Salyanda kişi keçmiş həyat yoldaşının qətlinə cəhd etdi: “Öldü, götürə bilərsiniz...” – TƏFƏRRÜAT
Kriminal
1748
06 Jan 2026 | 16:15

Salyanda kişi keçmiş həyat yoldaşının qətlinə cəhd etdi: “Öldü, götürə bilərsiniz...” – TƏFƏRRÜAT

Salyan rayonunda 1994-cü il təvəllüdlü Fəxrəddin qısqanclıq zəminində keçmiş həyat yoldaşı Günəşi (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, Fəxrəddin rəsmi qaydada boşandığı Günəşin başqa kişilərlə münasibət qurmasını, əxlaqsız həyat tərzi keçirməsini güman edib.
 
Bu davranışları özünün şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edən Fəxrəddin 2024-cü il dekabrın 31-də mətbəx bıçağı götürərək Günəşin yaşadığı evin qarşısına gəlib. Alış-verişdən qayıdan qadının qısa paltar geyinməsini, evə taksi maşınları ilə gəlməsini irad tutub.
 
Mübahisə zamanı bıçaqla Günəşin boyun və döş qəfəsinə zərbələr vurub. Qışqırıq səsinə adamların toplaşdığını görüb, qadının xəsarətlərdən ölə biləcəyini zənn edərək hadisə yerindən qaçıb.
 
Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Günəşin həyatı xilas olunub.
 
İstintaq orqanı tərəfindən Fəxrəddinin barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham olunub.
 
“Atası “görsəm, öldürəcəm!” deyə bildirdi”
 
Fəxrəddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Günəşlə 2016-cı ildə ailə həyatı qurub, iki övladları var: “Zəhmətkeş fəhlə kimi ailəmi dolandırırdım. 2023-cü ildə Günəşlə nikahımız pozuldu.
 
Bundan öncə, hələ evli olduğumuz 2022-ci il oktyabrın 19-da səhərə yaxın o, qızımı götürərək evin pəncərəsindən qaçmışdı. Onları axtarsam da tapa bilmədim. Valideynlərilə əlaqə saxlayanda onlar da yerini bilmədilər. Atası “öldüsə, qanını hala edirəm, mən də görsəm, öldürəcəm!” dedi”.
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, Günəş ondan ayrılandan sonra iki uşağını götürərək Xırdalan şəhərinə köçüb: "Məhkəmənin qərarı ilə şənbə və bazar günləri uşaqlarımla ünsiyyət hüququ əldə etdim, üç-dörd ay sonra uşaqlarımı yanıma gətirdim. Azyaşlı oğlumu danışdırdım. Anasının onları bir gün evdə tək qoyduğunu, ac qaldıqlarını bildirdi. Ata kimi bunlar mənə çox pis təsir etdi.
 
Uşaq sonrakı söhbətlərində daha ətraflı məlumat verdi. Evdə qeyri-etik hadisələrin baş verdiyini söylədi”.
 
Fəxrəddin qeyd edib ki, Günəş onun nüfuzunu, şərəf və ləyaqətini alçaldan hərəkətlər edib: “Guya mənim həmcinslərimlə cinsi əlaqədə olmağım barədə söz-söhbət yaydı. Gecə dənizdən gəldikdən sonra azyaşlı bir dostumun kürəyini qardaşyana ovxaladığım zaman videoçəkliş aparmışdı. Bütün bunlar böhtandır, məhkəmə qaydasında ona qarşı təzminat qaldırmaq niyyətindəyəm.
 
Uşaqlarımın valideyni kimi əxlaqsız hərəkətlərinə görə Günəşi cəzalandırmaq məqsədim olub. Əslində onun cəzası ölümdür. Öldürməyimə şərait olsa da, bunu etmədim. Niyyətim olsaydı, başını kəsərdim. Mən sadəcə Günəşi döymüşəm.
 
Həmin vaxt da əlimdə bıçaq vardı, Günəş əllərimi dişlədi, sinəmə vurmaq istəyəndə bıçaq üz səthinə dəydi. Yerdəki beton parçaları ilə qəsdən üz-gözünə xəsarət yetirdi.
 
Günəş hüquq-mühafizə orqanlarına əvvəllər də üç dəfə müraciət edərək, məni şərləməyə cəhd etmişdi”.
 
“Barışmaq istəyəndə başqa kişi ilə münasibəti olduğunu dedi”
 
Təqsirləndirilən şəxs bildirib ki, 2024-cü il dekabrın 31-də keçmiş arvadı Günəş onlara gəlib, uşaqlarla görüşüb: “Bir qədər sonra qızımla mağazaya getdilər. Həyətdə quş təsərrüfatı olduğundan kardon qutu kəsmək üçün əlimdə bıçaq həyətə çıxdım.
 
Həyətə düşəndən az sonra darvazadan maşın səsi gəldi. Çölə çıxanda Günəşlə qızımın taksidə gəldiklərini gördüm. Qızımı əlində çanta evə yola saldım. Günəş taksinin ödənişini etdi, sonra səs-küy salmağa başladı. Dedi, sənə deməmişəm, gözümə görsənmə, yaxşı kişi olsaydın, namusunu təmizləyərdin, məni öldürərdin. Mən isə “get, atan namusunu təmizləsin” dedim.
 
Ona evə bu şəkildə gəlməməyi bildirəndə ünvanıma söyüş işlətdi, döş qəfəsinə əlimdəki bıçaqla cızma kimi xəsarətlər yetirdim. Günəş özü isə beton parçası ilə özünə xəsarət yetirdi. Əlimdəki bıçağı yerə atanda qırıldı. Qırılmasaydı belə, onu vurmayacaqdım.
 
Əvvəllər Günəşlə barışmaq istəmişəm. O, imtina edib, başqa biri ilə qeyri-rəsmi münasibətdə olduğunu bildirib”.
 
“Məni öldürməklə, rüsvay eləməklə təhdid edirdi”
 
Zərərçəkmiş Günəşin sözlərinə görə, Fəxrəddinlə münasibətdə olduğu müddətdə şiddətə məruz qalıb, döyülüb, söyülüb: “Atam həbsdə olub, yaşadığım evə anam gəlib-gedirdi. Fəxrəddin dəfələrlə anamı evdən qovmuşdu. Məqsədi o idi ki, mənim üzümdə, gözümdə, boynumda olan yaraları görməsin”.
 
Zərərçəkmiş bildirib ki, 2022-ci il oktyabrın 8-də Fəxrəddinin mobil telefonunda öz həmcinsi ilə cinsi əlaqədə olduğu videonu görüb, videonu öz telefonuna göndərib: “Oktyabrın 14-də oğlumun beş yaşını qeyd etdik. Beç gün sonra qızımı götürərək evdən çıxdım və birlikdə Bakıya getdik.
 
Fəxrəddingilin təhdidləri bitmədi. Məni öldürməklə, rüsvay etməklə, uşaqlarıma həsrət qoymaqla təhdid etdikdə Daxili İşlər Nazirliyinə, həmçinin digər orqanlara şikayət ərizəsi yazdım. Fəxrəddinin atası da cinayətkardır, ayağında elektron qolbaq var”.
 
Zərərçəkmiş şəxsin ifadəsinə görə, 2022-ci ildə boşanıb və uşaqlarıyla Masazır qəsəbəsində “Yeni Bakı” yaşayış kompleksinə köçüb: “Dırnaq və saç qaynaq ustasıyam. İşləyərək uşaqlarımı saxlamışam”.
 
Günəşin sözlərinə görə, 2024-cü ilin 17-18 iyun tarixlərində uşaqları məktəbə başlayacaqları üçün qayınatasına təhvil verib, özü həftə sonları yanlarına gəlib-gedib: “Uşaqların bütün xərclərini özüm qarşılayırdım.
 
Dekabrın 31-də saat 12-13 radələrində Fəxrəddingilin qonşuluğunda olan Camal adlı sürücünün avtomobili ilə ailəli olarkən qaldığım evə gəldim. Uşaqlarıma tort və hədiyyələr almışdım.
 
Evdə yemək hazırladığım vaxt Fəxrəddin yuxudan ayıldı və söyüş söyməyə başladı. Ona evdə uşaqlar olduğunu bildirdim. O isə əksinə səsini yüksəltdi. Daha sonra atası ilə dava etməyə başladı.
 
Ayrılmağımıza baxmayaraq Fəxrəddinin anasına “ana”, atasına “ata” demişəm. Bu vaxt Fəxrəddinin içəridə atası ilə sözləşdiyini eşitdim. Daha sonra atası əlini sinəsinə vuraraq dedi ki, kişiliyin çatırsa, öldür, durmuşam arxanda. İçəri girərək zarafatla “kimi öldürürsüz yenə, məndən danışırsız?” deyə bildirdim. Sonra qızımı götürərək bazarlıq üçün Salyan şəhərindəki supermarketə getdim”.
 
“Öldü indi, götürə bilərsiniz” dedi”
 
Günəşin sözlərinə görə, bazarlıq etdikdən sonra qızı ilə taksidə evə qayıdıb: “Fəxrəddini həyət qapısının qarşısında dayanmışdı.
 
Qızı maşından düşürdü, sellofan paketləri əlinə götürdü.
 
Qızımızı içəri ötürdü, paketləri içəriyə qoyandan sonra qapını çöl tərəfdən bağladı. “Bu nə geyimdir, geyinmisən” deyə mənə irad tutdu. Əynimdəki paltarları göstərərək qapalı geyindiyimi dedim. Nalayiq sözlər işlətdi, başımın arxasından vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Bıçaqla boyun və ürək nahiyələrimə xəsarət yetirməyə başladı”.
 
Günəş qeyd edib ki, hazırda başında olan öz saçı deyil, parikdir, saçı əməliyyat vaxtı kəsilib: “Baş, göz, alın nahiyələrimdə olmaqla, bədənimdə altmışa yaxın tikiş var. Mənə bıçaq zərbələri vuran zaman özümü yerə buraxdım ki, öldüyümü zənn edib, məni buraxsın.
 
Ətrafdakı insanlar qışqırırdılar. Fəxrəddin adamlara yaxınlaşmamaları üçün nalayiq sözlər dedi, heç kim yaxınlaşa bilmədi. Sonra məni yerə buraxdı, öldüyümü düşündü. Ətrafdakılara məni göstərdi, nalayiq söz işlədərək, “öldü indi, götürə bilərsiniz” dedi”.
 
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Fəxrəddin 10 il azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
 
Məhkum edilmiş şəxs barəsində olan hökmdən apellyasiya şikayəti verib. O, hökmün ləğv edilərək daha ədalətli və humanist qərar qəbul edilməsini xahiş edib.
 
Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər