Müstəntiq araşdırmadı, məhkəmə baxacaq - “Baksol”dakı ölüm işi üzrə qalmaqallı detallar
Kriminal
569
11:00, Bu gün

Müstəntiq araşdırmadı, məhkəmə baxacaq - “Baksol”dakı ölüm işi üzrə qalmaqallı detallar

Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə "Baksol" yolu ərazisində "Sab Azərbaycan"ın əməkdaşı Cümşüd Cümşüdlünün faciəli ölümündə təqsirli bilinən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək.

Qeyd edək ki, iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşərək ölən 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.

Ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.

Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, ötən məhkəmə iclasında Azər Cümşüdovun vəkili Anar Ramazanov vəsatətlə çıxış edib.

Vəkil bildirib ki, Azər Cümşüdovun bu işdə təqsiri yoxdur:

"Təqsirkar şəxsin müəyyən olunmasında biz özümüz də maraqlıyıq. Müstəntiq bu işdə bəzi sənədlərin araşdırılmasına hüquqi qiymət verməyib. 2025-ci ilin mayın 15-də həmin ərazidə çökmə müəyyən edilib və ərazi hasarlanıb, dayanıqlı işarələr qoyulub. Amma cinayət işinin materiallarından müəyyən edilir ki, cinayət işinin başlanmasında 10 mart tarixli əmrə istinad edilib. Qeyd olunan ərazidə işlərin görülməsi üçün 27 iyun tarixli əmrlə işin görülməsi barədə sənəd var. 10 mart tarixli sənədə necə istinad etmək olar? O zaman belə bir düşüncə yaranır ki, 10 mart əmri imzalanıb, 2 ay 5 gün sonra çökmə müəyyən olunacaq? Buna görə də qeyd etmək istəyirik ki, 10 mart əmri ilə işlərin görülməsi başqa ünvan üçün nəzərdə tutulub. 10 mart əmri ilə 27 iyun əmrinin heç bir əlaqəsi yoxdur.

Bundan başqa, Azər Cümşüdovun həmin ərazidə təmir işləri aparması mümkün deyildi. Çünki təmir işlərinin aparılması üçün vəsait ayrılmalıdır, buna dərkənar qoyulmalı idi. Azər Cümşüdov öz hesabına orada təmir işləri apara bilməzdi ki...

Hadisədən qısa müddət sonra ərazidə təmir işlərinin aparılması üçün təsdiq gəlib. İbtidai istintaq zamanı bu məsələ də araşdırılmayıb.

Bundan əlavə, iş materiallarına nəzər yetiriləndə görünür ki, ibtidai istintaq zamanı 10-a yaxın məsələ araşdırılmayıb. Bu məsələlərin də araşdırılması məhkəmə predmetinə aid deyil. Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, bu məsələlərin məhkəmə istintaqı zamanı araşdırılması mümkün deyil, həmin məsələlərə hüquqi qiymət verilməsi üçün iş prokurorluğa qaytarılmalıdır. Buna görə də işin icraatına xitam verilməsini, vəsatətdə göstərdiyimiz məsələlərin həll olunması üçün cinayət işinin prokurorluğa qaytarılmasını xahiş edirik".

Təqsirləndirilən Azər Cümşüdov deyib ki, martın 10-da olan əmr başqa ünvanda olan ərazinin təmiri üçün nəzərdə tutulub:

"Mayın 15-də hadisə baş verən ünvanda çökmə-çəpərləmə işləri aparılıb. Mən bu işlə bağlı müstəntiqə suallar verdim. Sualıma cavab verən olmayıb. Müdafiəçimin vəsatəti ilə razıyam".

Zərərçəkmiş Cümşüd Cümşüdlünün hüquqi varisi Fəridə Abbasova və onun vəkili Mədinə Zeynalabdin vəsatət etiraz etməyiblər. Onlar bu məsələni məhkəmənin mülahizəsinə veriblər.

Dövlət ittihamçısı Coşqun İsmayılov bildirib ki, vəsatətdə göstərilən məsələlərin məhkəmədə araşdırılması mümkündür. Onun sözlərinə görə, işə mahiyyəti üzrə baxılmalıdır ki, bu məsələlər həllini tapsın:

"Buna görə də işin məhkəmə baxışına verilməsinə maneə yoxdur. Əgər məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmasa, buna yekunda hüquqi qiymət veriləcək. Buna görə də vəsatətin təmin edilməməsini, işin məhkəmə baxışına verilməsini xahiş edirik".

Daha sonra hakim hazırlıq iclasının qərarını açıqlayıb. Təqsirləndirilən şəxsin vəkili tərəfindən verilən vəsatət təmin edilməyib, işin məhkəmə baxışına verilməsi qərara alınıb.

Link kopyalandı!
Son xəbərlər