“Qadınsan, otur yerində...” – Nərimanov Məhkəməsində GƏRGİN proses
Kriminal
301
12:17, Bu gün

“Qadınsan, otur yerində...” – Nərimanov Məhkəməsində GƏRGİN proses

Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
 
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, Azər Cümşüdova “Baksol” yolu ərazisində “Sab Azərbaycan” şirkətinin əməkdaşı, 27 yaşlı Cümşüd Cümşüdlünün faciəli ölümü ilə bağlı ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamları qəbul etmir. Ötən məhkəmə iclasında Azər Cümşüdov arayış təqdim edərək bildirib ki, əvvəlki prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi Fəridə Abbasovanın yas mərasimi ilə bağlı dedikləri həqiqəti əks etdirmir.
 
Onun sözlərinə görə, Vidadi Abbasov tərəfindən təşkil olunan yas məclisində təxminən 2 min nəfər iştirak edib və mərasim el adətlərinə uyğun keçirilib. Daha sonra mərhumun anası, zərərçəkmiş şəxsin hüquqi varisi Fəridə Abbasova ifadə verərək şikayətçi olduğunu və hadisəyə görə bütün təqsirkarların qanunla cəzalandırılmasını istədiyini bildirib.
 
O qeyd edib ki, hadisə ötən il iyunun 26-da, qeyri-iş günündə baş verib. Oğlu mağazaya getmək üçün evdən çıxıb və geri qayıtmayıb. Gecə saatlarınadək ondan xəbər ala bilməyən ailə üzvləri Daxili İşlər Nazirliyinin “102” qaynar xətti ilə əlaqə saxlayıb, daha sonra polis və prokurorluq orqanlarına müraciət ediblər. Fəridə Abbasovanın sözlərinə görə, sonradan ona oğlunun taleyi barədə məlumat verilib. O, həmçinin, bildirib ki, qaynı Vidadi Abbasov ondan şikayətçi olmamasını tələb edib və yas mərasimi onun razılığı olmadan təşkil olunub.
 
İfadəsində o, yas mərasimi ilə bağlı ailədaxili narazılıqların yarandığını da qeyd edib. Zərərçəkmiş şəxsin hüquqi varisi əlavə edib ki, hadisə baş verən ərazi onların yaşadıqları ünvandan uzaqdır və oğlunun ora hansı səbəbdən getməsi onun üçün də aydın deyil. Ehtimal olunur ki, mərhum avtomobilində yaranmış nasazlıqla bağlı ustaya müraciət etmək istəyib.
 
Məhkəmədə şahid qismində ifadə verən Bakı Su Kanalı İdarəsinin təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov bildirib ki, qəza barədə məlumat alan kimi Azər Cümşüdovu hadisə yerinə göndərib. Onun sözlərinə görə, əraziyə əvvəlcədən təhlükəsizlik məqsədilə məhəccər və xəbərdarlıq lenti çəkilib. Həmin konstruksiyaların kim tərəfindən götürüldüyünün araşdırılmalı olduğunu deyən şahid təhlükəsizlik ləvazimatlarına nəzarətin xətt baxıcılarının vəzifəsinə aid olduğunu vurğulayıb. Şahid əlavə edib ki, kanalizasiya xəttinin üzərində qanunsuz mağazalar tikilib və qurumun hüquqşünasları bu obyektlərin təhlükəli zonada yerləşdiyini sahiblərinə mütəmadi olaraq bildiriblər. Azər Cümşüdov barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.
 
Xatırladaq ki, ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra – iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında aşkarlanıb. Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ilə ittiham irəli sürülüb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər