Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən A. Q-nın cinayət işi üzrə məhkəmə hazırlıq prosesi keçirilib.
Moderator.az xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.
Şahid Q.A həmin vaxt Rusiyada işlədiyini bildirib:
"Ailəmlə birlikdə Qazaxın Kosalar kəndində yaşayırdım. Həmin dövrdə mən Rusiyada işləyirdim. Gecə saat 4-də oğlum ağlaya-ağlaya zəng elədi ki, anamın yanında adam tutmuşuq. Azərbaycana qayıdıb Qazaxa evimə getdim. Gəldim ki, yoldaşım evdən qaçıb. Qazax rayon Məhkəməsinə boşanma ərizəsi verdim, uşaqları götürüb Türkiyəyə getdim. Mən Bakıda olanda keçmiş həyat yoldaşım gəldi ki, düzdə qalmışam, atam-anam, qohumlar üzümə də baxmırlar, kimsə məni evinə qoymur. Uşaqlara görə ona yazığım gəldim, özümlə bərabər onu Türkiyəyə uşaqların yanına apardım. Bir gün dedi ki, sizin üzünüzə baxa bilmirəm, Bakıya qayıdıb özümə iş tapmaq istəyirəm. Qayıtdı Bakıya, özünə təmizlikçi işi tapdı. Uşaqlar onunla danışırdılar, münasibətləri normal idi. Oğlum çox darıxırdı, biletini də anası aldı, yola saldım getdi Bakıya. Evdə damda işləyirdim. Bir də gördüm oğlum səs atdı ki, anamı öldürmüşəm. Ona təkrar zəng elədim, zəng çatmadı. Bildim ki, polisə təslim olub".
Məhkəmə sənədlərin tədqiqi mərhələsinə başladığını elan edib.
Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmə prosesi 4 marta təyin olunub.
Xatırladaq ki, həyat yoldaşından ayrılan 1989-cu il təvəllüdlü Ə. Q. yeniyetmə oğlu 2009-cu il təvəllüdlü A. Q ilə 2025-ci ilin avqustunda Türkiyədən Bakıya gəliblər.
Onlar bir günlük ''Bakı Beynəlxalq Avtovağzal Kompleksi''nin daxilində yerləşən hoteldə gecələməli olublar. A. Q. anasına Türkiyədə geyindiyi qısa ətək və şortlarını Bakıda da geyinməsinə icazə verməyib. Bu zaman onlar arasında mübahisə yaranıb. A. Q. oteldə anası Ə. Q. bıçaqla bir neçə dəfə zərbələr endirərək onu qətlə yetirib.
Faktla bağlı A.Q-yə qarşı Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə ittiham irəli sürülüb. /Lent.az/