“Tik-Tok”da canlı yayım açan oğlanı bacısına görə bıçaqladı – TƏFƏRRÜAT
Kriminal
1435
08 Jan 2026 | 14:50

“Tik-Tok”da canlı yayım açan oğlanı bacısına görə bıçaqladı – TƏFƏRRÜAT

Abşeron rayonunda 2008-ci il təvəllüdlü Fateh qısqanclıq zəminində mübahisə zamanı Qədirə (adlar şərti verilib – red.) xəsarət yetirib.
 
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə ötən il fevralın 7-də Masazır qəsəbəsində baş verib.
 
Gəncə şəhər sakini Fateh həmin gün saat 22 radələrində tanışı Qədirin yaşadığı evin qarşısındakı küçəyə gəlib. O, “Tik-Tok” sosial şəbəkəsində bacısı Ramilə ilə Qədirin danışmasınından hiddətlənib.
 
Mübahisə zamanı bıçaqla onun döş qəfəsi nahiyəsinə dörd zərbə endirib.
 
İstintaq orqanı tərəfindən Fatehin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
 
Fateh elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fevralın 7-də idmandan evə gəlib və “Tik-tok” sosial şəbəkəsinə daxil olub: “Qədirin canlı açdığını gördüm. Sonra bacımın otağına keçdim, onun da telefonunda Qədirin canlı səsini eşitdim. Qədiri tanıyıb-tanımadığını soruşdum, tanımadığını dedi.
 
Bir neçə gün öncə Qədir bacıma “Tik-tok” sosial şəbəkəsi vasitəsilə salam yazdı. Mən də bundan əsəbiləşdim. Qədirin nömrəsinə zəng vuraraq görüşmək istədiyimi bildirdim. Hava soyuq olduğunu, görüşmək istəyirəmsə, yaşadığı ünvana gəlməli olduğumu bildirdi.
 
Onun məhəllələrinə getdim, bir nəfərlə rastlaşdım. Ondan Qədir adlı oğlanı tanıyıb-tanımadığını soruşdum. Qədirin qardaşı olduğunu bildirdi və məni evləri yerləşən küçəyə apardı.
 
Qədir çölə çıxdı. Dostum Amal da yanımda idi. Qədirdən bacımı tanıyıb-tanımadığını soruşdum. O, cavab vermədi, üzünü dostuma tərəf çevirirdi. Qısa mübahisəmiz oldu, bıçaqla Qədiri vurdum. Mən bir zərbə vurduğumu xatırlayıram. Əməlimdən peşmanam”.
 
İş üzrə zərərçəkmiş Qədirin sözlərinə görə, yaşadığı evdə “Tik-tok” sosial şəbəkəsində canlı açıb: “Fatehin bacısı canlıya daxil olub, qoşulmaq üçün dəvət göndərdi. Mən də qəbul etdim. Sonra Fateh də canlıya girdi. Bacısı da qardaşının canlıda olduğunu yazdı.
 
Canlıdan sonra mənə bir nömrədən zəng gəldi. Cavab verəndə Fatehin zəng vurduğunu bildim. Mənimlə görüşmək istədi. Bacısına görə görüşmək istədiyini başa düşdüm. Buna görə də havanın soyuq olduğunu, görüş üçün yaşadığım ünvana gəlməsini dedim”.
 
Zərərçəkmiş bildirib ki, Fateh onun yaşadığı məhəlləyə gəlib: “Fatehlə salamlaşaraq görüşdük, söhbət etdik. Bir neçə saniyə mübahisə etdik. Fateh qışqıraraq bıçaqla mənə zərbə endirdi. İki bıçaq zərbəsini hiss etdim”.
 
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Fatehin əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Ona 1 il azadlıqdan məhrum etmə cəzası təyin olunub.
 
Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli hökmünün cəza təyini hissəsində dəyişdirilməsini, ona daha yüngül cəza təyin edilməsini xahiş edib.
 
Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə baxışı zamanı ümumi rejimli cəzaçəkmə müəssisində cəza çəkən Fateh hakimlər heyətinə ərizə ünvanlayıb. O, müdafiəçi tərəfindən verilən apellyasiya şikayətindən imtina etdiyini, şikayətinə baxılmasına xitam verilməsi barədə qərar qəbul edilməsini istəyib.
 
Hakimlər heyəti onun ərizəsini qəbul ediblər və apellyasiya şikayətinin baxılmasına xitam verilməsi barədə qərar qəbul olunub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər