcəyi məzmununda səsli ismarıc göndərib. Ramil səsli ismarıcı Ruslana yönləndirib.
 
Bundan qəzəblənən Ruslan yanvarın 8-də votsapda Rəvana nalayiq ifadələrdən ibarət səsli və yazılı ismarıclar yollayıb. Rəvan qisas niyyəti ilə onu öldürmək qərarına gəlib. Yaşadığı evdən bıçaq götürərək Ruslanla görüşə yollanıb. Küçədə əlbəyaxa mübahisə zamanı şalvarının arxa cibindən yerə düşən bıçağı götürərək Ruslanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmağa başlayıb.
 
Həyatına təhlükə olduğunu görən Ruslan qaçaraq uzaqlaşmaq istəyib. Rəvan da onun arxasınca qaçıb. Aldığı bıçaq zərbələrinin təsirindən müvazinətini itirərək yerə yıxılan Ruslana çatıb, yerdə uzanıqlı vəziyyətdə onu öldürməməsi barədə aman diləyən yalvarışlarına məhəl qoymayıb, yenidən zərbələr yetirib.
 
Hadisə yerində olan şəxs onları aralamağa çalışıb. Ruslan oradan qaçaraq gedə bilib. O, İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin göstərdikləri tibbi yardım nəticəsində həyatı xilas olunub.
 
Rəvanın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
 
Rəvan elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Ruslanı son 1-2 il ərzində məhəllə uşağı kimi tanıyıb: “2024-cü ilin yanvar ayına qədər aramızda hər hansı münaqişə, dava-dalaş olmayıb. Sonralar mübahisəyə görə aramızda düşmənçilik yaranıb. 2024-cü il yanvarın 6-da təxminən saat 12 radələrində Musa adlı tanışımla küçədən keçərkən Ruslan və onun yanında olan tanımadığım bir şəxslə qarşılaşdım. Mənə məlum olmayan səbəblərdən Ruslanla Musanın arasında sözlü mübahisə yarandı. Mübahisənin sonunda Ruslan hər ikimizin ünvanına ağır söyüş söydü.
 
Mən də Ruslandan günahım olmadığı halda nə üçün məni söydüyünü soruşdum. Bu zaman Ruslan üzərimə gəldi və mənə qarşı təhqiredici ifadələr işlətdi. Mən də Ruslana işlətdiyi söyüşlərə görə söhbətin burada qalmayacağını dedim. Musa ilə birlikdə oradan getdik”.
 
Təqsirləndirilən şəxs deyib ki, Ruslanla olan ortaq tanışları Ramili məhəllə uşağı kimi tanıyır və aralarında dostluq münasibəti var: “Hadisə günü Ramil mənə votsapda Ruslanın göndərdiyi mesajı yönləndirdi. Həmin mesajda Ruslan məni görəni vurmayanın bacısı haqqında nalayiq sözlər yazmışdı. Ramil mənə rayona çıxmamağımı, məni vurduracağını bildirdi. Mən isə ortaq tanışlarımıza məni söydüyünə görə Ruslana bıçaq soxaraq içəri girəcəyimi, soxmasam mənim peysər olduğumu votsap vasitəsilə səs yazısı formasında atdım”.
 
Rəvanın sözlərinə görə, yanvarın 8-də, saat 21 radələrində Ruslan ona votsap vasitəsilə iki dəfə zəng edib: “Mən ona “Salam” yazdım. Ruslan isə cavabında mənim ona salam verməyimə təhqiredici ifadələrlə cavab verdi. Mən də ona eyni sözlərlə cavab yazdım. Ona “bu nə danışıqdır” yazdım. Ruslan isə yenidən söyüş yazaraq harada olduğumu soruşdu. Ruslan mənim Ramilə atdığım səs yazılarını mənə göndərdi və söyüş söydü. Mən isə Ruslanın həmin söyüşünə “darıxma” deyə cavab yazdım. Ruslan mənim küçəyə çıxmağımı istədi, özünün də küçəyə çıxacağını bildirdi”.
 
Rəvan deyib ki, bu söhbətləri yanvarın 6-da aralarında baş verən mübahisəyə aydınlıq gətirmək istəyiblər: “Mən evdə mətbəxə keçdim və dolabdan bıçağı götürərək sol yan cibinə qoydum. Sonra küçəyə çıxdım. Evdən çıxarkən yaşadığımız evin həyətində marketdə olan atam məni gördü, hara getdiyimi soruşdu. Mən yalandan yaxınlıqda yaşayan qohumum İslamdan göyərçin almağa getdiyimi söylədim. Atam isə tez qayıtmağımı tapşırdı. Sonra Ruslanın yaşadığı küçəyə tərəf getdim. Ruslanın yaşadığı evlə mənim yaşadığım evin arasında 150-200 metr məsafə var. Küçənin əyri hissəsində Ruslanla qarşılaşdım. Onun yanında məhəllə uşağı kimi tanıdığım şəxslər də olub. Mən Ruslan və digər uşaqlarla salamlaşdım. Ruslanın sağ əlində sap hissəsi sarımtıl rəngdə bıçaq olub. Ruslan mənimlə mübahisə etməyə başlayan kimi digər məhəllə uşaqları mobil telefon vasitəsilə mübahisəni video qeydə almağa başladılar. Mən Ruslandan ünvanıma nə üçün söyüş söydüyünü soruşdum. O, isə məndən söyüşü nə üçün üzərimə götürdüyümü soruşdu. Mən də ona “siz” dediyi üçün söydüyü söyüşü üzərimə götürdüyümü dedim. Ruslan əlindəki bıçağı mənə uzatdı və dedi ki, məni vurmaq istəyirdin, al bıçağı, vur görüm, nətər vurursan. O, həmçinin məni söydü, ona heç bir söz dəmədim”.
 
Təqsirləndirilən şəxs deyib ki, daha sonra Ruslan əlindəki bıçağı yanlarında olan tanışlarından birinə verib: “Daha sonra Ruslan əynindəki jileti çıxardı, üzərimə gələrək məni əl-qol zərbələri ilə vurdu. Mən yerə yıxıldım və sağ arxa cibimdəki bıçaq yerə düşdü. Bundan sonra bıçağı yerdən götürərək Ruslana tərəfə, bilmədiyim istiqamətlərdə hərəkət etdirdim. Eyni vaxtda Ruslan da məni yumruq-təpiklə vurmaqda davam etdi. Məqsədim Ruslanın zərbələrindən özümü qorumaq olub. Bundan sonra Ruslan məndən ayrılaraq yolun kənarındakı hasardan özünü içəri atdı. Mən isə öz evimiz tərəfə qaçdım. Yolda bıçağı dalaşdığımız yerdən bir qədər aralıda, asfalt yolun üzərinə atdım. Evə gəldikdə adi davranışla evə daxil oldum. Lakin atam hərəkətlərimdə qəribəlik hiss edərək nə olduğunu soruşdu. Atama məni söydüyü üçün Ruslanı bıçaqladığımı dedim. Atam bu sözləri eşitdikdən sonra şoka düşdü. Marketi və darvazanı bağlayaraq Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat verdi. Mən marketdə oturaraq polisin gəlməsini gözlədim. Bir müddət sonra polislər gəldilər”.
 
Zərərçəkmiş Ruslanın sözlərinə görə, Rəvanla qonşudurlar, uşaqlıqdan bir yerdə böyüüblər, aralarında heç vaxt problem olmayıb, birlikdə idmana gediblər: “Hadisə günündən iki gün əvvəl, yəni yanvarın 6-da Rəvanın dostu “İnstagram”da pis sözlər yazdı. Həmin şəxsi tutaraq ona pis sözlər dedim. Rəvan da elə bildi ki, həmin sözləri ona deyirəm. Rəvan məndən niyə elə sözlər dediyimi soruşdu. Mən də onun qolundan tutaraq parka tərəf apardım. Orada Rəvana “biz dostuq, mən sənə heç vaxt elə söz demərəm” dedim. O, isə məni başa düşdü. Dəqiq bilmədim ki, həmin gün idi, yoxsa, sonrakı gün idi, axşam telefonuma mesaj gəldi. Həmin mesajı mənə digər dostum atdı. Mesajda Rəvan mənə nalayiq sözlər yazmışdı. Fikirləşdim ki, dost olduğumuz halda niyə belə mesaj yazıb. Rəvana zəng etsəm də, ona zəng çatmadı. İkinci dəfə zəng etdim, Rəvanla görüşdük. Sonda mübahisəmiz qanlı cinayətlə bitdi”.
 
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəvan 5 il 7 ay 15 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
 
Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, müvəkkilinin barəsində olan cəzanın daha yüngül cəza ilə əvəz olunmasını istəyib.
 
Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.
 
Bundan sonra eyni tələblə Ali Məhkəməyə müraciət edilib. Yuxarı instansiya məhkəməsinin hakimləri kasasiya şikayətini qismən təmin ediblər.
 
Təqsirləndirilən şəxsin ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi həmin məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilib və onun barəsində olan 5 il 7 ay 15 gün cəza təyin olunub.
Link kopyalandı!
Son xəbərlər