Narkotacir həbsxanada bıçaq saxladığı üçün əlavə cəza alıb
Kriminal
225
08:50, Bu gün

Narkotacir həbsxanada bıçaq saxladığı üçün əlavə cəza alıb

50 yaşlı İqbal Həsənov cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya hesab edilən bıçaq saxladığı üçün məsuliyyətə cəlb edilib.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, ittihama əsasən, İqbal Həsənov 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılarkən “Cəzaçəkmə müəssisələrinin daxili qaydaları”na görə qadağan edilən əşyalar siyahısına aid olan, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xüsusiyyətə malik, soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağını istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində saxlayıb və gəzdirib.
 
Məlumata görə, 18 sentyabr 2025-ci il tarixdə saat 16:30 radələrində əvvəlcədən daxil olmuş məlumat əsasında müəssisə əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə onun üzərində qəfil axtarış aparılıb. Axtarış zamanı məhkumun əynində olan gödəkçənin sağ cibində saxladığı bıçaq aşkar edilərək götürülüb.
 
İqbal Həsənov məhkəmədə özünü təqsirli bilib. O ifadəsində bildirib ki, 2020-ci ilin oktyabr ayından 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Onun sözlərinə görə, bıçağı həmin gün səhər saatlarında dəstənin dəhlizində, pilləkana yaxın yerdə, bükülü vəziyyətdə tapıb və əvvəlcə növbətçi hissəyə təhvil vermək niyyəti olub. Lakin üzərində saxladığı müddətdə yoxlama aparılıb və bıçaq aşkarlanıb.
 
Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlər müəyyən edildiyindən, əvvəlki ifadəsi elan olunub. Həsənov ifadənin ona məxsus olduğunu və imzaladığını təsdiqləsə də, bəzi detallarla razılaşmadığını bildirib. Son sözündə isə cəzanın mümkün qədər aşağı həddə təyin olunmasını xahiş edib.
 
Qeyd edək ki, İqbal Həsənov əvvəllər də dəfələrlə məhkum olunub və müxtəlif illərdə müxtəlif maddələrlə azadlıqdan məhrumetmə cəzaları çəkib. 1996-cı ildə ilk cəzasını alan İ.Həsənov ömrünün Sonuncu dəfə Şirvan Apellyasiya Məhkəməsinin 2020-ci il tarixli qərarı ilə ona qəti olaraq 11 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
 
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə İqbal Həsənov Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş qalan 4 il 3 ay 25 gün cəza bu iş üzrə təyin edilmiş 5 ay cəza ilə qismən birləşdirilib və onun üzərində qəti olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Bu cəzasını sonuna qədər çəkəcəyi halda İ.Həsənov ömrünün 23 ildən çoxunu həbsxanadan keçirmiş olacaq.
 
Bildirək ki, İqbal Həsənov narkotik satışına görə bir neçə dəfə həbs edilib.
Link kopyalandı!
Son xəbərlər