Yasamal Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Elbəniz Muradın (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə bir il müddətə dövlət və yerli özünüidarə orqanlarında, həmçinin hüquqi şəxslərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə Elbəniz Murad 2 000 manat cərimələnib.
İstintaq materiallarına əsasən, Elbəniz Murad vəzifəli şəxs kimi tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edib və öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş özgə əmlakı mənimsəməklə zərərçəkmiş hüquqi şəxsə xeyli miqdarda maddi ziyan vurub.
Müəyyən edilib ki, təqsirləndirilən şəxs 2024-2025-ci illər ərzində Bakı şəhərində fəaliyyət göstərən MMC-lərdən birində baş mühasib vəzifəsində maddi məsul şəxs kimi işləyib. O, əmək müqaviləsinə əsasən, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə dair mühasibat uçotunun düzgün aparılmasına, maliyyə hesabatlarının vaxtında tərtib və təqdim edilməsinə cavabdeh olsa da, bu vəzifə öhdəliklərinin əksinə hərəkət edib.
İstintaqla müəyyən olunub ki, Elbəniz Murad cəmiyyət rəhbərliyinin müvafiq qərarı olmadan gücləndirilmiş mobil elektron imzadan istifadə edərək müəssisənin bank sistemindəki elektron kabinetinə daxil olub. O, təyinat hissəsində vəsaitləri guya "əməkhaqqı" və "mükafat" kimi göstərməklə informasiya resurslarına bilərəkdən yalan və təhrif olunmuş məlumatlar daxil edib.
Nəticədə cəmiyyətin hesablaşma hesabından əmək müqaviləsi ilə nəzərdə tutulmuş faktiki əməkhaqqından əlavə olaraq 42 581 manat 34 qəpik məbləğində pul vəsaitini öz adına açılmış bank hesabına köçürüb və həmin vəsaiti şəxsi ehtiyaclarına sərf etməklə mənimsəyib.
Bununla da, təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində MMC-yə 42 581 manat 34 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurulduğu müəyyən edilib.
Məhkəmə iclasında Elbəniz Murad ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib və ifadəsində uzun illərdir mühasib kimi çalışdığını söyləyib.
Təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu deyib, zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanı tamamilə ödədiyini və cinayət nəticəsində dəymiş ziyanın 25%-i məbləğində dövlət büdcəsinə ödəniş etdiyini açıqlayıb. Bu səbəbdən, o, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq olunmasını və işin icraatına xitam verilməsini məhkəmədən xahiş edib.