Lənkəranda valyuta dəyişmə ilə məşğul olan yaşlı kişiyə qarşı quldurluq edildi: “Nənəmlə həccdə olublar” – TƏFƏRRÜAT
Kriminal
155
14:14, Bu gün

Lənkəranda valyuta dəyişmə ilə məşğul olan yaşlı kişiyə qarşı quldurluq edildi: “Nənəmlə həccdə olublar” – TƏFƏRRÜAT

Lənkəranda 2002-ci il təvəllüdlü Azər valyuta dəyişmə biznesi ilə məşğul olan Xubəliyə qarşı quldurluq edib.
 
Moderator.az Teleqraf.az-a istinadla xəbər verir ki, Azər 11 fevral 2024-cü ildə saat 16 radələrində Cil kəndindəki evindən Lənkəran şəhərinə, “Mərkəzi bazar”a gedib.
 
Orada fərdi qaydada valyuta dəyişmə ilə məşğul olan 1938-ci il təvəllüdlü Xubəlinin pulunu asanlıqla ələ keçirə biləcəyini güman edib. Yalandan ona qoca nənəsinin 200 min rus rublunu Azərbaycan manatına dəyişmək istədiyini bildirib, birlikdə yaşadığı kəndə getməyi təklif edib.
 
Təklifə inanan Xubəli taksi işlədən qohumunun “Kia Rio” markalı avtomobilində Azərlə birlikdə saat 19 radələrində Cil kəndinə gedib.
 
Azər Xubəlini evin həyətinə dəvət edib. Evdə işıqlarının yanmadığını və heç kəsin olmadığını görən qonağın məsələdən hali olduğunu başa düşüb. Gödəkçəsinin sağ cibində saxladığı bıçaqla qəflətən Xubəliyə hücum edib. Ondan pul tələb edib. Cibində 1600 manat pul olan Xubəli əlindəki əsa ilə müqavimət göstərib.
 
Azər bıçaqla ona zərbə vurub. Xubəlinin qışqırıq səsinə taksi sürücüsü həyətə daxil olub. Azər hadisə yerindən uzaqlaşıb.
 
İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.
 
İş üzrə ifadə verən Azər ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, hadisə günü günorta saat 3-dən sonra evdən çıxıb: “Axşam saat 5 radələrində evə gələcəkdim. Xubəlini orada gördüm, taksi pulum olmadığından yalandan evdə 200 min rubl pul olduğunu, onu dəyişmək istədiyimi dedim. Həyətə gəldikdə Xubəliyə evə gəlmək üçün onu aldatdığımı, evdən taksi pulu götürərək verəcəyimi dedim. Xubəli məni təhqir etdiyindən bıçağı çıxararaq qolundan bir zərbə vurdum”.
 
Təqsirləndirilən şəxs qeyd edib ki, Xubəlinin pul dəyişməklə məşğul olduğunu bilib: “Onu bazardan tanıyıram, pul da dəyişmişəm. Xubəli də məni tanıyır. O, nənəmlə Həcc ziyarətində olub. Pulun nənəmə lazım olduğunu dedim.
 
Lənkərana gələndə üzərimdə pulun olmadığını, kəndə necə qayıdacağımı fikirləşirdim. Çünki həmin vaxt anlaqsız idim. Mənim psixi problemlərim var, bəzən evi tərk edərək gedirəm. Ağlım özümə gələndə evə dönürəm.
 
Xubəlini evə aparanda yolda özümə gəldim. Onu həyətə saldım, amma üzərində pul axtarmadım. Xubəlini vurduqda yerə yıxıldı. On saniyə keçmədi ki, taksi sürücüsü Taleh həyətə girdi”.
 
Təqsirləndirilən şəxs ibtidai istintaqa fərqli ifadə verib. O, göstərib ki, xərcləməyə pulu olmadığına görə rus pulu dəyişmək adı ilə Xubəlini yaşadığı evin həyətinə gətirmək, qorxudaraq ondan pul alıb Bakı şəhərinə getmək qərarına gəlib: "Saat 18 radələrində tanımadığım taksi ilə Lənkəran şəhərində bazar tərəfdə mağazanın qarşısına gəldim. Xubəliyə yalandan dedim ki, nənəmin 200 min rus rubulu var, bazara gələ bilmir, gedək Cil kəndinə, onun pulunu manata dəyiş. Xubəli də mənimlə razılaşdı və dedi ki, qohumuma zəng edim, taksi ilə bizi aparsın”.
 
Təqsirləndirilən şəxsin ifadəsinə görə, saat 19 radələrində yaşadığı evin həyət qapısının qarşısına çatıblar: “Xubəli ilə həyətə daxil olduq. Ona qabaqda getməyi təklif etdim, “sən qabaqda get” bildirdi. Bir-iki addım atdıqdan sonra dedi ki, bu evdə heç kim yaşamır, sən məni aldatdın, şəhərə qayıdıram. Geri çevrilərkən qarşısını kəsdim. Cibimdən bıçaq çıxardım və Xubəlini hədələdim. Dedim, cibində olan pulları ver, yoxsa səni bıçaqla vuraram. O da pulları verməyəcəyini bildirdi. Qışqıraraq çöldə dayanmış qohumunu çağıranda bıçaqla onun sol qolundan vurdum.
 
Xubəli yerə yıxıldı, əlində olan dəmir çəlik, başında olan papaq yerə düşdü. Bıçaqla qılçasından vurdum. Dedim ki, sənə deyirəm, tez ol cibində olan pulları ver. Bıçaq əlimdən yerə düşdü, Xubəlinin qohumu həyətə daxil oldu. Mən bıçağı yerdən götürərək bağa tərəf qaçdım. Bakı şəhərinə gedən taksi maşınlarına yaxınlaşdığım zaman polislər məni tutdular”.
 
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Azər 8 il müddətinə azadlıqdan məhrum edilib.
Link kopyalandı!
Son xəbərlər