Masallı rayonunda 2000-ci il təvəllüdlü Sərxan yetkinlik yaşına çatmayan Kəmalə ilə intim münasibətdə olub, daha sonra isə dələduzluq edib.
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, 2023-cü ilin iyul ayında o, Masallı rayonunun kəndində fərdi yaşayış evinin həyətində Kəmalə ilə intim münasibətdə olub.
Yetkinlik yaşına çatmayan qıza qarşı bu hərəkətlərini həmin ilin sentyabrında atasına məxsus mağazanın anbarında, bundan başqa, Qumbaşı kəndinə gedən yolun kənarında avtomobildə davam etdirib.
2024-cü ilin mart ayının ortalarınadək müxtəlif ünvanlarda qızla yaxın münasibətdə olub.
İsatintaq sənədlərinə görə, Sərxan Kəmaləni özünün ağır xəstəliyə düçar olması, müalicəsinə və əməliyyatına xeyli pul lazım olması yalanına inandırıb və 2024-cü ilin martın 1-də ondan anası İlhaməyə məxsus 5.100 dolları alıb. Təkrarən eyni üsullarla qızdan daha 3.200 dollar da ala bilib.
Sərxanın barəsində Cinayət Məcəlləsinin 152.4.1 (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə), 178.2.2 (təkrar dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.
“Sınan su şüşələrinin pulunu verdi”
İş üzrə ifadə verən Sərxan ittiham üzrə özünü Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi ilə təqsirli bilməyib, dələduzluqla bağlı ilə verilən ittihamları isə qəbul edib.
O bildirib ki, 2023-cü il mayın 23-də Kəmalə rəfiqəsi ilə məktəbin arxasında yerləşən ailəsinə məxsus mağazaya gəlib:
“Mağazada lazımi malları aldıqdan sonra çantasından pul çıxarmaq istəyəndə çanta su şüşələrinə dəydi və iki şüşə yerə düşərək sındı. Kəmalə su şüşələrinin pulunu vermək istədi. Ona narahat olmamağı, aldıqlarının pulunu verməsinin kifayət edəcəyini dedim. O isə razılaşmadı, sınan şüşələrin pulunu verdi və videomüşahidə kamerasından qeydi ona göndərməyimi xahiş etdi.
Ondan video-qeydi istəməsinin səbəbini soruşdum. Bildirdi ki, videonu anasına göstərib, pulu sınan su şüşələrinə görə ödədiyini söyləyəcək. Sonra mobil nömrəsini verdi, video-qeydi votsap hesabına göndərməyimi istədi. Axşam onun xahişini yerinə yetirdim”.
“Mənim üçün nə edə bilərsən?”
Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət sonra telefonunda Kəmalənin paylaşdığı status diqqətini çəkib: “Kəmalə “bezdim daha, əl çəkin məndən, nə istəyirsiz canımdan, evdə sizin bacınız yoxdur?” yazısı ilə status paylaşmışdı. Statusa fikir bildirdim, ondan nəyə görə belə yazdığını soruşdum. O, aqressiv şəkildə “sənə nə?” cavabını verdi.
Kəmalənin əsəbi olduğunu bildikdə daha heç nə yazmadım. Aradan səkkiz-doqquz gün keçdikdən sonra yenidən Kəmalənin paylaşdığı statuslardan birini gördüm. O, həmin statusunda “daha yaşamaq istəmirəm, bezdim həyatımdan, rahat olun, öldürəcəm özümü” yazmışdı.
Bu dəfə də ona yazdım, yenə işinə qarışmamağımı bildirdi. Təkrar sual verdikdə bu həyata xoşbəxt olmaq üçün gəlmədiyini, hər gecə ağlamaqdan bezdiyini, atası olsaydı, heç kimin onu incidə və ya narahat edə bilməyəcəyini söylədi.
Kəmalədən onu kimin incitdiyini, niyə hər gecə ağladığını soruşdum. “Mənim üçün nə edə bilərsən?” - deyə cavab verdi. Kimlərin narahat etdiyini desə, əlimdən gələni edəcəyimi bildirdim".
Sərxanın sözlərinə görə, Kəmalə məktəbdə onu narahat edən oğlanlar barədə danışmağa başlayıb: “Mən də həmin oğlanları tapdım, bəziləri ilə danışmaqla, bəzilərini isə döyərək cəzalandırdım. Kəmalə oğlanların ondan üzr istədiklərini gördükdə mənə yaxınlaşdı və təşəkkürünü bildirdi. Beləcə, aramızda dostluq münasibəti yarandı. Bütün bunlar iki ay davam etdi”.
“Qızı narahat edən maştağalını tapdım”
Sərxanın bildirdiyinə görə, avqustun əvvəllərində Kəmalə ona Masallı rayonunun kəndində yaşayan Zaur adlı oğlanla sevgili olduğunu və Zaurun ondan yarıçılpaq şəkil istədiyini deyib:
“Yazışmaların ekran görüntülərini mənə göndərdi. Ona heç vaxt kiməsə şəklini göndərməməyi, oğlanların ondan istifadə etmək istədiklərini bildirdim. Zaurun nömrəsini alıb onunla telefonda danışdım. Məlum oldu ki, bu, Bakının Maştağa qəsəbəsində yaşayan Yunis adlı şəxsdir.
Ona Kəmalə ilə bağlı onunla danışmaq istədiyimi dedim və “konum” göndərdim. Üç gün sonra oğlanı taparaq döydüm, Kəmalədən uzaq durmağı tapşırdım.
Avqust ayının axırlarında Kəmaləyə dedim ki, həyatda heç vaxt bir qızı sevməmişəm, əzizləməmişəm. Sənin problemlərini həll etmək məni çox xoşbəxt edir və səni itirməkdən qorxuram, sənə saf sevgim yaranıb. O da mənə qarşı hissləri olduğunu söylədi”.
“Ailəsinin yanında çıxılmaz vəziyyətdə qalıb”
Təqsirləndirilən şəxs bildirib ki, Kəmaləyə onu görmək və üzündən öpmək istədiyini bildirib: “Kəmalə isə cavab verdi ki, axşam istəsən bizə gəlib, məni görüb, öpə bilərsən.
Axşam onlara getdim. Qapının qarşısında Kəmalənin üzündən və alnından öpərək qayıtdım. Növbəti gün yenə onlara getdim və həyətlərində olan taxta yelləncəkdə oturdum. Kəmalə həmişə başını mənim dizimin üstə qoyaraq saçını sığallamağımı, ona “mənim qızım” deyə müraciət etməyimi istədi.
Kəmalə ilə aramızda sevgi münasibətləri olub, cinsi əlaqəyə girməmişik. Ondan borc pul almışam. Mənə pul verdiyinə görə ailəsinin yanında çıxılmaz vəziyyətdə qalıb”.
Sərxan qeyd edib ki, Kəmalənin həyatda atasız böyüməsi qəlbində ona qarşı hədsiz mərhəmət hissi yaradıb: “Kəmalə psixoloq olmaq istəyirdi. Amma riyaziyyatdan çox zəifiydi. Hər gün Kəmalə ilə danışaraq dərslərinə kömək edirdim, ona riyaziyyatı öyrədirdim.
Kəmalə oktyabr ayından etibarən riyaziyyat və Azərbaycan dilindən məşğələyə getməyə başladı. Noyabrın ortalarında məktəbdən işlədiyim mağazaya gəldi, məni qucaqlayaraq ağlamağa başladı. “Sərxan, nə olar, məni heç vaxt buraxma, sənə bu həyatda çox ehtiyacım var, səni tanıdığım gündən çox xoşbəxtəm” dedi.
Bu sözlərdən kövrəldim, ona müxtəlif hədiyyələr aldım”.
“Dedi, ailən məni qəbul etməz”
Sərxan bildirib ki, dekabr ayının əvvəlində Kəmalə ona maşın sürmək arzusunda olduğunu bildirib və maşın idarə etməyi öyrətməsini istəyib:
“Kəmalənin məktəbə getdiyi bəzi günlərdə atama məxsus avtomobillə onu səhər saat 8 radələrində məktəb yolundan və ya yaşadığımız küçədən götürərək magistral yollarda avtomobil idarə etməyi öyrətdim.
Yanvar ayından etibarən Kəmalə sərbəst maşın sürürdü. Görüşdüyümüz vaxtlarda onu öpüb, qucaqlamışam.
Yanvar ayının axırlarında bacımın toyu olacağını, toyda Kəmalənin də olacağını və onu ailəmlə tanış edəcəyimi dedim. Kəmalə isə “sənin ailən heç vaxt məni qəbul etməz” kimi ifadələr işlətdi. Bu sözlərdən əsəbləşdim, ona iradımı bildirdim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, atası uzun illərdir ayaq və gözündə olan problemlərdən əziyyət çəkir, ömürlük birinci qrup əlildir: “Anam isə 2016-cı ildən şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Valideynlərimi mən müalicə etdirməli olmuşam. İşlədiyim telefon mağazasının qazancı müalicələrə yetmədiyi üçün fevral ayının ortalarında mərc oyunları oynamağa başladım.
Xırda pullar qoyaraq mərc oyunlarından az da olsa, pullar qazandım. Bu qazanc məni şirnikləndirdi, daha çox pul qoysam, daha çox qazanacağımı düşündüm. Buna görə xəstəliyimlə bağlı pula ehtiyacım yarandığı məzmumda altı nəfərə mesaj göndərdim. Mesaj göndərdiyim şəxslərdən biri də Kəmalə idi.
Ona da müalicəm üçün 6500 manat bir aylıq borc lazım olduğunu bildirdim, pulu mart ayının sonuna kimi qaytaracağımı dedim.
Martın 1-də Kəmalə mənə 5100 dollar pul verdi. Bundan sonra Kəmaləni məktəbə apardım. Daha sonra isə pulu bank kartına, kartından da mərc oyunlarına qoyaraq uduzdum. Uduzduğum pulu geri qazanmaq məqsədi ilə iki gün sonra yenidən Kəmalədən müalicəm üçün pul lazım olduğunu bildirdim. Martın 4-də Kəmalə mənə 3100 dollar verdi”.
“Mərc oyunlarına tövbə etdim”
Təqsirləndirilən şəxs qeyd edib ki, Kəmalənin dayısı Elxan onu yolda saxlayıb və nəyə görə Kəmaləni maşına götürdüyünü soruşub: “Kəmaləni yolda gördüyümü, onu da bacım uşaqları ilə birlikdə məktəbə apardığımı bildirdim.
Elxanla sağollaşdıq və mən işə gəldim. Axşam saatlarında Kəmalənin verdiyi pulu mərc oyunlarına qoyaraq uduzdum. Artıq mərc oyunlarının bir tələ, özümün də bu oyunların qurbanı olduğumu başa düşdüm. Martın 5-də mərc oyunlarına tövbə etdim. Sonrakı günlərdə Kəmalə mənimlə müalicəmlə maraqlandı, yenə pul lazım olsa, evlərində bir çanta qızıl olduğunu, onları da verə biləcəyini söylədi. Amma mən istəmədim, verdiyi pulları da qısa zamanda geri qaytaracağımı dedim”.
İş üzrə zərərçəkmiş Kəmalə ifadəsində Sərxanla tanışlığından, onunla dəfələrlə cinsi əlaqədə olmasından danışıb. Dələduzluqla bağlı da ifadə verib.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Sərxan 10 il azadlıqdan məhrum edilib. Əlavə cəza olaraq 2 il yetkinlik yaşına çatmayanlarla əlaqəli fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.
Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət hökmünün çıxarılmasını, digər ittiham üzrə, yəni Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının minimum həddində cəza təyin olunmasını xahiş edib.
Bu şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb və müdafiəçinin şikayəti qismən təmin edilib.
Təqsirləndirilən şəxsin 2 il müddətə yetkinlik yaşına çatmayanlarla əlaqəli fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib. Onun cəzası 7 il 6 aya endirilib.