Məhkəmə ifadəsində Anar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O göstərib ki, cəmi 30 min manat pul alıb, onu da qaytarıb: “Cinayət işi üzrə zərərçəkmiş Tapdıq Muradovu tanımıram, onunla ilk dəfə məhkəmədə qarşılaşmışam. Nicat onlayn kazino işlədirdi, qumar oyununda ona 30 min manat borcum yarandı. Nicat Muradovun cinayət işi ilə bağlı isə onlardan 30 min manat alınıb.
Əli və Şəriflə məsləhətləşərək vəkillə müqavilə bağlamaq qərarına gəldik və həmin puldan 3000 manatı vəkilə verdik. Qalan pulun 25000 manatını Tapdıq Muradova, 5000 manatını isə Əliyə vermişəm. Mənə verilən pulları geri qaytarmışam”.
Təqsirləndirilən şəxs bildirib ki, Əlini təxminən 10 ildən artıqdır tanıyır: “Nicat Muradovla bağlı cinayət işi barədə Əlinin özündən eşitmişəm. Eşitdiyimə görə, Nicat bank kartında olan pul transferinə görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tutulub. Həmin orqanda işləyən tanışdan köməklik istəmişəm, tanışlarım da bizə Nicat Muradova hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlamağı məsləhət görüb”.
“Bəzən udur, bəzən uduzurdum”
Məhkəmədə Anarın ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. İfadədən məlum olub ki, o, Əli ilə çoxdan tanışdır: “Həmin ərəfələrdə Əli Təbriz küçəsində avtomobilyuma məntəqəsi işlədirdi. Son 2 il ərzində onunla münasibətlərimiz daha da yaxınlaşdı. Demək olar ki, hər gün görüşür və birlikdə vaxt keçirirdik.
Əli onlayn kazino işi ilə məşğul olduğunu bildirdi, mənim də qumar oyunlarına qoşulmağımı təklif etdi. Təklif maraqlı olduğundan 2022-ci ilin yay aylarından etibarən onlayn kazino oyunlarına qoşuldum. Kazino oyunlarının xüsusiyyətlərini tədricən öyrənməyə başladım.
Müəyyən vaxtlarda onlayn kazino oyunlarından gəlir əldə etmişəm, bəzən isə uduzaraq müxtəlif məbləğlərdə pullar itirirmişəm”.
“Həbsdən azad etdirməyin mümkün olduğunu dedim”
Təqsirləndirilən şəxs deyib ki, 2023-cü ilin yaz aylarından Əli ilə şərikli onlayn kazino oyunları oynamağa başlayıblar: “Razılaşmaya əsasən gəlir və ziyanı bərabər olaraq yarıbayarı bölürdük. Pulum olmadığı vaxtlarda Əli mənim payıma düşən yarıbayarı məbləği borc olaraq qeyd edirdi.
Həmin ilin iyul ayının təxminən əvvəllərində Əli əmisi oğlu Nicatın Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən tutulması barədə məlumat verdi. Ortaq tanışımız Şərif də yanımızda idi. Əliyə Nicatı həbsdən azad etdirməyin mümkün olduğunu dedim.
Bir neçə gün sonra məsələ ilə bağlı Əli və Şəriflə birlikdə söhbət apardıq. Əliyə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsində işləyən tanışımın olmasını bildirdim. Əsl həqiqətdə o ərəfələrdə həm Əliyə, həm də başqa bir neçə nəfərə müxtəlif məbləğlərdə borcum olduğundan yalan danışdım. Ondan müəyyən məbləğdə pul almağı qərarlaşdırdım.
O vaxta qədər Əlinin əmisi oğlu Nicatı ümumiyyətlə görməmişəm və onunla aramızda hər hansı bir tanışlıq olmayıb”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 1-2 gün sonra Əli və Şəriflə Nərimanov rayonu ərazisində yerləşən çayxanaların birində görüşüblər: “Nicatın işi ilə bağlıdanışdığımı, tanışımın deməsinə görə 60.000 manat məbləğində pul ödəmək şərti ilə Nicatı həbsdən azad etdirməyin mümkün olduğunu dedim. Həmin məbləğin yarısı əvvəldən, qalanı isə Nicat həbsdən azad olunduqdan sonra verilməli idi.
Əli məsələ ilə bağlı yanımızda Nicatın atası Tapdıqla telefon əlaqəsi saxladı, onun Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində işləyən tanışı vasitəsilə Nicatı həbsdən azad etdirmək üçün 60.000 manat məbləğində pul lazım olması barədə məlumat verdi.
Əli mənə Nicatın atası razılaşdığını bildirdi. Bundan sonra biz ayrıldıq”.
“Pulların bir hissəsini kazino oyunlarında uduzdum”
Anar qeyd edib ki, 2023-cü ilin iyulun 16-da axşam saatlarında Əli və Şəriflə “Bakı Əyləncə Mərkəzi”nin yaxınlığında görüşüblər: “Əli 30.000 manatı mənə verdi. Nicatın işi ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində onun hüquqlarını müdafiə edən adını dəqiq xatırlamadığım vəkillə görüşdüm. Vəkildən Nicatın həbsdən azad edilməsi ilə bağlı nə kimi köməklik edə biləcəyimi soruşdum. O, hazırkı mərhələdə Nicatın həbsdən azad edilməsinin çətin olduğunu bildirdi.
Buna baxmayaraq Əlidən aldığım 30.000 manat məbləğində puldan 3.000 manatı Nicatın həbsdən azad edilməsi ilə bağlı zəruri sənədləşmənin aparılması və onun hüquqlarının müdafiə edilməsi üçün vəkilə verdim. Qalan pulun az hissəsini şəxsi ehtiyaclarıma sərf etdim, bir hissəsi ilə müxtəlif şəxslərə olan borclarımı bağladım. Müəyyən hissəsini isə onlayn kazino oyunlarında uduzdum.
Əlidən aldığım 30.000 manatı qaytarmamaq üçün guya Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində işləyən tanışımla danışıqlar apardığımı bildirdim, vaxtı uzatmağa çalışdım”.
“Məni gözləmədilər”
Anarın ifadəsinə görə, təxminən 1 ay sonra Əli onunla əlaqə saxlayıb və Nicatın barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini deyib: “Mən ona bir qədər səbrli olmağı məsləhət gördüm. Bir neçə gün sonra yenidən mənimlə əlaqə saxlayaraq pulu qaytarmağımı tələb etdi.
Mən həmin məbləğdə pulu ən geci 2-3 ay müddətində qaytaracağıma söz verdim. Hətta 2023-cü ilin sentyabr ayında Əlidən aldığım 30.000 manat məbləğində pulun qaytarılmasına zəmanət olaraq yaşadığım Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin anamın adından mülki etibarnamə ilə Əlinin adına sənədləşdirdim.
Bir neçə ay ərzində evə müştəri taparaq satmaq və bununla da Əlidən aldığım 30.000 manat məbləğində pulu qaytarmaq mümkün olmadı. Əli məni gözləmədi, barəmdə polisə müraciət etdi”.
“Pulu oğlumu azadlığa buraxmaq üçün vermişəm”
İş üzrə zərərçəkmiş Tapdığın sözlərinə görə, oğlu Nicat ibtidai istintaq orqanı tərəfindən saxlanılıb: “Qardaşım oğlu Əli Anar adlı tanışı olduğunu və bu işi tamamilə həll edəcəyini bildirdi. Anarı əyani olaraq tanımamışam, heç vaxt görməmişəm.
Birinci dəfə 30 min manatı Əli tək verib, ikinci dəfə 30 min manat verəndə isə Şərif də yanında olub”.
Zərərçəkmiş qeyd edib ki, Rusiya Federasiyası vətəndaşıdır: “Rusiyadan gələrkən özümlə ABŞ dolları gətirmişdim, ev almaq istəyirdim. Lakin həmin pulları oğlumun həbsdən azad olması üçün sərf etməli oldum. Mənə vurulmuş zərərdən 7000 manat geri qaytarılıb. Qaytarılmamış məbləğ isə 53000 manatdır”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsinə tövsif edilib.
Ona 2 il 5 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunub.