Bizi sosial şəbəkələrdən izləyin:
Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Namiq Talıbovun (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, müttəhim 5 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, Namiq Talıbov ötən il Bakı şəhərinin Suraxanı rayonu, H.Əliyev prospektində yerləşən "Ağ çiçəyim" gül mağazasının yaxınlığında tanışı, əvvəllər tikinti sahəsində birlikdə işlədiyi zərərçəkmiş Rauf Rəfiliyə (adı, soyadı şərtidir - red.) bıçaqla xəsarətlər yetirib.
İş materiallarına əsasən, tərəflər arasında mübahisəyə səbəb 170 manat məbləğində pul borcu olub. Belə ki, Namiq həmin məbləği Raufdan dəfələrlə tələb etsə də, sonuncu borcunu qaytarmaqdan imtina edib. Bu səbəbdən aralarında mübahisə yaranıb. Bu zaman təqsirləndirilən şəxs tanışına bıçaqla qəsdən üç dəfə zərbə endirib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarətlər həm ümumilikdə, həm də ayrı-ayrılıqda səhhətin uzun müddətə pozulmasına səbəb olan və insan həyatı üçün təhlükəli hesab edilən sağlamlığa ağır zərər kimi qiymətləndirilib.