Oliqarx oğlu ilə bağlı vəsatət kəskin etiraz doğurdu – “Bu qədər yalan, bu qədər absurd olar?”  
Kriminal
300
15:44, Bu gün

Oliqarx oğlu ilə bağlı vəsatət kəskin etiraz doğurdu – “Bu qədər yalan, bu qədər absurd olar?”  

Məhkəmə eksperti Elşən Məmmədov SOCAR-ın sabiq vitse-prezidenti, oliqarx Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ekspertizadan keçirilməsi qaydası ilə bağlı vəsatətlə çıxış edib.
 
Ekspert Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinova vəsatət yollamaqla iş üzrə cavabdeh Orxan İsmayılzadənin martın 13-də, iddiaçı Fidan Abbasova və qızı Nil İsmayılzadənin martın 12-də ekspertizadan keçirilməsini xahiş edib.
 
Bu barədə Musavat.com-a məlumat verən Fidan Abbasova ekspertizanın keçirilməsi qaydasına etiraz edib: “Harada görülüb ki, uşaq bir gün, ata bir başqa gün ekspertizadan keçirilir? Bunlar nə qanunsuzluq edirlər? Yalandan deyirlər ki, guya məndən qorxub çəkinirlər, ona görə ekspertizaya gəlmirlər. Bu qədər yalan, bu qədər absurd olar? Orxan İsmayılzadə əvvəlki ekspertizaların işinə qatılmamaq üçün müxtəlif bəhanələr ortaya atırdı. İndi də bu cür oyunlar oynayırlar”. 
 
Xəbər verdiyimiz kimi oliqarx oğlunun ekspertizadan – atalıq testindən keçirilməsi haqda Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinov bu ilin yanvarında qərar verib. Hakim icraatında olan iş üzrə həqiqətin üzə çıxması üçün Orxan İsmayılzadənin atalıq testindən keçirilməsini zəruri hesab edib. Lakin Orxan İsmayılzadə fevralın 6-na təyin olunan ekspertizaya qatılmayıb. Buna qədər iş üzrə ayrı-ayrı məhkəmə instansiyalarında Orxan İsmayılzadə və qızı Nil İsmayılzadənin DNK ekspertizasından keçirilmələri haqda 5 məhkəmə qərar verib. Həmin qərarların icrası Orxan İsmayılzadənin ekspertizaya qatılmamasına görə baş tutmayıb. Hazırki məhkəmə araşdırması da Orxan İsmayılzadənin Sabunçu Rayon Məhkəməsinin 2(008)-5306/2024 saylı 23.09.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti əsasında aparılır.  O, Sabunçu Məhkəməsinin qətnaməsinin ləğvini istəyir. İş üzrə iddiaçı Fidan Abbasovanın vəkilləri isə Sabunçu məhkəməsinin alimentlə bağlı hissəsi ilə razı deyillər. Onlar Orxan İsmayılzadədən qızı Nil İsmayılzadənin saxlanılması üçün məhkəmənin hər ay üçün kəsdiyi alimentin 500 manatdan 2 min manata qaldırılmasını istəyirlər.
 
Qətnamənin qalan hissəsinin əsaslı və qanuni olduğunu qeyd edirlər. Məsələnin mahiyyəti budur ki, Fidan Abbasova uzun illərdir qızı Nilin atasının Orxan İsmayılzadə olmasını sübut etməyə çalışır. Lakin Orxan İsmayılzadə ötən illər ərzində qızı Nilə soyadını, adını verməkdən boyun qaçırıb, uşağın saxlanılması üçün tələb olunan vəsaiti ödəməkdən yayınıb. Buna görə də Fidan Abbasova məhkəmə qaydasında Orxan İsmayılzadənin övladının atası olmasını sübut etmək məcburiyyətində qalıb. İllər öncə məkəməyə təqdim etdiyi iddiası üzrə yekun qərar verilmədən geri götürülmüşdü. Fidan Abbasova mətbuata açıqlamasında bildirmişdi ki, 2017-ci ildə Sabunçu məhkəməsinə iddia təqdim edərək övladının atasının müəyyən edilməsini xahiş edib.
 
Lakin o zaman Fidan Abbasova aldadılmaqla iddiasını geri çəkib. 7 il sonra, 2024-cü ildə o, icraata xitam verilməsi barədə Sabunçu Rayon Məhkəməsinin qərardadını alıb və iradəsi əksinə olan qərardadın ləğvini xahiş edib. Qərardad ləğv ediləndən sonra yenidən Sabunçu Rayon Məhkəməsində eyni predmet üzrə məhkəmə araşdırmaları başlayıb. Məhkəmədə Fidan Abbasova bildirib ki, Orxan İsmayılzadə ilə faktiki nikahdan 05.05.2015-ci il təvəllüdlü Nil adlı qızı dünyaya gəlib. Buna görə də məhkəmədə övladının adının atasının Orxan İsmayılzadə olmasının müəyyən edilməsi və buna dair doğum aktı qeydinin aparılması barədə qətnamə qəbul edilməsini xahiş edib.
 
Fidan Abbasovanın nümayəndəsi isə tələb edib ki, Orxan İsmayılzadədən 17.01.2017-ci il tarixdən başlamaqla 05.05.2015-ci il təvəllüdlü Nil Orxan qızı Abbasovanın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 2 min manat pul tutulsun. Nümayəndə məhkəmədə Orxan İsmayılzadə ilə Fidan Abbasovanın ailə qurmasıyla bağlı fikirlərini belə əsaslandırıb: “Orxan Mikayıl oğlu İsmayılzadə 2012-ci ilin may ayında Fidan Abbasova ilə tanış olaraq ailə qurmaq qərarına gəlib və faktiki nikaha daxil olaraq birgə yaşamağa başlayıblar. Orxan İsmayılzadə özünün mobil nömrəsi 050-450-X0-X0 olduğu üçün ona da həmin nömrəyə uyğun olaraq 055-450-50-X0 mobil telefon nömrəsi və digər əşyalar alıb. Bakı şəhərində yaşadıqları təxminən 6 ay ərzində dəfələrlə görüşüblər və faktiki nikah münasibətləri davam edib. Faktiki nikaha daxil olduqdan sonra cavabdeh ona Almaniya Respublikasına getməyi təklif edib. Bu məqsədlə viza əldə edərək Almaniyaya gedib və özünün Münhen şəhərində yerləşən evində birlikdə yaşayıblar. Almaniyada yaşadıqları müddət ərzində bir sıra başqa ölkələrə səfərlər ediblər. Bu xüsusat Fidan Abbasova və Orxan İsmayılzadənin pasportlarında olan eyni tarixdə sərhəd-buraxılış məntəqəsində aparılmış qeydlərlə təsdiq olunur.
 
Beləliklə, 2012-ci ilin may ayından 3 sentyabr 2016-cı il tarixədək Orxan İsmayılzadə ilə faktiki nikah münasibətlərində olublar. Faktiki nikahdan 5 may 2015-ci il tarixdə Nil adlı qızları anadan olub. Orxan uşağın atası olduğu halda, uşağın atası kimi yazılmasına dair ərizə verməyib, səbəbini onunla əsaslandırıb ki, onun valideynləri uşağın atası kimi yazılmasına razılıq vermirlər və hətta bununla əlaqədar atası onu döyüb. Nəticədə faktiki nikahdan 5 may 2015-ci il tarixdə anadan olmuş uşağın ata adından istifadə etmək hüququ pozulub”. Orxan İsmayılzadə Fidan Abbasovanın iddiası əsasında başladılan məhkəmə proseslərinə gəlməkdən boyun qaçırıb. Məhkəmənin təyin etdiyi “atalığın müəyyən edilməsinə dair” ekspertizadan da keçməkdən yayınıb.
 
Məhkəmə iddiaçını və iş materiallarında olan sənədləri araşdırmaqla iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarıb. Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinov hesab edib ki, həqiqətin üzə çıxması üçün Orxan İsmayılzadə və qızı Nil İsmayılzadə DNK testindən keçməlidirlər.
Link kopyalandı!
Son xəbərlər