Hədə-qorxu ilə tələbetmədə təqsirləndirilən T.Məmmədlinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən son iclasda qərar elan olunub.
Qərara əsasən, müttəhimin müraciəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı kassasiya şikayəti əsasında qismən dəyişdirilib. Onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin (CM) 182.2.2-ci maddəsi ilə təyin olunmuş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası CM-in 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti ilə şərti hesab edilib.
T.Məmmədli dərhal həbsdən buraxılıb.
İttihama görə, T.Məmmədli zərərçəkmiş S.S-ni barəsində rüsvayedici məlumatların yayılması ilə hədələyərək, onun əmlakını hədə-qorxu yolu ilə təkrarən tələb etməkdə təqsirli bilinib.
İş materiallarında qeyd edilir ki, o, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 2025-ci ilin yanvar ayının sonlarında tanış olduğu zərərçəkmiş şəxsə özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edib. Həmin qızı sosial şəbəkələrdə özünü T.T kimi təqdim edən şəxs narahat edib. S.S. də bu barədə T.Məmmədliyə bildirib. Təqsirləndirilən şəxs isə zərərçəkmişi "qorumaq" adı altında onunla nişanlı olmaları görüntüsünü yaratmağı təklif edib. Bu ad altında qızla birlikdə səmimi fotoşəkil çəkdirərək, telefonunda saxlayıb.
Daha sonra - 10 fevral 2025-ci il tarixdə T.Məmmədli özü həmin fotogörüntünü internet üzərindən yayıb ictimailəşdirəcəyi, eləcə də zərərçəkmiş şəxsin ailə üzvlərinə göstərəcəyi ilə hədələyərək onu rüsvay edəcəyi barədə hədə-qorxu gəlib. Bunu etməməsinin qarşılığında S.S.-dən 1000 manat pul tələb edib.
11 fevral 2025-ci il tarixdə saat 15:44-də zərərçəkmiş şəxs ödəmə terminalı vasitəsilə 300 manat məbləğində pul vəsaitini onun bank kartına köçürüb.
Bununla kifayətlənməyən T.Məmmədli eyni niyyətlə təkrarən hədə-qorxu ilə tələb etmə cinayətini törədib. Belə ki, 7 aprel 2025-ci il tarixdə "WhatsApp" vasitəsilə S.S. ilə əlaqə saxlayaraq eyni təhdidlə zərərçəkmiş şəxsdən 500 manat pulu bank kartına köçürülməklə alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Məmmədli barəsində şərti cəza təyin edilib. Lakin Bakı Apellyasiya Məhkəməsi dövlət ittihamçısının verdiyi protest əsasında T.Məmmədli barəsində CM-in 70-ci (şərti məhkumetmə) maddəsinin tətbiqinə dair göstərişlər hökmdən çıxarılıb və ona 4 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
Kassasiya instansiyası yenidən ona şərti cəza təyin edib.
T.Məmmədli həbs edilən zaman Bakıdakı universitetlərin birində birinci kursda əyani şöbədə təhsil alırmış.