Bərdədə xəyanət üstündə tutulan qadın gecə ərini öldürdü: “Diz çökməyimi tələb edirdi” – TƏFƏRRÜAT
Kriminal
371
14:16, Bu gün

Bərdədə xəyanət üstündə tutulan qadın gecə ərini öldürdü: “Diz çökməyimi tələb edirdi” – TƏFƏRRÜAT

Bərdə rayonunda 1994-cü il təvəllüdlü Fidan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Şirvanı (adlar şərti verilib – red.) qətlə yetirib.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, Mingəçevir şəhər sakini Fidan 2014-cü ilin noyabr ayından Şirvanla rəsmi nikahda olmaqla birgə yaşayıb, üç azyaşlı övladları olub.
 
Fidan ailə dəyərlərinə laqeyd münasibət göstərərək 2022-ci iyul ayının ikinci on günlüyündə istifadəsində olan mobil telefonda “Facebook” sosial şəbəkəsində əvvəllər tanımadığı Ruslanla tanış olub. Bir neçə gün Ruslana özünü subay diş həkimi kimi təqdim etsə də, Ruslanın gözlənilməz telefon zəngi nəticəsində əri və digər yaxın qohumları tərəfindən xəyanəti üzə çıxıb.
 
Fidan əri Şirvan tərəfindən döyülüb, həmçinin qətl hadisəsi baş verənə kimi əri tərəfindən ölümlə hədələnib. 2022-ci il iyulun 29-dan başlayaraq yaşadıqları Bərdə rayonunun kəndində ikimərtəbəli evin birinci mərtəbəsinin qonaq otağında qadın 2-3 saat fasilələrlə döyülüb, qaz tapançası ilə öldürüləcəyi ilə hədələnib.
 
Gecə təxminən saat 3-4 radələrində qadın sərxoş vəziyyətdə olan ərini mətbəxdən götürdüyü bıçaqla vurub. Cinayəti övladının gözü qarşısında törədib. Kişi aldığı ağır xəsarətlərdən ölüb.
 
İstintaq orqanı tərəfindən Fidanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə ibtidai istintaq zamanı Fidan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, hadisədən 3-4 gün əvvəl “Facebook” sosial şəbəkəsinə daxil olub və Ruslan adlı əvvəl tanımadığı istifadəçi tərəfindən dostluq təklifi alıb: “Təklifi qəbul etdim. Özümüz haqqında yazışmağa başladıq. Bir-birimizə mobil telefon nömrələrimizi verdik. Ruslanla tanış olduqdan sonra dəqiq xatırlamadığım tarixdə Şirvan evdə olarkən mənə zəng etdi. Mən isə zəng edənin kim olduğunu bilmədiyimi dedim”.
 
“Ruslana görüşmək istədiyini dedi”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ildə Şirvanın xalası oğlunun toyundan çıxıb, evlərinə gələrkən yolda Ruslandan ona yenə zəng gəlib: “Ərim mobil telefonu məndən aldı, kənarda Ruslanla danışdı.
 
Ruslan ərimə mənimlə “Facebook” vasitəsi ilə yazışdığını, ailəli olduğumu bilmədiyini dedi. Bu zaman qayınanam əlimdən telefonu aldı, yerə çırparaq sındırdı. Şirvan qohumlarımizin yanında başımı şkafa vurdu. Mənə evdən çıxmamağı tapşırdı, türmədəki kimi yaşayacağımı dedi. Bir neçə dəfə Ruslanla mobil telefonla əlaqə saxlayaraq görüşmək istəsə də, o, Bakı şəhərində yaşadığını dedi”.
 
Fidanın ifadəsinə görə, səhəri gün anasıgili çağırıblar: “Anam gələndə sonra hər şeyi açaraq danışdım. Ərim mənimlə Ruslanı sağ buraxmayacağını, öldürəcəyini dedi. Şirvanın nəsə etməməsi üçün xalam anamın yanımızda qalması qərara alındı. Növbəti iki gün evdə sakitlik oldu, heç bir dava-dalaş baş vermədi.
 
Şirvan Ruslanla mütəmadi telefonla danışırdı. Bir neçə gün sonra anam xalam oğlu ilə birlikdə yaşadığım ev gəldi. Bir neçə saat oturduqdan sonra Şirvan anama evdə tək qalmaq istədiyini, xalamı da özləri ilə aparmalarını dedi. Onlar axşam evdən çıxaraq getdilər. Evdə uşaqlarım, mən və Şirvan qaldıq.
 
Gecəyarı Şirvan əvvəldən özünə aldığı pivə, araq və digər içkiləri bir-birinə qataraq zalda içməyə başladı. Uşaqlar zalda, yerdən atılmış döşəyin üzərində yatırdılar. Şirvan sərxoş olandan sonra şüşələri bir-birinə vuraraq qışqırmağa başladı, Ruslanın mobil telefonda yazdığı mesajları mənə göstərdi. O, qolumdan çəkərək məni yerə yıxdı və təpiklədi. Alnımın sol tərəfini stulun kənarına vurdu. Mübahisə vaxtı oğlum Əli oyaq idi”.
 
“Ərimi bıçaqla vurdum, oğlum qışqırdı”
 
Təqsirləndirilən şəxsin ifadəsinə görə, gecə təxminən 3 radələrində əri yataq otağına keçib, özünə məxsus tapançanı və içərisində güllələr olan qutunu gətirərək stolun üzərinə qoyub: “Oğlum tapançanı görəndə Şirvan ona qışqırdı, başını yerə qoyaraq yatmasını dedi. Silahı mənə göstərərək güllələri içərisinə qoydu, namusuna ləkə yaxdığım üçün əvvəl məni, sonra Ruslanı öldürəcəyini dedi. Mən diz çökərək nə istəyirsə edəcəyimi dedim.
 
Şirvan bütün qapı və pəncərələri bağlamağı əmr etdi. Qorxumdan dediyini etdim. Qapının açarı stolun üstündə olsa da, açaraq qaçmaq ağlıma gəlmədi. Mətbəxə gedib iri bıçağı götürdüm və geri qayıdaraq Şirvanın arxasından keçdim. Uşaqların üstünü örtmək bəhanəsi ilə Şirvanın başını qatdım. Onun başı güllə qoymağa qarışdığı üçün arxasına keçdiyimi görmədi.
 
Şirvan darağa iki güllə qoydu, üçüncü güllə qaldı. Məni çağıranda arxadan boyun nahiyəsindən bıçaqla vurdum. O, ayağa qalxaraq qışqırdı, oğlum da qulağını tutaraq ağladı. Şirvanı vurduqdan sonra divar tərəfə yıxıldı, üzü mənə tərəf durdu, bıçağı əlimdən almaq istədi. Hər ikimiz bıçağın dəstəyindən tutduq. Bıçaq onun sol əlini kəsdi.
 
Şirvan barmaqlarımı arxaya tərəf basaraq sındırdı. Üstümə qışqıraraq səsimi çıxartmamağı dedi. Onun əlindən bıçağı aldım, sağ qolunun ön səthindən bir dəfə də vurdum. Zərbədən sonra o, yerə yıxıldı və həmin hissədən qan gəldi. Oğlum hadisəni gördüyü üçün ona başını yerə qoyaraq yatmasını dedim. Sonra özümdən getdim.
 
Səhər qulağıma səs gəldi, qayınatam gələrək bizi çağırdı. Açar qapının üzərində olduğu üçün qayınatam qapını döyəndə böyük qızım Nuranə “baba atamla anam yerdə qan içindədir” deyərək qışqırdı. Qayınatam çöldən “qapının üzərində olan açarı sola bur, açılsın” deyərək qışqırdı. Qızlarım qapını açandan sonra qayınatam içəriyə girdi, daha sonra təcili yardım avtomobili gələrək bizi apardı”.
 
“Məni öldürəcəyini dedi, diz çökməyimi tələb etdi”
 
Məhkəmə ifadəsində isə təqsirləndirilən şəxs fərqli ifadə verib. O bildirib ki, hadisə günü yoldaşı Şirvan içkili vəziyyətdə evə gəlib və ona “səni öldürəcəm, get mətbəxdən bıçağı gətir” deyib: “Şirvanın əlində silah olub. Mətbəxdən gəldikdə Şirvanın silaha güllə doldurduğunu gördüm. Mənə “kəlmeyi-şəhadətini oxu, onsuz da səni öldürəcəm” dedi. Sonra silahı yerə qoyaraq məni döyməyə başladı. Saçımdan tutaraq yataq otağına apardı, əlləri ilə boğmağa çalışdı.
 
Əli boşalan zaman əlindən qaçmağı bacarsam da, məni arxadan tutub stolun dəstəyinə doğru itələdi. Daha sonra silahı və bıçağı əlinə alaraq məni öldürəcəyini dedi, qarşısında diz çökməyimi tələb etdi. O, silaha gülləni dolduranda mətbəxə keçdim, oradan iri bıçağı götürdüm. Şirvan üzərimə gələrək barmaqlarımı qırmağa başlayanda dərhal yerdən bıçağı qapıb ona xəsarətlər yetirdim. Vəziyyətim normal olmadığı üçün ona hansı xəsarətləri yetirməyimi xatırlamıram. Şirvan evə gəmlməmişdən əvvəl uşaqları yatırtmışdım”.
 
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilib. O, ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən və cəzadan azad edilib.
 
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. Hökmün icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.
 
Bu hökmdən zərərçəkmiş Şirvanın hüquqi varisi kimi tanınan anası apellyasiya şikayəti verib. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddə ilə yuxarı həddə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.
 
Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Qərardan oğlu öldürülən qadın kasasiya şikayəti verib. Ali Məhkəmə bu günlərdə şikayətə baxıb və onu təmin etməyib.
Link kopyalandı!
Son xəbərlər