Kriminal
246
13:30, Bu gün

"Oğlum cinsi azlıq nümayəndəsi olduğu üçün qətlə yetirilib" - Anası şikayətçi olmadı

Bakının mərkəzində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Moderator.az "Unikal"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi - mərhumun anası Sürahim İbadova ifadə verib. 
 
O, bildirib ki, oğlu universitetdə təhsil alırdı:
 
"Qətlə yetirilən şəxs mənim oğlumdur. Biz bir evdə yaşamışıq. Yoldaşım da məhkum olub. Orta məktəbi Şamaxıda, ali təhsili isə Mingəçevirdə alırdı. Orta məktəbdə onun bu hərəkətləri ilə bağlı bizə heç kim heçnə deməyib. Mingəçevirdə kirayə qalırdı və kirayə pulunu da mən verirdim. Biz demək olar ki, hər gün vatsapda görüntülü danışırdıq. Instaqramda Türkiyədə olması ilə bağlı paylaşım etmişdi. Bu barədə mənə heç bir məlumat verməmişdi. Ona zəng çatmayanda DİN-in 102 Xidmətinə 12 dəfə zəng etmişdim. Yoldaşım cəzaçəkmə müəssisəsində olduğu üçün əmilərinə yığıb dedim ki, Yasin Türkiyəyə gedib. Əmiləri ilə danışdıqda bildirib ki, Azərbaycana gəlmək istəmir. Öz özlüyümdə övladımdan küsdüm. Hadisənin günü səhəri xəbər tutdum ki, Babək oğlumu öldürüb. Səbəbi soruşduqda mənə onun cinsi azlıq nümayəndəsi olduğu üçün törədildiyi deyildi. Şikayətçi deyiləm". 
 
Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisinin ibtidai istintaq zamanı verdiyi ifadə proses iştirakçılarına elan edilib. O, ifadəsi zamanı bildirib ki, oğlunun cinsi azlıq nümayəndəsi olduğu üçün ailədə ona qarşı nifrət yaranmışdı. Onun ifadəsinə görə, oğlunun cinsi azlıq nümayəndəsi olmasını bilməyib.
 
İbtidai istintaq dövründə verdiyi ifadəsinə münasibət bildirən İbadova bildirib ki, mərhum oğlunun instaqramda dodağı boya və digər formada fotolarını görəndən sonra cinsi azlıq olmasını yəqin edib. 
 
Məhkəmənin növbəti iclası martın 4-nə təyin edilib. 
 
Xatırladaq ki, hadisə 2025-ci il noyabrın 6-da Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.
 
20 yaşlı Yasin İbadov bıçaqlanaraq öldürülüb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi, 38 yaşlı Babək İbadov tutulub. Qətlə yetirilən Yasin İbadovun LGBT nümayəndəsi olduğu bildirilir. O, "Rüzgar" ləqəbi ilə tanınırmış.
 
B.İbadova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.5-ci (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham irəli sürülüb.
 
İstintaq Səbail rayon prokurorluğunda aparılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər