Yevlaxda kişi onuncu uşağa hamilə qalan arvadını qısqandı, onu öldürməyə cəhd etdi – TƏFƏRRÜAT
Kriminal
1625
09 Jan 2026 | 15:37

Yevlaxda kişi onuncu uşağa hamilə qalan arvadını qısqandı, onu öldürməyə cəhd etdi – TƏFƏRRÜAT

Yevlax rayonunda 1985-ci il təvəllüdlü Tural qısqanclıq zəminində 10-cu övladına hamilə olan Səmayəni (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
 
Moderator.az Teleqraf.az-a istinadla xəbər verir ki, o, hamilə qalan arvadının başqa bir kişi ilə sevgi münasibətlərindən şübhələnib.
 
2024-cü il avqustun 12-də təxminən saat 9 radələrində o, Səmayəyə bankdan pul krediti götürmək istədiyini və onunla birlikdə banka getməli olduğunu deyib.
 
Birlikdə evdən çıxaraq piyada Yevlax şəhərindəki bank filialına gəliblər. Arvadına krediti götürə bilməyəcəyini deyib, piyada evlərinə doğru qayıdıblar. Dəmir yolu xəttinin yaxınlığına çatanda ər-arvad qısqanclıq üstündə mübahisə ediblər. Tural qəfildən gizlətdiyi bıçaqla onlara yaxınlaşan azyaşlı övladının gözü qarşısında arvadına zərbələr vurub.
 
Bıçağın əyildiyini görəndə onu yerə ataraq sınmış şüşə qabın parçasını əlinə götürüb. Hadisə zamanı qadın ümumilikdə 11 xəsarət alıb. Dərhal xəstəxanaya çatdırılan ayaralıya tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edilib.
 
İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
 
“Mənim və atamın ünvanına nalayiq ifadə işlətdi”
 
İş üzrə ifadə verən Tural deyib ki, özünü Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə təqsirli bilir.
 
Turalın sözlərinə görə, arvadına qonşu evinə getməməyi tapşırıb: “Amma o buna məhəl qoymadı, hadisədən əvvəl qonşuluqda yaşayan şəxsin evinə getdi, mən də onun niyyətini səhv başa düşdüm. Həmin vaxt sərxoş idim. Qısqanclıq zəminində aramızda mübahisə oldu. Mənim və atamın ünvanına nalayiq ifadə işlətdi. Bu səbəbdən əlimdə olan metal alət və şüşə qabın parçası ilə ona xəsarət yetirdim. Arvadımı öldürmək niyyətim olmayıb”.
 
Tural həmçinin ifadəsində göstərib ki, ibtidai istintaq zamanı ifadə verərkən huşu özündə olmayıb.
 
“Mənə xəyanət etməsindən şübhələndim”
 
Məhkəmədə Turalın ibtidai istintaqa verdiyi ifadəsi də araşdırılıb. O, həmin ifadəsində qeyd edib ki, təxminən 20 il əvvəl xalası qızı Səmayə ilə qeyri-rəsmi ailə həyatı qurub: “4-5 il əvvəl rəsmi nikaha daxil olduq, 9 övladımız var. Əvvəllər aramızda heç bir mübahisəmiz olmayıb.
 
Hadisədən 3-4 ay əvvəl Səmayənin mənə xəyanət etməsindən şübhələnməyə başladım. Bəzi gecələr yuxudan qalxanda arvadımı evdə tapmırdım. Bir neçə saat sonra evə gəlirdi. Səhəri gün harada olduğunu soruşanda məsələnin mənə aidiyyətinin olmadığını bildirirdi. Nə üçün bu cür hərəkətlər etdiyini soruşduqda isə şəxsi həyatı olduğunu söyləyirdi”.
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, Səmayə hamilə olması barədə hadisədən 20-25 gün əvvəl ona məlumat verib: “Onun başqa birindən hamilə qalmasından şübhələndim.
 
2024-cü il avqustun 11-də gecə saat 4 radələrində yuxudan oyananda arvadımı yanımda görmədim. Çölə çıxıb onu səslədim. Hasarın üstünə çıxdıqda arvadımla qonşumuzu gördüm.
 
Ondan orada nə etdiyini soruşdum, mənə heç bir aidiyyəti olmadığını bildirdi. Əsəbləşərək hasarı o tərəfə aşdım. Arvadım qonşu ilə birlikdə onun evinə girib, qapını bağladı, mən də məcburən öz evimə qayıtdım. Bir saat sonra arvadım geri qayıtdı. Ondan hansı səbəbə qonşunun evinə getdiyini soruşdum. Əhmədlə münasibətinin olduğunu dedi.
 
Arvadımı öldürmək qərarına gəldim, polad materialdan olan məftili biz formasına gətirdim”.
 
“Arvadımın öldüyünü düşündüm”
 
Tural qeyd edib ki, avqustun 12-də gecə saat 3-4 radələrində yuxudan oyandıqda Səmayənin yenə də evdə olmadığını görüb: “Saat 6 radələrində arvadım evə gəldi. Haradan gəldiyini soruşdum, Əhmədin evində olduğunu dedi.
 
Həmin gün bankdan kredit almaq adı ilə arvadımla banka getdik. Evə qayıdarkən saat 10 radələrində dəmir yolu xəttinin yaxınlığında biz formalı polad materiallı alətlə Səmayənin kürək nahiyəsinə iki, boğaz nahiyəsinə bir, sol ayağının yuxarı ətrafına bir zərbə vurdum. Biz əyildiyindən onu yerə tulladım.
 
Bir qadın arvadıma zərbə vurmaqdan məni çəkindirməyə çalışdı. Təsadüfən orada olan 7 yaşlı oğlum da hadisəni gördü. Yerdən sınmış vəziyyətdə olan şüşə materiallı butulkanı götürdüm, arvadımın sifətinə iki zərbə vurdum. Arvadımın öldüyünü düşündüm və könüllü olaraq polis şöbəsinə təslim oldum”.
 
“Ərim məni qısqanırdı”
 
İş üzrə zərərçəkmiş Səmayənin sözlərinə görə, həyat yoldaşı Tural spirtli içkiyə meylli olub, 3-4 gündən bir spirtli içki qəbul edib: “Sərxoş olanda qısqandığına görə mübahisə edir, bəzi hallarda məni döyürdü. O, evə sərxoş vəziyyətdə gələndə dava-dalaş olmaması üçün ya qayınanamgilə, ya da qonşu evinə gedib gözləyirdim.
 
Hadisədən 4-5 gün əvvəl ərim evə sərxoş gəldi. Dava-dalaşın olmaması üçün sakitləşənədək çölə çıxdım. Qonşuların evinə getdiyimə görə ərim məni qısqanır, aramızda mübahisə olurdu”.
 
Zərərçəkmişin ifadəsinə görə, avqustun 12-də səhər saat 9 radələrində əri ona nağd pul krediti almaq adı ilə banka getməyi təklif edib: “Bankdan evə qayıdarkən dəmir yolu xəttinin yaxınlığında ərim biz formalı alətlə qəfildən kürək nahiyəmə bir neçə zərbə vurdu. Turala müqavimət göstərməyə başladım. Təsadüfən azyaşlı oğlum da orada idi.
 
Oğlumdan kömək istədim, o da küçədən adam çağırdı. Tural mənə zərbələr vuranda məni öldürmək istədiyini deyirdi”.
 
Səmayə bildirib ki, hadisə baş verən zaman təxminən 9-10 həftəlik hamilə olub: “Bir ay əvvəl bu barədə ərimə məlumat vermişdim. Aldığım xəsarətlərlə əlaqədar xəstəxanada əməliyyat olunduqda bətnimdəki döl düşdü.
 
Əhməd bizinlə qonşuluqda yaşayır. Onunla aramızda hər hansı münasibət olmayıb. Gecə yaşadığım evi tərk etməmişəm. Əhmədin arvadı ilə aramızda normal münasibət olub və bir-birimizin evinə gedib-gəlmişik”.
 
İş üzrə şahid qismində danışan Əhmədin sözlərinə görə, Səmayə ilə hər hansı sevgi münasibətində olmayıb: "Avqsutun 11-də və ya bundan əvvəlki günlərdə gecə vaxtı Səmayə mənim evimə gəlməyib. Tural da arvadı ilə məni birlikdə görməyib”.
 
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Tural 11 il 3 ay müddətə azadlıqdan məhrum edilib.
 
Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər