Sumqayıtda qısqanclıq üstündə qətl: “Artıq gecdir, bunu sən özün istədin” – TƏFƏRRÜAT
Kriminal
374
15:28, Bu gün

Sumqayıtda qısqanclıq üstündə qətl: “Artıq gecdir, bunu sən özün istədin” – TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1975-ci il təvəllüdlü Məhərrəm qısqanclıq zəminində həyat yoldaşı Gülarəni (adlar şərtidir – red.) qətlə yetirib.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, o, 1984-cü il təvəllüdlü arvadı Gülarənin başqa kişi ilə ona xəyanət etməsindən şübhələnib.
 
2024-cü ilin istintaqa məlum olmayan vaxtlarında mobil telefonunda səsyazma tətbiqini aktivləşdirib və gizlincə arvadının istifadəsində olan “Chevrolet Cruz” markalı avtomobilin sürücü oturacağının altına yerləşdirib.
 
Daha sonra səs yazısında arvadının başqa kişi ilə açıq intim və sevgi söhbətlərinə qulaq asıb. Arvadının xəyanət etməsinə əmin olduqdan sonra onu öldürmək qərarına gəlib.
 
Lakin həmin dövrdə əkiz övladlarının ali məktəbə qəbulu ərəfəsi olduğunu və hadisənin övladlarına pis təsir edəcəyini fikirləşərək niyyətini təxirə salıb. Sonralar isə övladları anasını tək qoymadığı üçün niyyətini reallaşdırmaq imkanı tapmayıb.
 
Son bir ay ərzində Gülarənin mübahisələri zamanı təhqiredici ifadələr işlədərək xəyanətini qəbullanması onda qıcıq yaradıb. Nəhayət, 12 fevral 2025-ci ildə saat 22:05-də Sumqayıt şəhəri, Yaşıl dərə massivində yaşadığı evdə arvadı ilə tək qalıb. Mətbəx otağından bıçaq götürüb və qonaq otağına, divanda oturaq vəziyyətdə olan Gülarənin yanına gedib.
 
Qadın ərinin əlindəki bıçağı görən kimi onun niyyətini başa düşüb və dönə-dönə aman diləyib. Məhərrəm həyat yoldaşının yalvarışlarına baxmayaraq, ona çoxsaylı zərbələr vurub. Gülarə aldığı zərbələrdən ölüb.
 
İstintaq orqanı tərəfindən Məhərrəmin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
 
“Kişilərlə yaxın münasibətini göstərən danışıqları vardı”
 
İş üzrə ifadə verən Məhərrəm ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, 2003-cü il də Gülarə ilə rəsmi nikaha daxil olub, 4 övladları var:
 
“2024-cü ilin əvvəlinə kimi mehriban ər-arvad münasibətimiz olub. Gülarə tibb bacısı işləyirdi. Təxminən 2024-cü ilin yanvar-fevral ayında axşam 21 radələrində arvadımın telefonuna tanımadığım şəxsdən “whatsapp” ani mesajlaşma vasitəsilə zəng gəldi.
 
Gülarədən kimin zəng etdiyini soruşduqda şübhəli cavablar verərək xəstəsinin zəng etdiyini bildirdi. İş yoldaşları ilə danışıqlarından onun mənə xəyanət etməsindən şübhələnmişdim. Gizlincə arvadımın istifadəsində olan “Chevrolet Cruz” markalı avtomobilin sürücü oturacağının altına telefonumu yerləşdirdim, səsyazan proqramı işə saldım.
 
Həmin gün Gülarə hansısa xəstəsinə baxmağa getmişdi, günorta evə qayıtdı. Telefonu avtomobildən götürdüm. Axşam Gülarə növbəyə gedəndən sonra evdə telefonun qeydə aldığım səsə qulaqlıqla qulaq asdım. Səs yazısında Gülarənin tanımadığım kişilərlə yaxın münasibətdə olmasını göstərən danışıqlar vardı".
 
“Səsə oğlanlarım da qulaq asdı”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, səs yazısına qulaq asdıqdan sonra hər üç oğlunu yanına çağırıb: “Onları da səs yazısına qulaq asdırdım. Əsəbi olduğum üçün analarını cəzalandıracağımı bildirdim. Böyük oğlumun mənimlə Gülarənin iş yerinə getməsini və anasından mobil telefonu götürərək mənə verməsini istədim.
 
Oğlum anasına zəng edərək səs yazısı barədə məlumat verdi, yanına gələcəyimizi və telefonunu götürəcəyimizi bildirdi. Gülarə telefonda ağlamağa başladı.
 
Oğlumla birlikdə xəstəxananın qarşısına getdik. Mən avtomobilimdə gözlədim. Oğlum anasının yanına gedərək telefonu istədi. Amma Gülarə telefonunu vermədi.
 
Gülarənin yanına özüm getmək istədim. Amma oğlumun çox qorxduğunu gördüyüm üçün fikrimdən daşındım və birlikdə evə qayıtdıq”.
 
“Etiraf etmədi”
 
Məhərrəmin sözlərinə görə, növbəti gün işə getdiyi üçün Gülarəni axşam evdə görüb: “Bu barədə söhbət etdik, səs yazısına da qulaq asdırdım. Amma Gülarə etiraf etmədi, açıq intim söhbətlər etməsinə baxmayaraq adi telefon danışığının olduğunu bildirdi. Mən də övladlarıma görə Gülarə ilə olan sözlü mübahisəsini çox davam etdirmədim. Çünki oğlanlarım analarını çox istəyirdilər, yaşları da az olduğu üçün analarının tərəfini tutdular.
 
Namusumu təmizləmək üçün Gülarəni öldürmək qərarına gəldim, amma övladlarım ali məktəbə qəbul ərəfəsində olduqları üçün heç nə etmədim. Daha Gülarə ilə bu barədə danışmadıq. Boşanmasaq da faktiki ər-arvad münasibətlərinə son qoyduq”.
 
“Divanda oturub kinoya baxırdı”
 
Təqsirləndirilən şəxs bildirib ki, 2025-ci ilin fevralın 12-də səhər saat 07:30-da evdən çıxaraq işə gedib və saat 21:05-də yaşadığı evə gəlib: “Mən gələndə Gülarə və iki oğlum evdəydi. Uşaqlar dostları ilə görüşəcəklərini dedilər və “Chevrolet Cruz” markalı avtomobillə getdilər.
 
Gülarəni öldürmək istəyimi həyata keçirmək qərarına gəldim. O, qonaq otağında divanda telefonunda kinoya baxırdı. Mətbəxə keçdim, bıçağı götürüb dərhal qonaq otağına daxil oldum. Gülarə əlimdə bıçağı görən kimi oturaq halda üzü mənə tərəf döndü. Onu öldürmək istədiyimi başa düşüb qışqırmağa başladı. “Artıq gecdir, bunu sən özün istədin” dedim. Əlimdə bıçaq tutaraq onu boğub öldürdüm.
 
Döşəmənin üzərində olan bıçağı götürdüm və mətbəxə keçdim. Sonra könüllü təslim olmaq üçün Sumqayıt Şəhər Polis İdarəsinə getdim. Törətdiyi əməl barədə məlumat verdim”.
 
İş üzrə zərərçəkmiş Gülarənin hüquqi varisi qismində oğlanlarından biri tanınıb. O, atasına qarşı şikayəti olmadığını, amma barışıq əldə etmədiyini də deyib.
 
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib və 10 il 6 ay azadlıqdan məhrum edilib. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
 
Lakin zərərçəkmiş şəxsin hüquqi varisi bu cəza ilə razı olmayıb. Şikayətində göstərib ki, birinci məhkəmə instansiyası cinayət işində olan ağırlaşdırıcı halları nəzərə almayıb.
 
Hüquqi varis olan oğul qeyd edib ki, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində xüsusi amansızlıqla adam öldürməyə görə daha ağır məsuliyyət nəzərdə tutulur və bu hal cəzanın yüngülləşdirilməsinə deyil, ağırlaşdırılmasma əsas verir.
 
Hüquqi varis atasının cəzasının ağırlaşdırılmasını tələb edib.
 
Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Link kopyalandı!
Son xəbərlər