Dilənçini evinə aparıb qonaqlıq verdi, söyüşə görə öldürdü – QƏTLİN TƏFƏRRÜATI
Kriminal
109
12:49, Bu gün

Dilənçini evinə aparıb qonaqlıq verdi, söyüşə görə öldürdü – QƏTLİN TƏFƏRRÜATI

Ali Məhkəmədə keçmiş məhkumu qətlə yetirməkdə təqsirləndirilən Səyavuş Abbasovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
 
Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə məsələyə dair qərar verilib.
 
İttihama əsasən, S.Abbasov aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürməkdə təqsirləndirilib.
 
O, 2023-cü ildə paytaxtın Nəsimi rayonunda yaşadığı ünvanın yaxınlığında yerləşən marketdən alış-veriş edib çıxarkən, həmin ərazidə dilənçilik edən keçmiş məhkum, əvvəllər tanıdığı Araz Həsənov ona yaxınlaşıb, ac olduğunu bildirərək yemək almasını xahiş edib.
 
V.Cəfərov sağ ayağı budun yuxarı 1/3 hissəsindən amputasiya olunduğuna görə qoltuqaltı əsa ilə hərəkət edən Həsənovu yaşadığı ünvana dəvət edib.
 
Həmin gün saat 12 radələrində mənzildə birlikdə yemək yeyib spirtli içki qəbul edərkən onların aralarında mübahisə yaranıb. Mübahisə zamanı Araz Səyavuşun valideyni barəsində nalayiq ifadələr işlədib. Bundan əsəbiləşən Səyavuş mətbəxə keçib, bıçaq götürərək qayıdıb.
 
İttihamda göstərilib ki, həmin vaxt Səyavuş qisas niyyəti ilə sərbəst hərəkət etmək və müqavimət göstərmək imkanı olmayan Arazın sinə nahiyəsindən qəsdən bıçaq zərbəsi vurub. Nəticədə ona döş qəfəsinin sol yarısının ön səthindən daxilə nüfuz edən, ürəyin sol qulaqcığının, sol mədəciyinin, ağciyər arteriyasının və sol ağciyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan xəsarət yetirib. Adıçəkilən şəxs aldığı yaralar səbəbindən ölüb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səyavuş Abbasov Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib və 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti verərək, hökmün ləğvini, S.Abbasovun əməlinin Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif olunmasını və həmin maddənin sanksiyası həddində daha yüngül cəza təyinini xahiş edib.
 
Bakı Apellyasiya Məhkəməsi bu şikayəti qismən təmin edib. Səyavuş Abbasovun cəza müddəti azaldılaraq 15 ilə endirilib. Hökmün qalan hissələri isə dəyişdirilmədən saxlanılıb.
 
Müdafiə tərəfinin bundan sonra verdiyi kassasiya şikayəti təmin edilməyib.
Link kopyalandı!
Son xəbərlər