Bakıda biznes qurmaq adı ilə iki nəfərə qarşı dələduzluq - 3 milyon manata yaxın ziyan var
Kriminal
114
15:34, Bu gün

Bakıda biznes qurmaq adı ilə iki nəfərə qarşı dələduzluq - 3 milyon manata yaxın ziyan var

Bakıda iki nəfərə qarşı dələduzluqda ittiham olunan Zaur Mövlamovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 
Moderator.az Teleqraf-a istinadala xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Rasim Aslanov təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırıb. İddia icraata götürülüb.
 
Rasim Aslanovun vəkili vəsatət verərək bildirib ki, təqsirləndirilən şəxslə əlbir olmaqda ittiham olunan Nizami Həsənovun adına ipoteka yüklü olan mənzilin satışa çıxarılması ilə bağlı Nəsimi Rayon Məhkəməsində işə baxılır. Qeyd edilib ki, həmin əmlak 250 min manata qiymətləndirilib. Vəkil həmin mənzilin üzərinə həbs qoyulmasını, satışının bu iş yekunlaşana kimi qadağa edilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.
 
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
 
İttihama görə, Zaur Mövlamov tanışı Nizami Həsənovla birlikdə Musa Əliyevə özünü tütün məmulatlarının ölkə ərazisinə idxalını və satışını təşkil edən şəxs kimi təqdim edib. Ona məşğul olduğu biznes fəaliyyətinə sərmayə yatıracağı təqdirdə eldə etdiyi gəlirdən pay ayıracağına dair yalan vəd verib.
 
O, Musa Əliyevdən ayrı-ayrı vaxtlarda ümumilikdə 110 min 340 manat pul alıb. Vədinə əməl etməyərək pulu ələ keçirib.
 
Bunda başqa, Zaur Mövlamov tanışı Nizami Həsənovla birlikdə özünü Rasim Aslanova tütün məmulatlarının ölkə ərazisinə idxalını və satışını təşkil edən şəxs kimi təqdim edib. Rasim Aslanova məşğul olduğu biznes fəaliyyətinə sərmayə yatıracağı təqdirdə əldə etdiyi gəlirdən pay ayıracağına dair yalan vəd verib.
 
Rasim Əliyevdən 2022-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayına qədər hissə-hissə olmaqla ümumilikdə 2 milyon 430 min 490 manat alaraq dələduzluq yolu ilə ələ keçirib.
 
İstintaq orqanı tərəfindən Zaur Mövlamovun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq tərətmək) maddəsi ilə ittiham irəli sürülüb.
 
İttihama münasibət bildirən Zaur Mövlamov özünü təqsirli bilməyib. Bildirib ki, zərərçəkmiş şəxslərdən pul alıb, amma niyyəti dələduzluq etmək olmayıb. O, hazırkı mərhələdə ifadə verməyə hazır olmadığını, vəkili ilə məsləhətləşəndən sonra növbəti iclasda ifadə verəcəyini söyləyib.
 
Musa Əliyev ifadəsində bildirib ki, ona qarşı dələduzluqda Zaur Mövlamovun oğlu Məhəmmədin də adı keçir. Qeyd edib ki, Məhəmməd hazırda məhkəmə iclasında iştirak edir, onun şahid qismində dindirilməsinə zərurət yaranacaq. Zərərçəkmiş Məhəmməd Mövlamovun məhkəmə iclasından kənarlaşdırılmasını, gələcəkdə iş üzrə əlavə şahid qismində dindirilməsini xahiş edib.
 
Məhkəmə vəsatəti təmin edib.
 
Musa Əliyev deyib ki, Zaur Mövlamovun atası Əziz Mövlamov da onu dolayı yolla aldadıb. Əziz Mövlamov evi olduğunu deyib, həmin evi sataraq ziyandan bir qismini ödəyəcəyini söyləsə də, vədinə əməl etməyib.
 
Növbəti proses fevralın 13-də davam edəcək.
 
Qeyd edək ki, cinayət işində adı keçən Nizami Həsənovun barəsində cinayət işi üzrə icraata Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilib.
 
Xatırladaq ki, Nizami Mövlamov əvvəllər hüquq-mühafizə orqanlarında vəzifədə işləyib. Sonradan o, öz ərizəsi ilə işdən azad olunub.
 
Zaur Mövlamovun barəsində isə həbs qətimkan tədbiri seçilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər