Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivinin sabiq rəisi Ruhin Zeyid oğlu Tağıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Moderator.az "Report"a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Zərərçəkmiş qismində Müdafiə Nazirliyi tanınıb.
Təqsirləndirlilən şəxsin vəkili Orxan Hacıyev media nümayəndələrinin məhkəmə iclasında iştirak etməsinə məhdudiyyət qoyulmasını istəyib. Bildirib ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin ailə və peşə sirləri ilə bağlı məlumatlar var, bunun yayılmasını istəmirlər.
Dövlət ittihamçısı isə bildirib ki, məhkəmə iclası açıq keçirilir, istənilən şəxs iclaslarda iştirak edə bilər.
Yerində müşavirə keçirən hakimlər heyəti vəsatəti baxılmamış saxlayıb. Hakim Günel Səmədova bildirib ki, gələcəkdə zərurət olarsa, bu məsələyə yenidən baxıla bilər.
Daha sonra dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsini istəyib. Tərəflər buna etiraz etməyiblər.
Daha sonra məhkəmə heyətinin qərarı ilə cinayət işi məhkəmə araşdırmasına təqdim olunub.
Məhkəmənin baxış iclası fevralın 18-ə təyin olunub.
Qeyd edək ki, Ruhin Tağıyevin arxivin rəisi vəzifələrində işlədiyi dövrdə çoxsaylı qanunsuz əməllərə yol verməsi barədə Müdafiə Nazirliyindən daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq aparılıb.
Onun 2021-2023-cü illərdə sözügedən vəzifələrdə işləyərkən hərbi qulluqçuların adlarının ambulator xəstələrin qeydiyyatı kitabına qanunsuz olaraq daxil edilməsi və bunun əsasında xəsarət almaları haqqında arayışların verilməsi müqabilində bir neçə şəxsdən külli miqdarda pul vəsaitlərini rüşvət qismində təkrarən almasına, habelə hərbi qulluqçuların təkrar şəhadətləndirilmələrinə köməklik göstərilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul alaraq nüfuz alveri törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Ruhin Tağıyevə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib. Onun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.