Bizi sosial şəbəkələrdən izləyin:
Xuliqanlıq niyyətli ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda və xuliqanlıqda təqsirləndirilən Əsəd İmanlının (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub, müttəhim 6 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, 2006-cı il təvəllüdlü Əsəd İmanlı 29 iyul 2025-ci il tarixdə saat 21 radələrində Bakı şəhərinin Xəzər rayonu, Binə qəsəbəsində - 160 saylı xətt avtobusunun sonuncu dayanacağının yaxınlığında yerləşən kafedə tanışı, zərərçəkmiş Bağır Bəşirovla (adı, soyadı şərtidir - red.) görüşüb. Tərəflər kafedə xeyli müddət söhbət ediblər.
İş materiallarına əsasən, saat 23 radələrində onlar kafedən küçəyə çıxaraq söhbəti davam etdiriblər. Bu zaman evə getmək istəyən zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi də evə yola salmaq məqsədilə iki taksi sifariş edib. Lakin Əsəd taksiyə minməkdən imtina edib. Həmin vaxt Bağırın onunla kobud danışmasını bəhanə edən Əsəd aqressiv davranış sərgiləyib.
O, cibində gəzdirdiyi bıçağı çıxararaq zərərçəkmiş şəxsə qarın nahiyəsindən bir dəfə qəsdən zərbə endirib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və insan həyatı üçün təhlükəli hesab edilən ağır dərəcəli zərər kimi qiymətləndirilib.